23 il əvvəl Sumqayıt: İki məktəbli öz dostlarını necə xilas etdi? HƏYAT HEKAYƏTİ
29 sentyabr 2013 13:00 (UTC +04:00)

23 il əvvəl Sumqayıt: İki məktəbli öz dostlarını necə xilas etdi? HƏYAT HEKAYƏTİ

1990-cı il, iyulun 11-i. O gün onlar, Sumqayıtın 12 saylı  məktəbinin şagirdləri dənizdə boğulan yaşıdları Məliki xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdu.

 

Kimdir bu məktəblilər?

 

Müşfiq İsgəndərov, Nəriman Rzayev və Məlik Məlikov məhəllə uşağı sayılırlar. Onların hər üçü şəhərin 1-ci məhəlləsində böyüyüb, eyni məktəbə yollanıblar. Yekun imtahanların yorğunluğunu atmaq istəyən üç dost evlərindən baxanda aydın görünən Xəzərin qoynunda dincəlməyə qərar veriblər. Son anda onlara yaşca  kiçik olan Oktay da qoşulub.

 

Həmin gün dənizin qəzəbli olmasına baxmayaraq gənclər bir neçə il əvvəl dənizin içərisinə doğru salınmış, “damba” kimi tanınan bəndin yaxınlığında, o qədər də dərin olmayan bir yerdə sevinc-fərəhlə mavi sulara atılırlar.

 

Amma az sonra hava qəfil dəyişir, şiddətli küləyin təsirindən dalğalar güclənərək dənizin qəzəbini daha da artırır. Dənizdə qopan tufan bir andaca suları coşduraraq, dalğaları sürətlə sahilə çırpır və eyni sürətlə də geriyə, dərinliklərə doğru sovururdu.

 

Dənizin sahilində və bəndin üstündə dayanan adamlar qışqırışa­raq gəncləri dərhal sahilə çıxmağa çağırırlar. Bu vaxt Müşfiqlə Nəriman kənardakıların səsinə məhəl verməyərək dənizin bir qədər dərin yerində dalğalar arasında çırpınan Məliyi xilas etməyə çalışırdılar. Özlərini çox çətinliklə Məliyə yetirib onu növbəti dalğa ilə birlikdə sahilə tərəf itələməyi bacarırlar. Sahilə daha yaxın olan Oqtay isə dalğalardan canını birtəhər xilas edir. Artıq huşunu itirib boğulmaqda olan Məliyi ətrafdakı insanlar balıqçıların iri qarmaqlı tilovunun vasitəsilə dalğaların əlindən alıb sahilə çıxara bilirlər.

 

 

İlk yardım göstərilən Məlik həyata qaytarılır. Lakin fırtınalı dənizin qoynunda bir-birindən aralı düşən, dənizin dalğaları arasında yoxa çıxan iki dost - Müşfiq və Nərimana çox təəssüf ki, heç bir kömək edilə bilmir. Bir müddət sonra dalğalar ailənin yeganə oğul övladı olan Nərimanı artıq cansız bədənini sahilə atır. Müşfiqin isə nə ölüsü, nə dirisi tapılır.

 

Faciə yerində olan şəhərin memarı Rza Rzayevin fədakarcasına dənizin dərinliklərinə baş vurması cəhdləri də heç bir nəticə vermir. Gec də olsa hadisə yerinə gələn dalğıcların da gecə yarısınadək axtarışları bir fayda vermir.

 

 

Faciədən xəbər tutan Sumqayıt İcraiyyə Komitəsinin  o vaxtkı sədri Rasim Eminbəylinin bilavasitə təşəbbüsü və xahişi üzrə ertəsi gün səhər tezdən Zabratdan havaya vertolyot qaldırılır. “Azneft”a həmin vaxtlar rəhbərlik etmiş Neftçi Qurban isə  geniş akvatoriya üzrə axtarışlar aparmaq üçün Xəzərin Sumqayıt sahilinə xüsusi kater göndərir.

 

Lakin bütün axtarışlardan çifayda. Yalnız bir-neçə gündən sonra dənizin özü insafa gəlib məktəblinin cəsədini hadisə yerindən bir-neçə kilometr aralıda, dənizin şimal hissəsinə çıxarır.

 

Amma şəhərin o zamankı Komsomol komitəsi nə hadisə baş verən gün, nə də sonralar bu fədakar gənclərin taleyi ilə maraqlanmır. Əslində onların bu hadisədən xəbərsiz olması mümkün deyildi. Çünki həmin günlərdə “Vışka” və “Kommunist Sumqaita” adlı şəhər qəzetlərində bu barədə məlumat dərc olunmuşdu. Halbuki ömrünün 16-cı ilində olan bu gənclərin qəhrəmanlığı dövlət təltifinə-müvafiq medala layiq idi.

 

***

 

23 il əvvəl baş vermiş bu olay yalnız bədbəxt hadisə deyil, həm də insanlıq və dostluğa sədaqət, qorxmazlıq, cəsurluq, mərdlik sınağıydı. Müşfiq və Nəriman ölümləri bahasına da olsa, bu ağır sınaqdan mərdliklə çıxa bilmişdilər.

 

Ümid edirik ki,  bu  yazıdan sonra onların əziz xatirəsi heç olmazsa məzunu olduqları, oxuduqları 12 saylı məktəbdə və Sumqayıt Şəhər Gənclər və İdman İdarəsində hər il anılar. Və bu iki dostun fədakarlığı heç vaxt unudulmaz!

 

 

Allah rəhmət eləsin!

Rəhman ORXAN

 

# 2103
avatar

Oxşar yazılar