3 internat evinin adı dəyişdirildi
31 mart 2015 10:46 (UTC +04:00)

3 internat evinin adı dəyişdirildi

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki internat evlərinin fəaliyyəti mütərəqqi beynəlxalq standartlara uyğun qurulmaqla, onlarda göstərilən sosial xidmətlərin dairəsi, habelə reabilitasiya yönümlü işlər genişləndiriləcək. Bununla əlaqədar, ƏƏSMN tərəfindən həmin internat evlərinin nizamnamələrində qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirmələr aparılaraq, müasir tələblərə uyğunlaşdırılıb. ƏƏSMN-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hazırda ƏƏSMN-nin tabeliyində 18 yaşdan yuxarı şəxslər üçün Şamaxı 1 saylı, Göygöl 8 saylı və Buzovna 9 saylı, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün  Şaqan 3 saylı və Saray 7 saylı internat evləri fəaliyyət göstərir. Həmin internat evlərinin ötən əsrin 70-ci illərindən qalan və indiyədək heç bir dəyişiklik aparılmayan nizamnamələri bu müəssisələrdə yaşayan şəxslərə münasibətdə sovet dönəmindən qalma yanaşmaları əks etdirir, onlar üçün daha çox stasionar şəraitin təmin edilməsini, məhdud çərçivədə tibbi və reabilitasiya xidmətlərini nəzərdə tuturdu. Bundan sonra isə qeyd olunan şəxslərə göstərilən tibbi və sosial xidmətlərin çeşidləri artırılmaqla, onların çoxşaxəli reabilitasiya tədbirlərinə (peşə reabilitasiyası, əmək terapiyası və s.) cəlb edilməsi də təmin ediləcək.

 

 

Eyni zamanda, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində hər bir uşaqla bağlı onun sağlamlıq imkanları məhdudluğunun ağırlıq dərəcəsinə uyğun fərdi iş planı tərtib olunacaq. Bu plan əsasında onların reabilitasiya potensialının müəyyən olunması və reallaşdırılması üçün lazımi tibbi, psixoloji və fizioterapevtik, həmçinin  reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.

 

Yeni nizamnamələrdə ƏƏSMN-nin tabeliyindəki internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik edilib. Belə ki, nazirliyin Şaqan 3 saylı və Saray 7 saylı internat evləri artıq “Ağıldankəm uşaqlar üçün internat evi” kimi deyil, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi”, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evləri isə artıq “Ruhi-əsəb əlilləri üçün internat evi” kimi deyil,  “Psixonevroloji internat evi” adlanacaq.  Onu da qeyd edək ki, son illərdə ƏƏSMN-nin sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması üçün məqsədyönlü işlər aparılıb və bu işlər hazırda da davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar