“Bakıda binalar tək istiliklə deyil, isti su ilə də təchiz ediləcək”
12 noyabr 2014 18:37 (UTC +04:00)

“Bakıda binalar tək istiliklə deyil, isti su ilə də təchiz ediləcək”

 

“Qanunvericilikdə Bakı şəhərində mənzillərin və sosial obyektlərin 5 ay ərzində - noyabrın 15-dən aprelin 15-ə qədər qızdırılması nəzərdə tutulub. Lakin hava şəraitini nəzərə alaraq zəruri hallarda müvafiq icra hakimiyyətlərinin göstərişi ilə istilik təchizatı mövsümünün vaxtı dəyişə bilər”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin müştəri və abonent xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

“Azəristiliktəchizat” rəsmisi bu il hava şəraiti ilə əlaqədar bəzi obyektlərin qızdırlmasına tez başlandığını bildirib: “Bu il noyabrın əvvəlində havaların kəskin soyumasını nəzərə alaraq “Azəristiliktəchizat” ASC uşaq evlərinin, məktəb və uşaq bağçalarının, xəstəxanaların, təcridxanaların və həmçinin dağlıq rayonlardakı sosial obyektlərin istilik təchizatına başladı. Lakin rəsmi olaraq tam gücü ilə iş rejimi noyabrın 15-dən başlayacaq”.

Qonaq mənzildaxili istilik xətlərinin bərpası zamanı sakinlər arasında yaranan narazılığa da aydınlıq gətirib: “Uzun illər istilik sistemində fasilə olması sakinləri çoxunun təmir işləri zamanı mənzillərdəki köhnə istilik xətlərini ləğv etməsinə səbəb olub. Hazırda “Azəristiliktəchizat” tərəfindən istilik paylayıcı sistemlərin bərpası sakinlər arasında kütləvi tendensiya yaradıb. Demək olar ki, bizə hər gün mənzildaxili istilik xətlərinin bərpası ilə bağlı müraciətlər və şikayətlər olur. Nə qədər ki Bakı şəhərində bütün binalarda istilik xətləri tam bərpa olunmayıb, bu hallar çox olacaq. Qanunvericiliyə görə, mənzillərdə quraşdırılan mühəndis kommunikasiya xətlərini ləğv etməyə heç kəsin ixtiyarı yoxdur. Belə faktlarla bağlı bizim hüquqşünaslar məhkəməyə müraciət edirlər və xəttin bərpa olunması barədə məhkəmə qərarı verilir. Mənzildaxili xətlərdə baş verən hər hansı nasazlıq və ya xəttin bərpa olunması mənzil sahiblərinin öz hesabına olur, qanunvericilikdə bu işlər dövlət büdcə vəsaiti hesabına nəzərdə tutulmur. Bəzən sakinlər köhnə istilik xətlərinin istilikkeçiricilik keyfiyyətinin azalmasını nəzərə alaraq bütün xətləri öz hesablarına yeniləyirlər. Bu zaman qonşular özləri imkanı olmayan qonşunun mənzilində də problemi aradan qaldırırlar. İstisna hallarda bəzən Azəristiliktəchizat”ın daxili imkanları hesabına tərəfimizdən müəyyən dəstək göstərilir”.


Rafiq Əliyev istilik təchizatı üçün nəzərdə tutulan tarifin aşağı olduğunu deyib: “İstilik təchizatı tarifləri tənzimlənən qiymətlər siyahısına daxildir. Qiymət Tarif Şurası tərəfindən təsdiq olunur. Bu gün mənzillərin qızdırılması üçün ödənilən məbləğ hər kv/m üçün 15 qəpikdir, bu da demək olar ki, sərf olunan xərcdən bir neçə dəfə aşağıdır. Təxminən 60 kv/m mənzil üçün 7-8 manat məbləğ ödənilir. Fərdi şəkildə mənzilin qızdırılması bundan bir neçə dəfə baha başa gəlir. Hal-hazırda mərkəzləşdirilmiş istilik sistemi ən sərfəli, ən təhlükəsiz, ekoloji cəhətdən təmiz istilik növüdür”.


