“İslam dininin simvolu bayrağımızda öz əksini tapdı”
27 may 2013 10:09 (UTC +04:00)

“İslam dininin simvolu bayrağımızda öz əksini tapdı”

Mayın 26-da “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci il dönümü ilə bağlı “Müstəqilliyimizdə şəhidliyin rolu” adlı tədbir keçirib. Tədbirdə çıxış edən Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycanın müstəqilliyinin qorunmasında şəhid olan bacı və qardaşlarımızın müstəsna rolu var. Onun sözlərinə görə, bu gün işğal altında olan torpaqlarımız azad olmayınca, dövlətimizin ərazi bütövlüyü təmin olunmayınca şəhidlərimizin ruhu rahatlıq tapmayacaq.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cahandar Əlifzadə Xalq Cümhuriyyətinin formalaşmasında o dövrün dindarlarının yaxından iştirakını qeyd edərək bildirib ki, bunun nəticəsi olaraq İslam dininin simvolu bayrağımızda öz əksini tapdı. O, Qarabağ müharibəsində ölkənin dini cameəsinin önündə gedən Qarabağ seyidlərinin müstəsna xidmətlərinin olduğunun şahidi olduğunu vurğulayıb.

 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, Qarabağ torpaqlarının işğaldan azad olunması dövlətçiliyimizin qorunması ilə yanaşı, şəhid ailələrinə, qazilərə diqqət və qayğı daha artırılmalıdır.

 

Tədbirdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədr müavini Xanım Qasımova və birliyin gənclər şöbəsini rəhbəri Elvin Süleymanov, ilahiyyatçı Hacı Şahin Həsənli, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Azərbaycanın Milli Qəhrəmanı şəhid Elxan Yusifovun oğlu Sənan Yusifov çıxış edərək, müstəqilliyimizin əldə olunmasında şəhidliyin rolundan danışıblar.

 

Tədbirin sonunda müstəqilliyimiz uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunaraq ehsan süfrəsi verilib.

 

Qeyd edək ki, tədbirdə Nizami rayon 220 saylı tam orta lisey-məktəb, Ağdam rayon 32 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya iştirakçılara təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar