“Onu lüt soyundurmuşdular, oğlanlardan biri də...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">XI BÖLÜM
22 may 2019 20:15 (UTC +04:00)

“Onu lüt soyundurmuşdular, oğlanlardan biri də...” – Bulud Qaranın gündəliyiXI BÖLÜM

 

Əvvəli: http://news.lent.az/news/314621

 
11-ci hissə
Sənubərin çılpaqlığı
 
 
Gözlərimi möhkəm-möhkəm sıxıb, hirsimdən çabalayırdım, lakin əlimdən heç nə gəlmirdi. Qollarım, ayaqlarım, ağzım bağlı idi. Sehrbaz isə saçımı tumarlayıb, elə hey “bax, əla mənzərədir, sonra oturub bunun rəsmini də çəkərsən, təsəvvür elə, zorlanmış qadın tablosu” - deyirdi.
 
 
İyrənc it! O mənim rəsm çəkmək azarımı da bilirdi! Halbuki mən rəsmlərimi heç vaxt yaşadığım mənzildə çəkmirdim, onları şəhərin başqa səmtində kirayələdiyim ayrıca mənzildəki emalatxanamda hazırlayırdım. Və bunu təkcə Surxay bilirdi. Başqa heç kim!
 
 
- Aç gözlərini! Aç! – Sehrbaz mənim kəkilimdən tutub yuxarı çəkdi. Ağrıdan və nifrətdən daha möhkəm sıxdım gözlərimi.
 
 
Sehrbaz həyatının ən murdar məqamlarından birini yaşayırdı və bu dəqiqələrdə öz murdarlığına bu otaqda olan hər kəsi də iyrənmədən bulaşdırırdı. Mən, üstümə bir-birinin ardınca atılıb qalan paltarların Sənubərə aid olduğunu təxmin edirdim. Hirsimdən ağlamaq istəyirdim, onu da bacarmırdım.
 
 
- Eləməyin, nolar, yalvarıram, mənim ailəm var, ərim bilsə, sizi… - deyə Sənubər yalvarırdı.
 
 
- Sənin ərinin də… - oğlanlardan kimsə dedi.
 
 
Sonra Sənubərin qışqırığı gəldi və ardınca da bir-iki ədəbsiz söyüş və şapalaq səsi. Sənubər inildədi və səsi kəsildi. O an qeyri-ixtiyari gözlərimi açdım. Oğlanlardan biri qadının saçlarından tutub başını arxaya saxlamışdı, bir əliylə də döşlərini sıxıb ağrıdır, onu zorla öpməyə çalışırdı. Digəri onun əynində qalmış son alt geyimini dartışdırıb çıxarırdı. Sənubər bir əliylə sinəsindəki əli, digəri ilə baldırındakı əlləri özündən uzaqlaşdırmağa çalışırdı. Üçüncü oğlan isə öz əynini soyunmağa başlamışdı, kəmərini acırdı. Və Sehrbaz sol əlindəki telefonu ilə bütün bunları videoya çəkirdi.
 
 
Mən deyəsən ölmüşdüm.
 
 
Sənubərin o anlarda qəfildən mənim nəzərlərimlə qarşılaşan gözlərində öz öldüyümü elə dəqiqliklə gördüm ki…
 
 
- Nolar, kömək elə… - Sənubər son ümidlə yalvardı.
 
 
Qadın belədir. Son ümidi heç vaxt ölmür. Qarşısındakı kişinin meyitini də görsə, öldüyündən də əmin olsa, yenə son çarəsizliyini yaşadığı zaman o meyitə üz tutub kömək istəyə bilir. Hətta heç bir möcüzənin baş verməyəcəyini bütün varlığı ilə anlasa  belə…
 
 
Lakin möcüzələr olur.
 
Bunu bütün qadınlar da bilirlər yəqin.
 
Bilməsələr, bizdən qabaq ölərdilər, əminəm!
 
Bircə zəng.
 
Bircə telefon zəngi və bütün bu cəhənnəm əzabı bitdi.
 
Sehrbazın telefonu idi zəng çalan.
 
Hamı istər-istəməz o zəngə sarı çöndü.
 
 
Sehrbaz əli ilə hər kəsə ümumi bir “sakit” əmri verib ayağa durdu və eyvana çıxdı. Biz hamımız onun ardınca baxdıq.
 
 
- Kömək edin! – Sənubər ani qadın reaksiyası verdi telefon xəttinin o tərəfindəki məchul adamın varlığına.
 
 
O andaca kəmərini açan oğlan onun üstünə cumub ağzını sıxdı və otağa ölüm sükutu çökdü.
 
