“Azərişıq” yenidənqurma işlərinə başladı
30 mart 2015 13:34 (UTC +04:00)

“Azərişıq” yenidənqurma işlərinə başladı

 

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərişıq” ASC təhvil-təslim işlərini başa çatmasını gözləmədən regionlarda istehlakçıların elektrik enerjisi ilə təchizatı vəziyyətini öyrənməyə başlayıb. ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. İşlərin sürətləndirilməsi üçün bayram günlərində də Səhmdar Cəmiyyətin vəzifəli şəxsləri, mütəxəssisləri regionlarda olublar.

 

 

Ölkədə gedən iqtisadi inkişafa uyğun olaraq ölkə başçısının  imzaladığı sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə “Azərişıq” ASC- də yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə də artıq başlanılıb. Bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb. Cəmiyyətin bazasında texniki təchizat bazası yaradılıb. Ölkəmizin bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində  yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki  üstünlüklərə malik olmaqla  yeni, müasir KTM-lərdir.

 

Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Bu güc mərkəzlərinin qidalandırılması da  yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün  hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri  də gedir.

 

 

Bayram günlərində gücləndirilmiş iş rejimində çalışan “Azərişıq” ASC əməkdaşları  Şimal Regionunda (Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz) onlarla komplekt transformator məntəqəsini (KTM) quraşdıraraq istifadəyə verib. KTM-lər quraşdırılan ərazilərdə tam təhlükəsiz və zövqoxşayan şərait yaradılıb. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz, dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.

 

 

“Azərişıq” ASC  ölkə prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində mövcud problemlərin aradan qaldırılmasını, elektrik təchizatında daha müasir metodların tətbiqini, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsini əsas məqsəd kimi qarşısına qoyub.

 

 

Xatırladaq ki, “Azərişıq” ASC prezidentin 10 fevral 2015-ci il tarixli sərəncamından sonra yaradılıb. “Azərenerji” ASC-dən təhvil-təslim işləri isə sərəncama uyğun olaraq, aprelin 10-da başa çatdırılacaq.

 

Həyatınız  daim işıqlı olsun!

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar