3419 nəfərin Azərbaycandan çıxması qadağan edilib
05 fevral 2013 18:45 (UTC +04:00)

3419 nəfərin Azərbaycandan çıxması qadağan edilib

Bu gün Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə ötən ilin yekunlarına həsr olunmuş nazirliyin geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda bildirilib ki, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində son 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydi bir neçə il çəkən nəhəng iş sayəsində elektron formata keçirilərək “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi tam formalaşdırılıb. Ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edən yeni şəffaf xidmətlərin, müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində xeyli işlər görülüb, vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə notariat kontorlarında elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılır. Eyni zamanda, nazirliyin internet saytında elektron xidmətlər bölməsi interaktiv rejimdə fəaliyyət göstərib və 2012-ci ildə nazirliyin "Adın mənası" e-xidməti əhali tərəfindən respublikamızda ən çox istifadə olunanlardan biri olub.

 

İstehlakçıların hüquqlarının qorunmasına xidmət edən və artıq iş adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (www.yoxlama.gov.az) fəaliyyəti təkmilləşdirilib, istifadəçilərin rahatlığı üçün reyestrdəki informasiyanın əldə edilməsi məqsədilə “1650” qısa nömrə üzərindən telefon məlumat və mobil rabitə vasitəsilə qısa mesaj xidmətləri təşkil edilib. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası daim diqqət mərkəzində saxlanılaraq, səmərəliliyin artırılması, mexanizmlərin təkmilləşdirilməsi, icra məmurlarının məsuliyyət hissinin yüksəldilməsi üzrə və digər əsaslı tədbirlər həyata keçirilir. Aparılan məqsədyönlü tədbirlər bu sahədə iş həcminin ilbəil xeyli artması ilə müşayiət olunur. Belə ki, 2012-ci ildə icra işlərinin sayı 14% artaraq 185500-ə çatıb, onlardan 75%-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 115.5 milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunub. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2325 şəxs barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib, onlardan 80% üzrə borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 700 şəxs barəsində inzibati həbs tətbiq edilib. Məhkəmə qərarını qərəzli olaraq icra etməyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə verilmiş təqdimatlar əsasında 219 cinayət işi başlanıb, 3419 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Ötən il inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 60% artaraq 52 mindən çox olub və 1100-ə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli faktlarla bağlı materiallar prokurorluğa göndərilib. 2012-ci ildə məhkəmə ekspertizası sahəsində nazirliyə 34 ekspert ixtisası üzrə 21 mindən çox iş daxil olub, ekspertlər 245 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,5%-ni həll edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar