"Ermənistan Xankəndidə ölən erməni qadının meyitini təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək".
Lent.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov deyib.
Qeyd edək ki, Xankəndidə ölən erməni qadının nəşinin alınması üçün Ermənistan tərəfinin heç bir cəhd etmədiyi deyilir. Ona görə də, cavabsız qalan bəzi suallar var: "Bu meyit harada, necə saxlanılır? Ermənistan meyiti təhvil almasa, onun aqibəti necə olacaq? Ümumiyyətlə, meyitlər hansı şəraitdə, hansı müddətdə saxlanıla bilir?".
Direktorun bu suallara cavabı belə olub:
"Meyit etibarlı, eyni zamanda, bu məqsədlə tələb olunan bütün zəruri şəraitlərə malik yerdə saxlanılır. Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək. Ümumiyyətlə, meyitlər meyitxanalarda olan xüsusi soyuducularda saxlanılır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin respublikanın bütün şəhər və rayon şöbələrində belə soyuducular var.
Soyuducuların temperaturu əməkdaşlar tərəfindən nizamlanır. Lakin soyuducular meyitlərdə çürümə prosesini tamamilə dayandıra bilmir, onu müəyyən qədər ləngidə bilir. Bəzən bu məqsədlə digər əlavə vasitələrdən də istifadə etməyə ehtiyac yaranır - meyitin formalinlə fiksasiyası və s."