Antarktida – bu qitə həmişə mənim üçün sirli, planetin digər yerlərindən fərqli bir məkan olub. Ehtimallarım və gözləntilərim məni aldatmadı. Antarktida və onun ətrafındakı adalar tədqiqat üçün azad zonadır və heç bir dövlətə aid deyil. Yayda bura pinqvinlərin, dəniz pişiklərinin və dəniz fillərinin həyatını öyrənən alimlər və Antarktidanın gözəlliklərini görmək istəyən turistlər gəlir. Elə mən də Antarktidada yay sayılan mövsümdə oldum. Antarktidaya turist kimi getmək çətindir. Ən azından bir il növbə gözləməlisən. Hər il yalnız yay aylarında 22 turist Antarktidaya buraxılır. Amma hava şəraiti pis olarsa, sizin səfəriniz təxirə salına, ödədiyiniz vəsait isə geri qaytarıla bilər. Qış mövsümündə isə qitə turistlər üçün demək olar ki, bağlıdır.
Mənim fikrimcə, bu qitənin əsl sahibləri pinqvinlərdir. Onlar tamamilə insanlardan qorxmurlar. Mən Antarktidada Çili, Rusiya və Çinin elmi-tədqiqat stansiyalarında oldum. Bu qitə onunla gözəldir ki, özünü əsl tədqiqatçı kimi hiss edə bilirsən. Mən əbədi buzlar qitəsində öz ölkəmin bayrağını qaldırdım, Vətənimin adını qeyd etdim və onu Antarktidadan ayıran məsafəni göstərdim. Bu işarə Antarktidada daim qalır, hansı ölkələrdən qitəyə səyyahların gəldiyini göstərir və bir növ həmin ölkədən xatirə simvolu olur. Antarktidada bütün qonaqlara bir nömrəli tələb təhlükəsizlik qaydalarına riayət olunmasıdır. Ümumilikdə isə, mənim fikrimcə, Antarktida əsl ekstremal turizm yeridir.
® Меhrac Mahmudov: “Antarktida əsl ekstremal turizm yeridir”
124