Qonağın sözlərinə görə, SSRİ dövründə istiliklə təmin olunan binaların hamısında istilik yenidən bərpa olunacaq: ““Azəristiliktəchizat” yarananda bütün respublikanın istilik təchizat sistemi layihəsini hazırlayıb hökumətə təqdim etdik. Bu gün hansısa binanın bizə müraciət etməsinə ehtiyac yoxdur. Bizim informasiya bazamızda əvvəl qızdırılan bütün binalar barədə məlumat var. Hazırda mərhələli şəkildə bu xətlərin bərpası həyata keçirilir. Son illər 350 istilik mərkəzi yaradılıb, 2000-ə yaxın binanın istiliklə təminatı bərpa olunub. Artıq Bakı şəhərində istiliklə təmin olunmayan məktəb yoxdur. Eyni zamanda, “Azəristiliktəchizat”ın mənbələrində istiliklə təmin olunması layihə üzrə nəzərdə tutulan bütün səhiyyə müəssisələri və uşaq bağçaları qızdırılır. Düzdür, layihə üzrə əvvəlcədən qızdırılması nəzərdə tutulmayan uşaq bağçalarına hazırda istilik verilmir. Lakin biz həmin uşaq bağçalarının da əsaslı təmir proqramı çərçivəsində istilik sisteminin qurulmasının həyat keçirilməsini təklif etmişik”.


Rafiq Əliyev yeni tikililərin də “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunması üçün lazım olan şərtlərdən danışıb: “Yeni binalar inşa olunarkən tikinti ilə məşğul olan şirkətlər bizdən texniki şərt alırlar. Əgər bizim yaxınlıqda olan qazanxananın imkanı çatarsa, həmin bina istiliklə təmin oluna bilər. Düzdür, əsasən bizim qazanxanalar beş və doqquzmərtəbəli binalar üçün nəzərdə tutulub, əlavə binaların qızdırılması üçün xüsusi nasos və qızdırma sistemi, su sistemi quraşdırılmalıdır. Lakin buna baxmayaraq, hazırda Bakıda bizim qazanxanalar vasitəsilə qızdırılan kifayət qədər yeni tikililər var”.


Qonağın sözlərinə görə, təbii qazdan başqa digər yanacaq növlərindən istifadə baha başa gəlir: “Biz əsasən təbii qazdan istifadə edirik. Dəfələrlə beynəlxalq təşkilatlarla müzakirələr zamanı alternativ enerji mənbələrindən istifadə məsələsi gündəmə gətirilib. Bu gün “Azəristiliktəchizat”ın kifayət qədər təbii ehtiyatları var. Bizim üçün bu gün ən ucuz başa gələn enerji növü təbii qazdır. Alternativ enerji ilə əldə olunan istilik təbii qazla əldə olunan istilikdən baha olur. Eyni zamanda, “Azəristiliktəchizat” yeni “Modul” və “Kaskad” tipli daşına bilən qazanxanalardan da istifadə olunur. Bu qazanxanalar sex şəraitində quraşdırılır və istənilən yerdə təbii qaz və su ilə təminatı olduqdan sonra işə düşür və işçi qüvvəsi olmadan idarə olunur”.


Rafiq Əliyev binaların isti su ilə təminatının da mümkün olduğunu deyib: “Bu gün Bakı şəhərində 200-dən çox yaşayış binası “Azəristiliktəchizat” mənbələrindən isti su ilə təmin edilir. Digər binalara gəlincə isə, sovet dövründə şaxtalarda qurulmuş isti su təchizatı xətləri sıradan çıxıb. Təkcə qazanxanadan isti su təchizatının bərpa olunması ilə iş bitmir. Binadaxili isti su xətləri hamısı yenidən qurulmalıdır. Gələcəkdə istilik təminatı ilə bağlı işlər başa çatan kim isti su təminatı məsələsi də gündəmə gələcək. Bizim qazanxanalarda bir sıra əlavə işlər görməklə isti su təchizatını da həyata keçirmək mümkündür. Lakin istilik sisteminə qoşulan binalar verilən isti suyu qəbul etmək iqtidarında deyil”.
 

