Cəlilabad rayon sakini Allahverdi İsmayılov 2 yaşlı övladı Əli İsmayılovun həkim səhlənkarlığının qurbanı olduğunu deyir.
Lent.az-a açıqlama verən A. İsmayılov bildirib ki, aprelin 30-da evə dondurma alıb, bir qədər də uşağa veriblər. Bundan sonra uşaq öskürməyə başlayıb. Öskürəyin keçmədiyini görən ata onu mayın 3-də Cəlilabad Diaqnostika Mərkəzinin həkimi Müslüm Abdıyevin yanına aparıb. Həkim uşağın ciyərlərinin şəklini çəkdirəndən sonra bir qədər soyuqladığını deyib və ona 12 dənə antibiotik və 3-4 dərman yazıb: "Dərmanları aldım, tibb bacısı iynəni vurdu. Birinci iynədən qabaq uşaq əsirdi, həkimə zəng elədik, dedi "smes" vurun keçəcək, vurdurduq. İkinci antibiotiki vurandan 3-4 saat sonra gecə uşağın vəziyyəti pisləşdi, dişlərini qıcamağa başladı. Onu dərhal Göytəpədəki xəstəxanaya apardıq, ordan da Cəlilabad xəstəxanasına göndərdilər. Oradan Müslüm doktora zəng elədik ki, uşaq belə olub, dedi mən rayonda yoxam. Uşaq bu vəziyyətdə, xəstəxanada yaxın duran olmadı.
Ordan da uşaq xəstəxanasına göndərdilər. Orda bir iynə vurdular, iynə elə uşağın qolunda qaldı, balam keçindi".
A. İsmayılov deyir ki, hadisədən iki saat sonra rayonda olmadığını deyən Müslüm həkim və digər həkimlər gəliblər, uşağa süni nəfəs veriblər: "Bizim əsas şikayətimiz Müslim həkimdən, onun səhlənkarlığındandır. 2 yaşlı uşağa o antibiotiki yazmaq olmazdı, çox güclü idi, bu dərman balamın ölümünə səbəb oldu. Sonra dedilər ki, guya uşağım pnevmaniya imiş. Əgər o pnevmaniya idisə, niyə xəstəxanadan evə buraxılırdı, niyə ciyərinin şəkli təmiz çıxırdı?".
Məsələ ilə bağlı Lent.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova bildirib ki, diaqnozun nəticəsi ilə bağlı məlumat tezliklə veriləcək: “Hazırda məsələni nazirliyin ölüm halları üzrə komissiyası araşdırır”.