 
Eyvandan Sehrbazın səsi gəlirdi:
 
 
- Kim? Haçan? Gəlirəm bu dəqiqə!
 
 
O, otağa girib gödəkçəsini əyninə keçirtdi. Oğlanlara əmr verdi:
 
 
- Gedirik! Siz  çıxın! – sonra mənə sarı çöndü. – Bəs deyirdilər ateistsən?! Olmayan Allahın gör necə dadına çatdı ha!
 
 
O mənə bir təpik ilişdirib mənzildən ildırım sürətiylə çıxan oğlanların ardınca tələsdi. Qapının ağzında geri çönüb üzümə baxdı:
 
 
- Səndən arxayınam, bu halını heç kəsə deməzsən, - Sənubərə işarə etdi, - porsuğunu da özün başa sal!
 
 
Qapı çırpıldı.
 
 
Vəssalam.
 
 
Bu andan etibarən mən, qolları, ayaqları, ağzı bağlı, öz mənzilimin bir divarına söykənmiş halda, qarşımdakı divanda çılpaq halda üzümə baxıb tir-tir əsən axmaq bir qadınla tək qaldım.
 
 
Biz sakit-sakit bir-birimizə baxırdıq və mən başa düşməyə çalışırdım ki, bu halımızda, bu vəziyyətdə ikimizdən hansımız daha yazıq görünürük görəsən.
 
 
Ağzım bağlı olmasaydı, deyəcəkdim ki, Sənubər, əziz pasientim, dəyərli xalaqızımın rəfiqəsi, nə olar, başını bir az işlət və dur mənim üstümdəki paltarlarını yığ geyin əyninə, mənim də əllərimi aç, başıma bir çarə qılım.
 
 
Lakin bunları deyə bilmirdim, o da deyəsən anlamaq qabiliyyətində deyildi. Hətta bir anlıq mənə elə gəldi ki, qadın bu halımızdan çox da məmnundur. Hmmm… o deyəsən nə geyinmək haqda düşünürdü, nə mənim qollarımı açmaq. Eləcə qarşımda çılpaqca oturub üzümə baxırdı. Sonra isə nə etsə yaxşıdır? Ay olmayan Allah…o əlini saçlarına aparıb üzünün böyrünə düşən telini qulağının arxasına sıxdı, utancaq təzə gəlin baxışlarıyla mənə baxdı. Şokda idim. Bir qadın bu qədərmi sadiq qala bilər öz bədəninin diktələrinə? Bu halında da? Gözlərimin qarşısında üç kişinin təcavüzündən indicə xilas olmuş və qarşımda anadangəlmə lüt oturan Sənubər bu nə məsumluq jesti idi edirdi? Yox, mən deyəsən öz peşəmi yaxşı bilmirdim. O qədər pasienti hansı vicdanla qəbul edirdim elə isə? Saatlarla qəbul vaxtımı gözləyənlər, həyatlarındakı problemləri həll etmək üçün son ümidləri mənimlə söhbətləri olanlar, boşanmaqdan xilas etdiyim ailələr, boşanmağın labüd olduğunu anladıb xilas etdiyim insanlar… və Sənubər. Onun primitiv obrazının arxasından boylanan mürəkkəb qadın mahiyyətinin gizlinləri…
 
 
- Mən gedirəm! – birdən o ayağa qalxdı və mənə sarı gəlib, üstümə əyildi.
 
 
Saçları üzümə, döşləri dizlərimə toxundu, ürpəşdim. Üzümü yana tutdum və ayaqlarımı uzatdım. O isə üstümdəki paltarlarını bir-bir yığıb qucağına sıxaraq, mətbəxə keçdi. Pah atonnan! Mətbəxə keçdi ki, mənim yanımda geyinməsin, ayıbdır yəni. Vəssalam, atdım mən diplomumu da, kabinetimi də bu gündən!
 
 
Mətbəxdən qab-qacaq səsi də gəldi. Sənubər su, ya da çay içirdi. O an hiss etdim ki, mən də susamışam, dilim-dodağım quruyub bayaqdan yaşadığım stressdən. Ümidlə mətbəx tərəfə boylandım. Lakin qadın mənə su verməyi ağlına da gətirmədi. Mətbəxdən çıxıb, mənə yaxınlaşdı. Qarşımda çömbəlib oturdu. Sevindim. Demək, qollarımı açmağı düşünürdü. Əllərini əllərimin üstünə qoydu, üzümə sarı əyildi, dodaqlarını alnıma yaxınlaşdırdı. Nəfəsi üzümü yandırırdı. Deyəsən, soyuq tər basdı məni. Sənubər asta-asta alnımı, saçlarımı, gözlərimi öpdü. Sonra qulağıma pıçıldadı:
 
 
- Mən burda olmamışam, heç vaxt səni bu vəziyyətdə görməmişəm, o adamları da tanımıram, onlar da məni görməyiblər, anladın?
 
