“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqları birgə Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım tədbiri keçirib. Təşkilatdan Lent.az-a verilən məlumata görə, tədbir ilk olaraq şəhidlərin ruhuna dualar oxunub.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şəqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Xocalıda baş verənlər Azərbaycan xalqının düşmənlərimiz olan ermənilər tərəfindən törədilən dəhşətli soyqırım aktıdır. Onu sözlərinə görə, 1992-ci ilin 26 fevralında baş verən bu soqyırım zamanı qocalar, qadınlar, uşaqlar düşmən gülləsi ilə şəhid olduğu kimi, həm də soyuqdan donaraq Uca Yaradana qovuşublar: “Bu hadisə Qarabağ müharibəsi zamanı dövlətimizin, millətimizin qarşılaşdığı ən böyük faciədir. Lakin bu gün elə vətəndaşlarımız var ki, Xocalıya, orada şəhid olanlara laqeyd yanaşır, hətta bu soyıqırımı inkar edir. Belə insanlara dövlətimizin və millətimizin varlığı adına imkan vermələliyik ki, Azərbaycana qarşı bu cür çirkin niyyətlərini həyata keçirsinlər. Eləcə də, Xocalıda, bütövlükdə Qarabağda şəhid olan bacı və qardaşlarımızın narahat ruhu torpaqlarımız işğaldan azad olunduqdan sonra sakitlik tapacaq. Bu gün məmləkət adına borcumuz Qarabağın azadlığı yolunda birgə mübarizə aparmaqdır”.
Tədbirdə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, ilahiyyatçı Ağa Hacıbəyli, tarixçi alim Dilavər Əzimli, şəhid ailələri, qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda şəhidlərin adına ehsan süfrəsi açılıb.