"Azərişıq" ASC “ASAN xidmət” mərkəzləri ilə iki ildən artıq müddətdə fəaliyyət göstərməkdədir.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hal-hazırda Bakı şəhərində 1,2,3,4,5 saylı “ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir. Müraciət edən abonentlərin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə bu ilin avqust ayından etibarən Gəncə və Qəbələ “Asan Xidmət” mərkəzlərində də xidmətə start verilib. Artıq qeyd edilən mərkəzlərdə abonentlər “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər. Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, qeyri əhali üzləşmə aktların verilməsi, borcun araşdırılması xidmətləri göstərir.
Bildirək ki, “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlərdən həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə səhər saat 10:00-dan 17:00-dək müraciət etmək mümkündür. Yuxarıda sadalanan və bu kimi digər xidmətlər “Azərişıq” ASC-nin elektron saytı üzərindən “azerishiq.az” online qaydada da həyata keçirilir.
Bundan başqa, “Azərişıq” ASC elektrik enerjisi haqlarını ödənilməsində də köhnə sterotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərə tövsiyə olunur ki, dövrün ən son texnoloji nəaliyyətlərindən istifadə edərək elektrik enerjisinə görə ödəmələri “Azərişıq”ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa internet üzərindən “azerishiq.az”saytı vasitəsilə “onlayn” rejimdə də ödəniş edə bilərlər.