Qonaq regionlarda əhalinin mərkəzləşmiş istilik sistemindən istifadəyə o qədər də maraqlı olmadığından gileylənib: “Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində regionlarda istilik qızdırma sistemlərinin bərpası ilə bağlı hər il işlər görülür. Əsasən Sumqayıt şəhərində artıq 250-yə yaxın yaşayış binasının istiliklə təchizatı bərpa olunub, müasir tipli qazanxanalar quraşdırılıb. Bu il artıq regionlarda 450-yə yaxın yaşayış binasının istiliklə təminatı nəzərdə tutulub. Əlbəttə, bu, çox azdır, lakin regionlarda sakinlərin özündə də mərkəzləşmiş istilik sisteminə qoşulmağa maraq azdır. Biz bu günə qədər regionlarda mənzildaxili xətlərin bərpasının gecikməsi üzündən 2009-cu ildən bəri qurulan qazanxanalardan 100 faiz istifadəyə nail ola bilməmişik. Müqayisə üçün deyim ki, Bakı şəhərində bu proses bir il çəkir. Regionlarda bu aktivlik hiss olunmur. “Azəristiliktəchizat” işə başladığı ilk illərdə Bakıda da vəziyyət belə idi. Lakin biz tədricən əhali arasında inam qazana bildik”.
 

“Azəristiliktəchizat” rəsmisi soyuq günlərdə mənzillərin yaxşı qızdırılmaması ilə bağlı əhalinin şikayətlərinə də münasibət bildirib: “Bizim verdiyimiz istilik havanın temperaturundan asılı olaraq, avtomatik və ya operatorlar tərəfindən tənzimlənir. Yaxşı olardı di, sakinlər enerjidən səmərəli istifadə üçün tədbirlər görsünlər. Bunun üçün həm mənzillərdə, həm də bloklarda soyuq havanın daxil olmasının qarşısını almaq lazımdır. Bloklarda giriş qapılarının, pəncərə şüşələrinin olması belə tədbirlərdəndir. Bizdə praktikada tətbiq olunmasa da, yaxşı olardı ki, binaların damında xüsusi izolyasiya işləri görülsün. Bu tədbirlərlə enerji itkisinin qarşısını ən 20 faiz almaq mümkündür. Bizdə xətlər əsasən yerin altından və izolyasiyalı xətlərlə gəlir və biz qazanxanadan olan məsafəni nəzərə alırıq”.


Qonaq qazanxanalarda təhlükəsizliklə bağlı da heç bir problemin olmadığını deyib: “Bizim qazanxanaların hamısında nəzarət ölçü cihazları var. Artıq köhnə qazanxanalarda da müasir tipli təhlükəsizlik cihazları quraşdırmışıq. Qaz, su və ya işıq olmayanda qazanxananın fəaliyyəti avtomatik dayanır. Tikinti-norma qaydalarına görə, qazanxanalar yaşayış obyektindən 6-10 m aralıda tikilməlidir. Onun yaxınlığında heç bir obyektin tikilməsinə icazə verilmir. Artıq müasir tipli qazanxanaları binanın zirzəmisində və ya damında da quraşdırmaq olar”.
 

Söhbətin sonunda Rafiq Əliyev əhaliyə müraciət edib: “Əhaliyə məsləhət görürəm ki, mənzildaxili istilik xətlərini bərpa etsinlər. 2013-2014-cü il ərzində “Azəristiliktəchizat” mümkün olduğu halda, sırf sakinlər tərəfindən mənzildaxili istilik xətlərinin bərpa olunmaması üzündən 3000-ə yaxın binada 50000-ə yaxın mənzili istiliklə təmin edə bilmədi. Artıq hər il yeni qazanxanalar tikilir, verilən istiliyin keyfiyyəti artır, fasiləsizliyi təmin olunur. Bakı şəhərində 2014-2016-cı illər ərzində, regionlarda 2014-2018-ci illər ərzində istilik sistemlərinin bərpası ilə bağlı işlər nəzərdə tutulub. Bu gün Bakı şəhərində 80 faizə yaxın yaşayış binasını istiliklə təmin edirik”.

 

# 1342
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17