“Bəbirləri qoruyaq!” adlı növbəti yay düşərgəsi start götürüb 
23 iyul 2014 21:16 (UTC +04:00)

“Bəbirləri qoruyaq!” adlı növbəti yay düşərgəsi start götürüb 

İyulun 23-də IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” adlı II yay düşərgəsinə start verib.


 

APA-nın cənub bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Respublikanın Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə Masallı rayonunun Qəriblər kəndində həyata keçirilir.

 

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Sevinc Sarıxanovanın sözlərinə görə, 3 gün davam edəcək düşərgənin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və  onun mühafizəsi işinin təbliğ edilməsidir.

 

“Bəbirləri qoruyaq!” adlı II yay düşərgəsində məktəblilər bu nadir növün qorunması, insan və ətraf mühit kimi mövzularda seminarlar, bəbirlərin yaşadığı təbii ərazilərə ekskursiyalar, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.

 

Qeyd edək ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il  tarixində Lənkəran, Astara və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirakı ilə Masallı rayonunda təşkil olunub.

 

“Bəbirləri qoruyaq!” yay düşərgələri 7 may 2014-cü il tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan Qafqaz Biomüxtəlifliyi Sammitinin davamı olaraq həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar