“Bu qış Bakının işıqla təminatında heç bir problem olmayacaq”
04 noyabr 2014 19:55 (UTC +04:00)

“Bu qış Bakının işıqla təminatında heç bir problem olmayacaq”

 

““Bakıelektrikşəbəkə” ASC qışın gəlməsini gözləmədən hazırlıq tədbirlərinə başlayır. Son 8 il ərzində “Bakıelektrikşəbəkə” tərəfindən həyata keçirilən tədbirlər sayəsində bu qış əvvəlki illərdən fərqli olaraq Bakı şəhərinin işıqla təminatında heç bir problem olmayacaq”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, son 8 ildə “Bakıelektrikşəbəkə” tərəfindən 23 ədəd 110 Boltluq yarımstansiya inşa edilib: “Son illər Bakının inkişafı ilə əlaqədar elektrik enerjisinə olan tələbatın artdığını nəzərə alsaq, şəhərin bütün rayonlarının ərazisində müasir tipli yarımstansiyalar quraşdırmışıq. Bunlardan “İçərişəhər” yarımstansiyasını, 203 və 204 saylı yarımstansiyaları, Xocasən yarımstansiyası, Xəzər rayonu ərazisində inşa olunan və xüsusilə sənaye obyektlərini keyfiyyətli və dayanıqlı enerji ilə təmin edən 62 ədəd 35 kilovoltluq yarımstansiyanı qeyd etmək olar. 20 min kilometrdən artıq yeni kabel xətləri çəkilib. Bakının küləkli şəhər olduğunu nəzərə alaraq tam izolyasiyalı kabel xətləri çəkilib, əksər yerlərdə hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz olunub. Bu sadalanan işlər nəticəsində “Bakıelektrikşəbəkə”nin gücü 90 faiz artıb. Əvvəlki illərdə qış gələndə xətlərdə yüklənmə olardı, gərginlik oynayardı, lakin son tədbirlər sayəsində bu problemlər aradan qaldırılıb. Əlbəttə qışın gəlməsi ilə enerjiyə tələbat daha da artacaq. Lakin biz cari hazırlıqlar görürük. Bütün rayonlardakı yarımstansiyalara baxış keçirilir”.

Tanrıverdi Mustafayev Avropa Olimpiya Oyunları ilə əlaqədar “Bakıelektrikşəbəkə” tərəfindən görülən işlər barədə də danışıb: “Həmin oyunların keçiriləcəyi ərazilərdə, yeni tikilən stadionlarda, idman komplekslərində son iki il ərzində aparılan yenidənqurma işləri ilə bütün ehtiyac olan tədbirlər həyata keçirilib. Buraya təkcə transformatorların yağının dəyişdirilməsi və ya yenidən inşa edilməsi yox, həm də ayda bir dəfə obyektlərin təftiş olunması da daxildir. Əvvəllər belə təftişlər zamanı uzunmüddətli fasilələr yaranırdı, lakin indi yaradılan dairəvi sxem sayəsində belə fasilə heç bir neçə dəqiqə də çəkmir, çünki yarımstansiyalar arasında əlaqə var. “Bakıelektrikşəbəkə” 20 oktyabrda 85 illiyini qeyd elədi. Bakı ətrafı kənd və qəsəbələrin bəzi yerlərində hava kabel xətlərinin yeraltı xətlərlə əvəz olunması, o cümlədən, ətraf kənd və qəsəbələrdə sayğaca qədər elektrik xətləri yenilənib. “Bakıelektrikşəbəkə”nin 850 mindən artıq abonenti var. 8 il müddətində 950 mindən artıq sayğaclar yenidən quraşdırılıb və dəyişdirilib. Bütün bu işlər zamanı elektrik enerjisinin texniki itkisinə yol verilirdi. Bu itki 16,8 faizdən 8,9 faizə qədər enib.

 

Elektron sayğaclar quraşdırılarkən Nəsimi, Səbayel, Nərimanov, Xətai və Nizami rayonları ərazilərində xətlər dəyişdirilib və 50 mindən artıq GSM tipli sayğaclar quraşdırılıb. Bu sistem vasitəsilə abonentin sayğacı birbaşa mərkəzdən idarə olunur. Bu sayğaclarda insan faktoru yoxdur. O cümlədən mobil telefonlar vasitəsilə də abonentlər öz sayğaclarını izləyə bilirlər. Abonentlər borcları, ödənişləri, sərfiyyatı ayda bir dəfə mobil telefon və kompüter vasitəsilə görə bilirlər. Bunun üçün abonentlər “Bakıelektrikşəbəkə” yəni, “bes.az” saytı vasitəsilə bütün ödəmələri olduğu yerdən gerçəkləşdirə bilərlər. Eyni zamanda hər hansı problem olarsa, nəinki təkcə “Bakıelektrikşəbəkə”nin abonentləri, digər istifadəçilər də 24 saat fəaliyyət göstərən 199 nömrəsinə müraciət edə bilərlər. Artıq qış aylarında “Bakıelektrikşəbəkə” rəhbərliyinin göstərişi ilə xüsusi növbətçilik rejiminə keçilir. Təkcə Bakı şəhərinin rayonları üçün yox, eyni zamanda rayondaxili enerji sahələri yaradılıb. Biləcəri, Qobustan, Ələt, Sulutəpə, Pirşağı, Maştağa, Binə, Zirə, Pirallahı qəsəbələrində əlavə satış sahələri yaradılıb”.

