Yanvarın 29-da «Caspian plasa»da Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə “Gürcüstan əsilli soydaşlarımızın miqrasiya problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə müxtəlif Qeyri-Hökumət Təşkilatların nümayəndələri, ziyalılar, gənclər və başqa şəxslər iştirak edib.
Qurumdan Lent.az-a verilən məlumata görə,tədbiri giriş sözü ilə açan BAO başqanı Zahir Əlisoy Gürcüstandakı soydaşlarımızın problemlərindən danışıb. Gürcüstan türklərinin problemlərinin həll olunmadığını, Azərbaycan Respublikasının sərhəd- keçid məntəqələrində problemlərin hələ də qaldığını qeyd edib.
O, sərhəd -keçid məntəqələrində gərginlik hələ də davam edir. Minlərlə insan cərimələnib. Cəriməni ödəməyə iqtisadi vəziyyətləri imkan vermir.Gürcüstanın keçmiş prezidenti Qamsaxurdiya dövründə 37 min adamın deportasiya olunduğunu, heç bir statusa malik olmadıqlarını, qarışıq ailələrin vətəndaşlıq məsələlərinin hələ də qaldığını, əmək vizasının 1200 manat olması, Azərbaycanda hərbi xidmət keçən, Qarabağ döyüşlərində iştirak edənlərin də vətəndaşlıq ala bilməməsindən danışıb.
Daha sonra professor Hidayət Nuriyev, Gürcütsan-Azərbaycan əlaqələr Cəmiyyətinin sədri Əli Xəlilli, tədqiqatçı alim Asəf Ozan, zərərçəkən Şahin Novruzov, professor Niyazi Mursaqulov və başqaları mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Müzakirələrdə Gürcüstanın türklər yaşadığı bölgələrə sərmayə qoyulması, soydaşlarımızın milli təhsil alması üçün uyğun ali təhsil ocağı açılması,güzşətli şərtlə pedoqoji kadrlar hazırlanaraq, Gürcüstandakı milli məktəblərə göndərilməsi, Qarabağ müharibəsində iştirak edən və Azərbaycan ordusunda hərbi xidmət keçənlərə Azərbaycan vətəndaşlığı verilməsi, Qamsaxurdiya dövründə Gürcüstan dövlətindən deportasiya olunanların statusunun müəyyənləşdirilməsi və başqa təkliflər səslənib.
Sonda QHT və ziyalılardan ibarət işçi qrup yaradılıb.