“Evli qadına demisən, gəl məni kəndirlə bağla…” - <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">XII BÖLÜM
29 may 2019 20:15 (UTC +04:00)

“Evli qadına demisən, gəl məni kəndirlə bağla…” - Bulud Qaranın gündəliyi XII BÖLÜM

Əvvəli: https://lent.az/news/315413

 
12-ci hissə
 
Manyak psixoloqun fantaziyaları
 
 
Gələn adam artıq əlini zəngdən çəkmişdi, indi o qapını zərblə döyür, açmağımı israrla gözləyirdi.
 
 

- Açıqdır, gəl! – dedim və toparlanıb, üst-başımı səliqəyə salmağa çalışdım.

 

Kim idisə, səsimi eşitmədi, eyni zamanda həm qapını döyməyə, həm zəngi çalmağa başladı.

 

Birtəhər dəhlizə çıxıb, əlimi dəstəyə uzadaraq, özümə sarı çəkdim. Lakin qapının açarlanmış olduğunu görüb, təəccübləndim. Sənubər gedəndə qapını eləcə örtmüşdü. Demək, qapını mənim əllərimdəki ipi kəsən adam açarlamışdı. Leyladan başqa kimsə ağlıma gəlmirdi, çünki monitordakı “HƏR ŞEY YAXŞIDIR” cümləsi də, duyduğum xəfif yasəmən qoxusu da ancaq ona aid ola bilərdi.

 

Açarı axtarmağa başladım. Nə dəhliz dolabının üstündə, nə yerdə görmədim. Yadıma düşdü ki, mən dünən evə gələndə qapım artıq açıq idi və Sehrbaz evimin içində məni gözləyirdi. Cəld əlimi şalvarımın arxa cibinə atıb, açarı götürdüm. Qapını açmağımla Gülnarın özünü evə atması bir oldu. Salamsız-kəlamsız, qəzəbli halıyla məni kənara itələyib, qonaq otağına keçdi. Qapını örtüb, onun ardınca gəldim.

 

- Nolub, xalaqızı, bu necə gəlməkdir?

 

Gülnar otağın ortasında dayanıb iyrənə-iyrənə ətrafa göz gəzdirməyə başladı. Divandakı bir-birinə dəyib dağılmış yastıqları, jurnal masasının üstündəki qəhvə fincanını, böyrüstə düşüb qalmış stulu, yerə dağılmış ipləri bir-bir nəzərdən keçirib, ikrahla mənim üzümə baxdı.

 

- Kül sənin pasientlərinin başına! Bu imişsən sən?

 

- Başa düşmədim. Nə olub? - Divara söykənib, stulu yerdən götürdüm və birtəhər oturdum.

 

- Hələ bir soruşursan da? Bu nədi? Niyə belə eləmisən?

 

- Neyləmişəm? – divanı göstərdim, - bəlkə oturasan, adam kimi danışasan, görüm nə deyirsən?

 

- Oturum? Mən? Bu murdar divanda? Sən bura allah bilir nə qədər...

 

Gülnar özünü birtəhər saxladı, sözünün ardını gətirmədi. Mən isə onun demədiyi kəlmələri xəyalən eşitdim: “...qəhbə gətirib oturtmusan”.

 

- Yaxşı, oturma, - mətbəxə işarə etdim, - get çay dəmlə, ya qəhvə, oradan peçenye də gətir, atım ağzıma, özüm heç nə eləyə bilmirəm, ölürəm halsızlıqdan, hələ işə də getməliyəm.

 

- Nə??? - Gülnar əlləri belində, qəzəblə başını bulaya-bulaya otağın ortasında var-gəl edirdi, - Sən necə adam imişsən! Mən səninlə fəxr eləyirdim e! Fəxr eləyirdim!

 

- Neyləmişəm axı? Niyə mənimlə belə danışırsan?

 

- Hələ bir soruşursan da? Sən adi bir manyak imişsən ki! Utanmırsan, camaatın ərli-ailəli arvadına demisən ki gəl evdə səni müayinə eləyim, sonra da içirdib demisən gəl məni bağla, belə elə, elə elə? Utanmırsan?

 

- Nə danışırsan sən? – beynim dumanlandı.

 

- Yox, mən başa düşürəm, sən məşhur qadınsevərsən, filan-bəsməkan. Sən də, sənin o dostun daaa (burada Gülnar axırıncı “a”nı uzatdı və o anlarda xəyalən mənim dostum Surxayı şillələdi, təpiklədi, canını ağrıtdı, sevişdiyi hər qadına görə ona bir xəncər vurdu, yenə də ürəyi soyumadı və Surxaya qarşı hiss etdiyi qısqanclıqla nifrətin qarışığı olan üz ifadəsi ilə mənə baxdı)... Amma evli qadına o təklif nə deməkdir? Sənubər sənin üçün nə olmuşdu? Elə bildin sənin o filankəslərin kimidi? Bəs yazığın gəlmədi ona? Demirsən ki, əri var, qurulu evi var, dağılar qalar ortalıqda? Yiyə çıxarsan ona sən? Alarsan onu? Hə?