 
Axmaq qadın! O deyəsən bilmədi ki, Sehrbaz onu telefonla çəkirdi. Mənim isə bunu ona demək üçün ağzım açıq olmalıydı. Bircə əllərimi açsaydı Sənubər, mən qalan hər şeyi özüm həll edərdim. Lakin bunu etmədi. Eləcə məni otağın divarına söykənmiş halda saxlayıb getdi.
 
 
Başımı divara, ayaqlarımı döşəməyə çırpıb özümü daha artıq ağrıtmaqdan başqa nəsə edə bilmədim.
 
 
Bir yandan da televizorda oxuyub-oynayan toy müğənniləri sinirlərimi darmadağın edirdilər. Mənzildən hamının çıxıb getməsi sanki onlara daha geniş meydan vermişdi və heç vaxt izləyiciləri olmayan bir çarəsiz adama məcburən özlərini dinlətməkdən şövqə gəlmişdilər.
 
 
Düz səkkiz mahnı oxudular, dəqiq yadımdadır.
 
Səkkiz dəfə “indicə bitəcək” deyə ümidləndim çünki.
 
Sehrbaz bilsəydi ki, məni bu cür cəzalandırmaq mümkündür, başqa bir hoqqaya əl də atmazdı, əminəm.
 
Və səkkiz mahnıdan sonra on səkkiz reklam çarxı verdilər deyəsən.
 
Sonra isə… xəbərlər!
 
 
Ahaa!
 
Filan rayona yol xərcləri üçün filan qədər pul ayrıldı.
 
Filan ölkədə sel suları əhaliyə filan qədər ziyan vurdu.
 
Filan müğənni filan yerini kəsdirmək üçün filan qədər xərclədi.
 
Filan siyasətçi filan rəqibinə filan qədər səslə qalib gəldi.
 
Filan küçədə filan saatdan etibarən filan holdinq yanmaqda davam edir.
 
Necə, necə?
 
Sehrbazın holdinqi?
 
Demək buna görə zəng etmişdilər ona?
 
Demək buna görə tez-tələsik çıxıb getmişdi?
 
Nə baş verirdi axı?
 
Boğazım qurumuşdu tamam. Udqunmaq da olmurdu. Gözlərimi yumub xəyalıma sarı-sarı limon dilimləri gətirməyə çalışdım. Uşaq vaxtı anam öyrətmişdi bunu mənə. Susuz qalanda həmişə karıma gəlirdi. Limon dilimlərini gözlərimin qarşısına gətirən kimi turşməzə dadını hiss etdim və ağzım sulandı. Udqundum.
 
Sonra isə gözlərim yorğunluqdan və yuxusuzluqdan tamamilə yorulub yumulmağa başladı.
 
Bir azdan mən əlahəzrət Morfeyin yuxu məkanında dolaşırdım artıq.
 
 
***
 
 
Sahil idi. Dəniz idi. Mən idim. O idi. Leyla…
 
Külək saçlarını üzümə çırpırdı. Mən arxadan qucaqlamışdım onu. Əllərimi möhkəm-möhkəm sıxmışdı özünə. Xəfif yasəmən ətri gəlirdi üzümü sıxdığım boynundan…
 
 
***
 
 
Qapının zəginə oyandım.
 
 
Kim idi görəsən? Qapı axı bağlı deyildi, sadəcə örtülmüşdü. Mən indi evə oğrunun-quldurun da girməsinə razı idim, təki biri gəlib məni xilas edəydi. Heç olmasa əllərimi…
 
 
Birdən ayıldım ki, əllərim açıqdır. İplər qırıq-qırıq böyrümə, ayaqlarımın üstünə tökülmüşdü. Yerdə isə qayçı vardı.
 
 
Cəld qayçını götürüb ayaqlarımdakı ipləri də kəsib tökdüm. Ağzımdakı skotçu da qopardım. Qapının zəngi çalmaqda davam edirdi. Ayağa qalxanda bütün bədənim qəfil ağrıyla qovruldu. Divara qısılıb toparlanmağa çalışdım. Maraqla ətrafıma baxdım. Televizor sönülü idi. Kompüterin monitorunda isə iri şriftlərlə yazılmışdı: HƏR ŞEY YAXŞIDIR…
 
 
Otaqda xəfif yasəmən ətri vardı.
 
 
(Davam edir...)
 
# 5208
avatar

Bulud Qara

Oxşar yazılar