Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarından ibarət yükün ikinci hissəsi yola salınıb.
Lent.az xəbər verir ki, yardım yük maşınları vasitəsilə Sumqayıt Texnologiyalar Parkından göndərilib.
Humanitar yardım 9 yük maşını ilə yola salınıb.
Qeyd edək ki, Ukraynaya humanitar yardımın göstərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilib.
Xatırladaq ki, yardımın birinci hissəsi avqustun 13-də 10 yük maşınından ibarət karvanla yola salınıb.
Humanitar yardımın tərkibinə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 7 dəst transformator və 25 generator daxildir.
Yardımın ümumi dəyəri 2 milyon dollar təşkil edir.