Xaricdə təhsil almış şəxslər üçün peşə tanınması  imtahanı keçirilir
03 dekabr 2023 07:59 (UTC +04:00)

Xaricdə təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilir

Dekabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir. İmtahan DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (metronun “8 Noyabr” stansiyasının yanı) təşkil ediləcək. İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə gəlməlidirlər.

DİM-dən Lent.az-a bildirilib ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndiriləcək. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. İxtisaslar üzrə proqramlar (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) DİM-in saytında yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4629
avatar

Oxşar yazılar