Tanrıverdi Mustafayev ödənişlərlə bağlı problemlərin həlli yollarına da aydınlıq gətirib: “Hər rayonun enerji təchizatı idarələrində abonentlərlə iş şöbəsi var. Nadir hallarda ödənişlərlə bağlı problem yarana bilər. Elektron ödəmə sistemində hər hansı yanlışlığın olması demək olar ki, yox dərəcəsindədir. Ödəniş vaxtı hansısa rəqəmin səhv yazılması üzündən ödənişin başqa hesaba köçürülməsi də abonent şöbələri tərəfindən dərhal araşdırılır. Bəzən heç abonentin idarəyə gəlməsinə ehtiyac olmur. Telefon zəngi ilə problemi asanlıqla həll etmək mümkün olur. Həm sayğaclarda, həm transformatorlarda həm də yarımstansiyalarda quraşdırılan avadanlıqlar hər biri qoruyucu vasitələrlə təchiz olunub. Pik saatlarda, hamının işdən evə gəldiyi vaxtda enerjinin artması və ya azalması ola bilər, lakin belə hallar araşdırılır və aradan qaldırılır.

Ümumi abonentlərin 2-3 faizi mövsümlə əlaqədar evdən köçəndə, yəni şəhər evindən bağ evinə, yaxud bağ evindən şəhər evinə köçəndə debitor borc yaranır. Lakin bu gün ödənişlərin ümumi həcmi 93-98 faizə çatıb. Rayonlar üzrə bu göstərici bəzən 100 faizə də çatır. Ödənişlər 10 gündən çox gecikərsə, xəbərdarlıq olunur və 3 gün vaxt verilir. Ödəniş 3 gün ərzində olmasa, lazımi tədbir görülür”.

Tanrıverdi Mustafayev mənzil-kommunal təsərrüfatı idarələrinin səlahiyyətində olan küçə işıqlandırılması məsələsinə də toxunub: “Küçə işıqlandırmaları subyektləri də bizim abonentlərimizdir. Bəziləri MKT idarələrini tərkibindədir. Bu gün həmin ərazilərin işıqlandırılması bizim səlahiyyətimizə daxil deyil. Həmin abonentlərlə bağlı ödəniş problemimiz yoxdur”.

Mətbuat xidmətinin rəhbəri yüksək gərginlik xətləri altında tikilən evlər məsələsinə də toxunub: “Bu, daim gündəmdə olan məsələdir. Belə hallar araşdırılır, evin əvvəldən tikilməsi, yoxsa elektrik xətlərinin sonradan çəkilməsi müəyyənləşdirilir. Belə evlər hamısı artıq uçota alınıb. Bizim ərazimizdə olan evlərlə bağlı xəbərdarlıq olunub. İmkan olan yerlərdə xətlərin yeri dəyişdirilib. Bu hallarda həm evin, həm də xəttin çəkilməsi asan məsələ deyil. Bununla bağlı qanun çərçivəsində tədbirlər görülür. Əsasən şəhərin ətraf qəsəbələrində belə hallar çoxdur. Ev tikilərkən əvvəlcə texniki şərt alınmalıdır”.

Tanrıverdi Mustafayev təmsil etdiyi qurumun əhalini maarifləndirmək məqsədilə sosial reklam çarxlarından istifadə məsələsinə də aydınlıq gətirib: “Enerji haqqını ödəmək baxımından qənaət tələb olunurdu. Bu gün hər kəs istifadə etdiyi enerjinin pulunu ödəyir. Qənaəti təbliğ etmək həmişə lazımdır. İndi artıq abonentlər özü qənaət etməkdə maraqlıdırlar. Lakin sosial reklamlar da vacibdir”.

Mətbuat xidmətinin rəhbəri elektrik sayğaclarında yaranan problemlərin həlli yoluna da toxunub: “Əgər sayğac mənzildən kənardadırsa, ayda bir dəfə əməkdaşlarımız bu sayğaca baxış keçirirlər. Əgər hər hansı qüsur aşkarlanarsa, buna görə akt tərtib olunur və sayğac laboratoriyada yoxlanılır. Lakin sayğacda problem müdaxilə nəticəsində olarsa, bu halda cavabdehliyi biz yox, abonent daşıyır. Axı bu müdaxiləni başqa kim edə bilər? Sayğaclar laboratoriyada abonentin iştirakı ilə yoxlanılır. Əlbəttə, idarə də öz məsuliyyətindən boyun qaçırmır. Lakin artıq belə hallarla çox az qarşılaşırıq. Çünki yeni çəkilən özündən izolyasiyalı xətlərə və yeni sayğaclara müdaxilə etmək qeyri-mümkündür. Əgər sayğacda qüsur abonentlə bağlı deyilsə, burada laboratoriya rəyi əsasında itirilmiş enerji sərfiyyatı bərpa olunur. Bəzən abonent uzun müddət evdə olmur, ödəniş olunmur, və ya sayğac həyətdə quraşdırılır və göstəricini qeydə almaq mümkün olmur. Belə hallarda yenə də sayğacın göstəricisinə əsasən dəqiq nəticəyə gəlmək olur. Abonent iki-üç aylıq evdə olmayacaqsa, ərizə ilə müraciət edib enerji verilişini dayandırmalıdır. Hər hansı cihazın, soyuducunun, telefonun və ya di bir lampanın söndürülməməsi ay ərzində borcun yığılmasına səbəb olacaq”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753
avatar

Oxşar yazılar