Azərbaycanda II qrup üzrə qəbul imtahanlarının keçirildiyi müxtəlif binalarda 34 abituriyent imtahandan çıxarılıb və nəticələri ləğv olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin abituriyentlər imtahan binalarında müxtəlif qayda pozuntularına yol verib, o cümlədən imtahan binasına mobil telefonla keçirmə, imtahanın gedişinə mane olma və köçürməyə yol veriblər.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır.
Qeyd edək ki, II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 42 binada keçirilib. İmtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.