 

- Nə deyirsən e sən? Nə Sənubər? Nə almaq? Açıq danış görüm nə olub?! Bax hirslənirəm ha!

 

Mən səsimi qaldırdım və Gülnar avtomatik olaraq səsini kəsib, sakitcə divanda əyləşdi. Amma orada əyləşəndə də gözləri mənim yanımdakı iplərdə qala-qala ufuldadı, hirslə əllərini üzünə sıxıb dayandı.

 

- De görüm! – sərt halda dedim.

 

Əllərini üzündən çəkib danışmağa başladı...

 

Vay vay!

 

Deməli, məni əllərim-ayaqlarım bağlanmış vəziyyətdə saxlayıb gedəndən sonra Sənubər gecəni yatıb, səhər oyanan kimi də cumub mənim xalaqızımın yanına, dünən baş verənlərin alternativ variantını uydurub ona necə danışıbsa, xalaqızım da onu evdəcə buraxıb, dərhal mənim yanıma gəlib.

 

Dünən baş verənlərin alternativ variantı isə bundan ibarət idi:

 

Sənubər mənim yanıma pasient kimi gəlib, mən onun problemlərini dinləmişəm. Ona sakitləşdirici həb vermişəm, sonra demişəm ki, xalaqızım Gülnara görə onu özümə çox yaxın biri olaraq hiss edirəm və yaxşı olar ki, mənim evimə gəlib daha effektiv seanslar keçirməyimə razı olsun. Sənubər də evində öz əri ilə yaşadığı şəxsi psixoloji-mənəvi problemlərinə görə artıq intihar həddinə çatdığı üçün və and olsun Allaha, ancaq mənim xalaqızım Gülnarın xətrinə bu təklifimlə razılaşıbmış. Həm də xalaqızım Gülnar həmişə məni onun üçün tərifləyirmiş axı, vicdanlı, savadlı, əxlaqlı, alicənab bir adam olduğumu az qala hər gün Sənubərə deyirmiş. Düzü, həm də Sənubər elə bilirmiş ki, mənlə Gülnar bir-birimizi sevirik və hardan ağlına gətirə bilərmiş ki, mən Gülnar kimi bir qızın sevgisindən kənara, başqa qadınlara gözümün ucuyla baxa bilərəm? Allaha and olsun ki, Sənubər ağlına heç bir pis fikir gətirmədən mənim evimə gəlməyə razılıq veribmiş. Amma bir şərtlə! Gülnar da burada olmalıymış. Mən də bu şərtə razılıq verdiyim üçün Sənubər işdən sonra əmin-arxayın halda mənim evimə gəlibmiş. Xalaqızım Gülnarı görməyəndə ürəyi bir azca titrəyibmiş, amma mən onu inandırıbmışam ki, Gülnarla indicə danışmışam və uzaqbaşı on beş dəqiqəyə burada olar. Biz də vaxt itirmədən seansa başlamalıymışıq. Və mən öz idbar seansıma başlamışam...

 

- Dedi ki, qəhvə gətimisən ona, - Gülnar masanın üstündəki fincana işarə etdi, - sonra o qəhvəyə nə qatmısansa, qız onu içən kimi halı özündə olmayıb, başlayıb zombi kimi sənin bütün dediklərini eləməyə. Sən də...

 

Mən də “qızın” əynini soyundurmuşam, onunla divanda sevişməyə cəhd etmişəm, lakin “qızın” huşu azacıq özündə imiş deyə, mənə mane olubmuş, axı insanın vicdanı, əxlaqı heç bir içkidən-dərmandan sönə bilməz. Sənubərin də vicdanı-əxlaqı sönməyibmiş, birtəhər özünü toparlayıb artistlik etməyə məcbur edibmiş özünü, bircə buradan sağ-salamat çıxıb gedə bilsin deyə, özünü mənə təslim olmağa hazır kimi göstəribmiş. Çünki mənim onu öldürə biləcəyimdən qorxubmuş. Axı mən manyak kimi aparırmışam özümü, Sənubəri dişləyirmişəm, sıxırmışam, hələ ona deyirmişəm ki, razılaşsın, indi mənim dostlarım da gələcək, birlikdə... o qədər çimdikləmişəm ki onu! Hətta boynunda, qollarında, sinəsində izlər, ləkələr də qalıb. Aman Allah, nə yaxşı ki, əri bu həftəni gəmidə olacaq, yoxsa bu ləkələri görsə, mənim sağ tikəmi Sənubərin qulağı boyda edəcəkmiş, elə Sənubərin də başını kəsəcəkmiş. Sənubər məndən elə pis qorxubmuş ki!

