“Azərsu”: “Bütün abunəçilər smart-kart  sayğaclarla təmin ediləcək”
30 yanvar 2013 17:08 (UTC +04:00)

“Azərsu”: “Bütün abunəçilər smart-kart sayğaclarla təmin ediləcək”

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirib.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, 2012-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında 19 min 700 ədəd  smart-kart tipli sayğaclar quraşdırılaraq istismara verilib.

 

Bunlardan 7 min 560 ədədi əhali qrupu, 12 min 140 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür.

 

Qeyd edək ki, smart-kart tipli su sayğacların quraşdırılmasına  2012-ci ilin may ayında başlanıb. İlkin mərhələdə smart-kart sayğacların quraşdırılması qeyri-əhali qrupu abunəçilərini əhatə edib. 2012-ci ilin oktyabr ayından əhali qrupu abunəçiləri də  smart-kart tipli sayğaclarla təchiz olunub. Smart-kart sayğaclar Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Quba və Zərdab şəhərlərində də quraşdırılıb. Bölgələrdə həyata keçirilən su təchizatı və  kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində bütün abunəçilər smart-kart tipli sayğaclarla təmin ediləcək.

 

Ümumilikdə 2012-ci ildə mexaniki və elektron tipli  65 min ədəd su sayğacı quraşdırılıb. 2013-cü il yanvarın 1-ə olan məlumata görə,  “Azərsu” ASC üzrə abunəçilərin  550 minə qədəri və ya 47,5 faizi sayğaclarla təmin olunub. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması “Azərsu”nun müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə “Azərsu”-nun müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362
avatar

Oxşar yazılar