“Azərbaycan multikulturalizmi”  fənni dünya universitetlərində
12 mart 2015 16:01 (UTC +04:00)

“Azərbaycan multikulturalizmi”  fənni dünya universitetlərində

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zaman ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başlayıb. Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri,  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri  Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri yaradılıb və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunub.

 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə ona yaxın universitet təklifi müsbət qarşılayıb.

 

Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treninqlərə başlayıb. Treninq zamanı mütəxəssislər dinləyicilərə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir. Treninqlərdə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki hazırkı tələbatı müəyyən dərəcədə qarşılaya bilmişdir.

 

 

Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur. Bu universitetlər aşağıdakılardır: Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti; İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti; Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası); Litva Pedaqoji Universiteti; Praqa Karlov Universiteti (Çexiya Respublikası); Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “Azərbaycan Multikulturalizmi” fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərə əsasən  növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya Federativ Respublikası), Frayburq Universiteti (İsveçrə Konfederasiyası), Sakarya Universiteti (Türkiyə Cümhuriyyəti),  Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna Respublikası) öz rəsmi müraciətlərini göndərmişdir. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya Respublikası), Auqsburq Universiteti (Almaniya Federativ Respublikası) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa Respublikası) ilə bu istiqamətdə danışıqlar aparır.

 

 

Xatırladaq ki, “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanılmışdır.

 

Dövlət müşaviri Kamal Abdullayev bu fənlərin ölkənin bir sıra ali təhsil ocaqlarında tədris olunmasının təşkilinə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinə etdiyi müraciət qəbul olunmuş və “Multikulturalizmə Giriş”, “Azərbaycan Multikulturalizmi” fənləri Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində tədris olunmağa başlayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar