Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə 6810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 2197 nəfəri müsabiqəyə cəlb olunacaq.
Bildirək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan dövlət məktəbəhazırlıq qrupunda təhsil almayan uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlanıb. İyunun 7-də başlanmış proses iyunun 20-dək davam edəcək.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə keçiriləcək.
Valideynlər mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə, uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsabiqəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsabiqəyə dəvət olunduğu tarix və vaxt göstəriləcək.
Dövlət ümumi təhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün isə valideynlər mektebeqebul.edu.az saytından müvafiq sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.