Mart ayı ərzində 36 qida zəhərlənməsi hadisəsi baş verib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a açıqlamasında deyib ki, ümumilikdə 66 nəfər zərər çəkib.
A.Qədirlinin sözlərinə görə, bundan başqa, ötən ay qeydə alınan 1 botulizm hadisəsi nəticəsində isə 1 nəfər zəhərlənib: “ Qida zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib. Konservləşdirilmiş qidalar, ev şəraitində hazırlanmış turşularla bağlı yaşanıb. Ölüm halı qeydə alınmayıb”.
Qurum təmsilçisi əlavə edib ki, cari ilin ilk üç ayı ərzində 103 zəhərlənmə hadisəsi baş verib ki, bu hadisələr zamanı 162 nəfər zərərçəkən olub: “ Son üç ay ərzində ümumilikdə 8 botulizm hadisəsi qeydə alınıb. 15 nəfər isə zərər çəkib. Ümumilikdə 3 nəfər dünyasını dəyişib”.
.