2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyon nəfərə çatacaq. APA-nın məlumatına görə, bu proqnoz BMT-nin planetdəki demoqrafik proseslərə həsr olunmuş son hesabatında öz əksini tapıb.
Bu müddət ərzində Ukrayna əhalisinin sayı 45,5 milyon nəfərdən 33 milyon nəfərə, Gürcüstanın əhalisi 4,5 milyon nəfərdən 3,5 milyon nəfərə, Ermənistanın əhalisi isə 3,2 milyon nəfərdən 3 milyon nəfərə düşəcək.
Hazırda 9,4 milyon nəfər əhalisi olan Belarusun əhalisi 2050-ci ildə 7,5 milyon nəfər olacaq. 2 milyonluq Latviyanın əhalisinin isə 300 min nəfər azalması gözlənilir. Litva, Estoniya və Moldova da əhalisi azalacaq ölkələr siyahısındadır.
29 milyon əhalisi olan Özbəkistanda növbəti 37 ildə 5 milyon nəfərlik artım gözlənilir. Proqnozlara görə, Tacikistanın (8 milyon) əhalisi də 2 milyon nəfər artacaq. 2050-ci ildə Qazaxıstanın əhalisi (17 milyon) 21 milyon, Qırğızıstanın əhalisi (4,8 milyon) 7 milyon, Türkmənistanın əhalisi (5 milyon) 7 milyon nəfərə çatacaq.
2050-ci ilədək Çinin əhalisinin 100 milyon nəfər azalacağı ehtimal edilir.