 

- Mən onu öldürəcəkmişəm?

 

- Hə də, - Gülnar yerdəki iri qayçını göstərdi, - bude, bundan qorxub da yəqin. Bu iplərlə də...

 

- Nə? Bu iplərlə neyləmişəm?

 

- Nə bilim? Demisən bağla mənim əl-ayağımı, ağzımı da skotçla, sonra zorla məni.

 

- Neylə məni?

 

- Zorla da... – Gülnar mızıldanıb utanaraq üzünü yana çevirdi, ayağa durdu, - mən gedim e. Öldüm yerə girdim sənin əvəzinə xəcalətdən.

 

- Və?

 

- Və heç nə. İçmə də zəhrimar araq-filanı sən. Bax indi olmasaydı Sənubər, olsaydı başqa biri, səni videoya zada çəkib rüsvay eləyərdi internetdə, karyeran da məhv olardı, adamlığın da. Hələ o qız abırlı çıxıb ki...

 

- Gülnar...

 

- Nə isə! Mən bura ona görə gəldim ki... Sənubər dedi, səni bağlayandan sonra yaxşıca nəyi var təpikləyib, başını da çırpıb divara, sonra qaçıb burdan. Sən də qalmısan köməksiz halda, qapı da açıq. Dedi, o içib özünü idarə eləyə bilmirdi, mənim vicdanıma nə olub bəs? Get kömək elə xalan oğluna.

 

- Həə....belə deee....

 

Məni birdən elə pis gülmək tutdu ki!

 

Axx, qadınlar!

 

Deməli, Sənubər məni xilas etmək üçün bu boyda nağıl uydurub Gülnara danışmışdı, onu mənim əl-qolumu açmaq üçün bura göndərmişdi. Üstəlik də nağılı elə uydurmuşdu ki, həm ehtimal etdiyi Gülnarla mənim sevgili olmağımızı zədələsin, həm də mənim rəğbətimi qazansın.

 

- Hırıldama e! Yekə adamsan! Yığışdır buraları da! Mən getdim!

 

Gülnar gəldiyi sürət və qəzəblə də çıxıb getdi.

 

Qapını açarlayıb qonaq otağına keçdim, stulu çəkib kompüterin qarşısında oturdum. Monitor artıq qaralmışdı. Açıb yenidən baxdım iri hərflərlə yazılmış mesaja: “HƏR ŞEY YAXŞIDIR”.

 

Əllərim klaviaturanın üzərinə qapandı, barmaqların düymələrin üzərində gəzdi.

 

Bir kəlmə yazdım: “HARDASAN?”

 

Sonra duş alıb təmiz paltar geyinərək işə yollandım. Bədənim azacıq ağrısa da, duşdan sonra ümumən özümü yaxşı hiss edirdim. Odur ki, işə gecikmiş olsam da, bütün pasientlərimi qəbul edib, yola sala bildim.

 

Axşam isə Surxayla həmişəki pivə məkanımızda son yenilikləri bölüşürdük. Surxay deyirdi ki, Sehrbazın holdinqi yanıb kül olub, söndürə bilməyiblər. Yanğına da səbəb elə Sehrbazın özü olubmuş. Çəkdiyi siqareti hirsli başla otağa tullayıb, harasa tələsik çıxıbmış, iş vaxtı da bitibmiş deyə, yanğından çox gec xəbər tutublar.

 

- Tofiq nə deyir?

 

- Tofiqin başı batsın. Keçmiş sevgilisi tapılıb, başı qarışıb ona. İki gündür telefonu məşğul, özü də itkin.

 

- Hansı, o iki gündən bir damarını kəsənə?

 

- Həə, - Surxay güldü.

 

- Dəhşət... – gülüb başımı buladım, ətrafa boylandım və...

 

Və Leylanı gördüm.

 

O, salonun qapısından içəri daxil olub, administratorla nəsə danışdı, sonra bir ofisiant oğlanın arxasından oğrun-oğrun o yan-bu yana baxa-baxa yanımızdan keçdi. Saçlarını kəsdirmişdi. Qara eynək vardı gözlərində. Əyninə isə tünd göy rəngli uzun, dar don geyinmişdi. Yanımdan keçib qapalı kabinetə sarı gedəndə donunun arxasındakı kəsikdən ayaqları görünürdü.

 

- Uyy daaa... – Surxay gözünü Leylanın arxasından çəkə bilməyərək fısıldadı.

 

Mənsə heç nə deyə bilmədim.

 

Nəfəs belə almadan, yerimdə donub qalmışdım.

 

Leyla mənim iki addımlığımda idi...

 

(Davam edir...)

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4604
avatar

Bulud Qara

Oxşar yazılar