Türkiyə Azərbaycan Dərnəkləri Federasyonun başqanı Bilal Dündar, Marmara İş Adamları Dərnəyinin başqanı Zəki Gedikoğlu, Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dalın təşkilatçılığı ilə Türkiyədən Azərbaycana koronavirusa qarşı 10 min ədəddən artıq tibbi maskadan ibarət humanitar yardım göndərilib.
QAT-ın Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası İdarə heyətinin üzvü Emin Həsənli, Qarabağ Azadlıq Təşkilatının (QAT) təmsilçiləri Akif Nağı, Barat İmani, Ceyhun Tağıyev, Hacı Əkbər Rüstəmov, Hacı Fərman Azançı, Kərəm Səfərov, Rafiq Quliyev, Babək Sadıqov və digərləri humanitar yardımı hava limanında qəbul edib, “TƏBİB” İcbari sığorta qurumu ilə razılaşma əsasında “Yeni Klinika” Tibb Müəssisəsinə təqdim ediblər. QAT sədri Akif Nağı mətbuat üçün açılamasında bildirib: “ Əlbəttə, Azərbaycan özünü istənilən avadanlıq, ləvazimat və digər vasitələrlə təmin etmək iqtidarındadır və özü də başqa ölkələrə vaxtaşırı yardımlar edir. Azərbaycanla Türkiyə arasında xüsusi münasibətlər mövcuddur və buna uyğun olaraq həmişə xoş niyyətlər nümayiş etdirirlər. İndi də Türkiyə cəmiyyəti bununla qardaş ölkəyə isti münasibətlərini bildirməyi özünə borc hesab edir.
Biz bu işdə əməyi olan hər kəsə, Türkiyədəki dostlarımıza, həmçinin yardımın çatdırılmasında verdikləri dəstəyə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinə, koronavirusla bağlı Operativ Qərargaha, AZAL şirkətinə, Gömrük Komitəsinə, “TƏBİB” İcbari Sığorta qurumuna təşəkkür edirik. İnanırıq ki, Azərbaycanı sevən insanlar tərəfindən bizim vasitəmizlə göndərilən bu yardım həkimlərimizə, xəstələrimizə azacıq da olsa kömək edəcək, işlərinə yarayacaqdır, dəhşətli bəlaya- koronavirusa qarşı mübarizədə dostlarımızın və bizim kiçik töhfəmiz olacaqdır”.