Bakı Metropoliteni hazırda yenidən qurulan «28 May» stansiyasında təmir işlərini davam etdirir.
Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində metro stansiyasında hazırda divar və döşəmələrə qranit və mərmər döşənir. Eyni zamanda, stansiyanın vestibül damı təzələnir. Bu barədə «APA-Economics»ə Bakı Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov məlumat verib.
Onun sözlərinə görə, metro stansiyasında tikinti işləri 2013-cü ilin sonuna qədər yekunlaşdırılacaq.
Qeyd edək ki, «28 May» metro stansiyasının əsas çıxış keçən il giriş üçün bağlanıb. Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər əsas çıxış, ikinci çıxış, eləcə də «Cəfər Cabbarlı» stansiyasının çıxışından da istifadə edirlər. Təmir işləri çərçivəsində stansiyada eskalatorlar yeniləri ilə əvəz ediləcək, eyni zamanda onların sayı 3-dən 4-ə qədər artırılacaq.