Bu gündən 2 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Lent.az-ın xəbərinə görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, Xətai rayonunda yerləşən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı mayın 24-də prezident İlham Əliyevin iştirakı ilə olub. Onun sözlərinə görə, mərkəzin xidmətlərindən Xətai, Suraxanı və Nizami rayonlarının sakinləri yararlana biləcəklər: “Bu da 800 mindən artıq əhalinin əhatə edilməsi deməkdir. Hər 3 rayonun əhalisi mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən yararlana biləcəklər”.
İ.Kərimov qeyd edib ki, avqust ayına kimi Bakı şəhərinin Yasamal rayonunda 3 saylı “ASAN Xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. İlin sonuna kimi Gəncə şəhərində də “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Həmin mərkəz Gəncə ətrafı regionları əhatə edəcək.
Agentlik sədri vurğulayıb ki, yanvar ayının 15-dən etibarən “Asan xidmət” mərkəzlərində 120 min nəfərə yaxın vətəndaşa xidmət göstərilib. Onun sözlərinə görə, bunlardan 102 mini 1 saylı Asan Xidmət Mərkəzinin, 18 mini isə Sumqayıtdakı Asan Xidmət Mərkəzinin payına düşür. Cəmi bir neçə gündür ki, fəaliyyət göstərməsinə baxmayaraq, səyyar “Asan xidmət” avtobuslarında 1000-dən artıq vətəndaşa xidmət göstərilib.