Süni mayalanmanı günah bilən deputata AÇIQ MƏKTUB  – Haramı başqa yerdə axtarın
13 iyun 2023 14:42 (UTC +04:00)

Süni mayalanmanı günah bilən deputata AÇIQ MƏKTUB – Haramı başqa yerdə axtarın

Bir dənə doğmağımız qalmışdı deputatların dilinə düşməmiş. O Milli Məclisdən əndrabadi təkliflərin gəlməsi ilk dəfə deyil. Necə deyərlər, əslində, deputatların əcaib təkliflərinə öyrəncəkliyik. Amma kişi deputatın arvadların necə doğmağına qarışmasına dözmək elə də asan deyil.

Deputat Siyavuş Novruzov deyir ki, süni mayalanma ilə uşaq dünyaya gətirməzlər. Ay atam, ay qardaşım niyə axı? Buna da cavabı var deputatımızın  - Allah verməyibsə, deməli, belə məsləhətdir. Yaxşı, onda Allah verdiyi korbağırsaq iltihablaşanda niyə kəsdirirsiniz? Günah deyil? Məsləhət olsaydı, elə korbağırsaq əvvəlcədən olmazdı da.

Ay Siyavuş müəllim, süni mayalanma nədir ki, camaat süni ürəklə yaşayır. Dünyada süni intellektin dayanmadan inkişaf etdiyi bir çağdayıq. Hər şeyi Çatbot (ChatBot) nizamlayır. Şirkətlərə rəhbərlik edirlər. İndi süni mayalanmanı problemə çevirənlərə ən azından gülərlər.

Çox öyünərək deyirsiniz ki, Milli Məclisdə dini komitənin sədri olduğunuz 5 il müddətində “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna mane olmusunuz. Bu qanunun qəbuluna mane olmaqla iş bitmir. Hamı bilir ki, Azərbaycanda süni mayalanma etmək üçün öz həkimlərimizlə bərabər əcnəbi ginekoloqlar da sıraya giriblər. Olan bu millətə olur ki, atəş bahasına edirlər əməliyyatı. Siz qanunu qəbul etsəniz, dövlətimiz də dəstək olacaq, övlad həsrəti ilə yanıb-tutuşanlara. Süni mayalanma edib övlad verirlər də bu ölkəyə, day gedib terrorçuluq etmirlər ki? Həmin süni mayalanmadan doğulan oğullar sabah gedib Vətəni müdafiə edəndə deyəcəksinizmi ki, yox, sən getmə. Çünki Allah sənin təbii yolla gəlməyini məsləhət bilməmişdi. Həmin uşaqlardan biri həkim olub, sizin həyatınızı xilas etməyə çalışsa, söyləyəcəksinizmi ki, o yana dur, sən məsləhətlə gəlməmisən bu dünyaya. Özü də deyim ki, onların sayı kifayət qədərdir.

Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılova ötən il demişdi ki, indiyə kimi Azərbaycanda 90 min süni mayalanma icra olunub. Bu il onların sayı yəqin ki, 100 mini keçib. Hələ nə qədər insan xarici ölkələrdə süni mayalanma etdirir. Yəqin ki, sizdə ölkədə bu cür dünyaya gələn uşaqların sayı ilə bağlı az-çox təsəvvür yarandı. İndi biz bu qədər balamıza günahdan doğulmuşlarmı deyək? Əgər o uşaq ana və atasının halal qazancı ilə ödədikləri əməliyyatdan dünyaya gəlibsə, kimin haqqı çatır ki, onları haramlıqda ittiham etsin? Niyə sizi onların yerinə haram pul yeyən korrupsioner uşaqları düşündürmür?

Milli Məclisdə müzakirəyə çıxarılacaq saysız-hesabsız problemlər var, müəllim. İndi onları sadalasaq, inanın ki, bu uzun siyahıda süni mayalanma məsələsinə yer qalmaz. Ümid edirəm ki, siz bunu ürəkdən söyləməmisiniz, son vaxtlar dəbdə olan “gündəmə gəlmək” niyyəti ilə çıxış etmisiniz. Yoxsa, sizdən möhkəm küsərdim.

Hə, sonda onu da deyim ki, siz Allah adamısınızsa bilməniz gərəkir ki, Allah məsləhət bilməsə heç süni mayalanma yolu ilə də uşaqlar doğulmazdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12831
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar