TikTok-da trend olan rəssam: Bakı kəndlərindən dünyaya açılan mənzərə
12 iyun 2025 11:25 (UTC +04:00)

TikTok-da trend olan rəssam: Bakı kəndlərindən dünyaya açılan mənzərə

Son illər rəqəmsal platformalarda və media məkanında tez-tez qarşılaşdığımız rəssam Pərviz Abasov sənətə yanaşması və unikal üslubu ilə seçilir. Onun əsərləri təkcə texniki ustalığı ilə deyil, daşıdığı emosional və mədəni dəyəri ilə də diqqət çəkir. Bu yazıda rəssamın sənət yoluna, TikTok-da qazandığı uğura və yaradıcılığının mənbəyinə daha yaxından nəzər salırıq.

Sənətə aparan yol: uşaq arzusu və böyük məqsəd

Pərviz Abasovun rəssamlığa sevgisi uşaqlıqdan başlayıb. O, 8 yaşından fırça və rənglərlə tanış olub, müxtəlif dərnəklərdə iştirak edib. Erkən yaşlarından qarşısına məqsəd qoyub: mütləq rəssam olmalı idi. Bu məqsəd onu Əzim Əzimzadə adına İncəsənət Kollecinə, daha sonra isə Rəssamlıq Akademiyasına gətirib. Təhsilini heykəltəraşlıq ixtisası üzrə həm bakalavr, həm də magistr pilləsində tamamlayan rəssam üçün sənət bir peşədən daha çox, həyat tərzinə çevrilib.
Onun üçün əsas ilham qaynaqlarından biri doğma Bakı şəhəridir. Abasovun yaradıcılığında
Bakının köhnə küçələri, 90-cı illərin ab-havası və müasirlik arasında qurulan körpü diqqət çəkir. O, həmçinin Qərb sənətindən təsirləndiyini gizlətmir — Giacometti, Jeff Koons və Damien Hirst kimi sənətkarların işləri ona ruh verir. Bu təsirlər nəticəsində o, Şərq və Qərbin estetik baxışlarını öz kompozisiyalarında uğurla birləşdirir.

TikTok-da sənət: platformaya fərqli baxış

Rəssamın TikTok-a qoşulma qərarı sadəcə populyarlıq məqsədi daşımırdı. O, bu platformada sənətini daha geniş auditoriyaya çatdırmaq, sənətin gündəlik həyatdakı yerini göstərmək istəyirdi. İlk videosu rəsm prosesindən bir fraqment idi və böyük maraqla qarşılandı. TikTok-da paylaşdığı əsərlər və videolar ona həm yerli, həm də beynəlxalq izləyicilər qazandırdı. Onun əsərlərində yalnız görüntü yox, musiqi, təqdimat və texniki keyfiyyət də böyük rol oynayır. Xüsusilə Bakı kəndlərini əks etdirən videoları, Tupak Şakura həsr etdiyi 175 sm hündürlüyündə heykəl“Love is...” seriyası kimi layihələri izləyicilərdə rezonans doğurub. Rəssamın sözlərinə görə, izləyicilərdən gələn şərhlər və rəylər onun üçün böyük stimul yaradır və bəzən yeni layihələrin ideyasına çevrilir. Hətta izləyici istəkləri əsasında bəzi detallar da əsərlərinə daxil olur. Bununla belə, o, əsasən sifarişlə işlədiyini və hər əsərin böyük zəhmət tələb etdiyini qeyd edir.

Sənətin gələcəyi: rəqəmsal aləmdə ənənənin qorunması

Pərviz Abasovun yaradıcılığında keçmişə olan bağlılıqla yanaşı, müasir texnologiyadan düzgün istifadə qabiliyyəti də özünü göstərir. O, TikTok vasitəsilə birbaşa satışlar etməsə də, çoxsaylı zənglər, maraqlananlar və potensial müştərilər qazanıb. Qiymətləri bəzən izləyicilər üçün yüksək görünsə də, rəssam sənətin dəyərini bilməyin vacibliyini vurğulayır. Onun üçün əsas olan — sənətə hörmət və orijinallığın qorunmasıdır. TikTok kimi platformalar isə bu orijinallığı yeni auditoriyalarla paylaşmaq üçün müasir bir körpüdür. O, sənətin populyarlıqdan daha dərin bir anlam daşıdığını göstərməyə çalışır və bunu bacarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar