Aprelin 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib. ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Fəxri xiyabanı ziyarətlə başlayıb. Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. O qeyd edib ki, H. Əliyevin rəhbərliyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa müddətdə öz müsbət nəticəsini göstərib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov Heydər Əliyevin hələ o dövrdə pambıqçılıq və üzümçülük sahəsində apardığı islahatlardan danışıb. Bildirib ki, bu gün ölkədə aparılan torpaq islahatları Heydər Əliyevin yaratdığı torpaq islahatı modeli kimi qəbul edilir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinə diqqət çəkən komitə sədri bildirib ki, müasir aqrar siyasət prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gələcəkdə ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunmaqla respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcək. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov prezident İlham Əliyevin 2003-cü ildən indiyədək respublikanın aqrar bölməsinin inkişafı üçün müəyyən etdiyi dövlət siyasətindən danışıb.