"Waurma" kafesinin bannerinin sonu: Söküldü...
23 avqust 2022 18:37 (UTC +04:00)

"Waurma" kafesinin bannerinin sonu: Söküldü...

Bir neçə gündür sosial şəbəkələrdə Bakıdakı kafelərin birinə məxsus yayılan foto müzakirələrə səbəb olub. 

Lent.az xəbər verir ki, söhbət "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında yerləşən "Waurma" kafesindən gedir.

Kafenin adının niyə belə olması bir yana, bundan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin xəbəri varmı? 

Bu məsələ ilə bağlı agentliyə müraciət ünvanladıq. ADRA-nın strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir redaksiyamıza bildirdi ki, agentliyin əməkdaşları kafeyə gediblər və rəhbərliklə danışıblar:

"Sahibkarla maarifləndirici söhbət aparıldıqdan sonra ona bu qüsurun aradan qaldırılması üçün möhlət verilib. Məsələ ilə bağlı araşdırma prosesi gedir. Əksər hallarda icazə alınmadan verilən reklamlarda belə problemlər olur. Ancaq sahibkar ona məxsus obyektin adını ingiliscə və ya xarici dildə qoymaq istəyirlərsə, yalnız patentini alandan sonra edə bilərlər". 

Sonradan məlum oldu ki, kafenin adı nə ingiliscədir, nə də hansısa markaya oxşadılıb. Sadəcə sosial şəbəkələrdə yazışarkən istifadə edilən "w" hərfidir. Bu da ayrı bir məsələ...

Niyəsə ölkəmizdə sahibkarlar obyekt icarəyə götürərkən xarici dildə söz və ifadələrdən istifadə etməyə can atırlar. Bu cür reklam lövhələri və ya iaşə obyektlərinin "qəribə" adlaşdırılması nə dərəcədə düzgündür? 

Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova deyib ki, elə obyektlər var ki, onların adlarının xarici dildə olması şərtdir:

"Bəzi obyektlərin adları brend adlar olduğu üçün dəyişdirmək düzgün deyil. Bu zaman Azərbaycan dilinin qayda və qanunları pozulmuş sayılmır. Yəni, sahibkarların məqsədi ana dilimizi yadlaşdırmaq deyil. Bəzi sahibkarlar da düşünürlər ki, hansısa iaşə obyektlərinin adı milli sözlərimiz deyil, xarici mənşəli olanda daha çox diqqət cəlb edəcək. Həmçinin, sözügedən "Waurma" kafesinin adında olduğu kimi". 

Bəs, bu cür "reklamın cəlbedici hiyləgərlik"lərinə qarşı hansı addımlar atılmalıdır ki, Azərbaycan dilinin qayda və qanunları pozulmasın? Aytən Bəylərova bu məsələyə də münasibət bildirdi:

"Bu məsələdə hansı addımların atıldığı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən müəyyən olunur. Yəni, mərkəz Kütləvi İnformasiya Vasitələrində, internet məkanında, reklam dayışıcılarında və digər sahələrdə Azərbaycan dilinin düzgün tətbiqi, saflığının qorunması ilə bağlı məsələləri icra edir. 

Bundan başqa, dövlət dilimizdən düzgün istifadə haqqında hansı addımlar atılmalı olduğu barədə onu deyə bilərəm ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən sahibkarlara rəsmi şəkildə yazılı müraciət olunmalıdır. Müraciətdə pozuntu müəyyən olunmuş obyektlərin adlarını milli sözlərlə əvəz etmələri qeyd edilməlidir. Prezidentin qəbul etdiyi "Dil haqqında qanun"da da göstərilir ki, obyektlərin üzərində xarici adlardan istifadə edərkən mütləq şəkildə Azərbaycanca da yazılmalıdır. Bu kimi qaydaları sahibkarların yadına salmaq lazımdır". 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərovanın dediyi sözlərə görə, aidiyyatı qurumlar tərəfindən rəsmi şəkildə sahibkarlara müraciət olunsa, həm dilimizi yadlaşdırmadan qorumuş olarıq, həm də sahibkarlar tənqiddən nəticə çıxararlar. 

Bu da "Waurma" kafesinin demontaj olunmuş yeni görkəmi:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6396
avatar

Nigar Namiq

Oxşar yazılar