Azərbaycanda 1 iyuldan şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə müəyyən şərtlərlə icazə veriləcək.
Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, toylara icazə verilməsi qərarını dəstəkləsə də, şərtlər onu qane etməyib:
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu
“Toyların keçirilmə qaydası ilə bağlı bir neçə ay əvvəl başqa model təklif etmişdim. Təklifdə toyların açıq havada keçirilməsi yer alırdı. Burada ən əsası isə qədim adət-ənənələrimizə qayıtmaq idi. Belə ki, əvvəllər toylarda yemək-içmək yox, ancaq rəqs meydançası olurdu. Hamı gəlib doyunca rəqs edirdi və hədiyyəsini verirdi. Son illərdə isə bəzi şəxslər Azərbaycana elə toy modeli gətirdilər ki, qısa müddət ərzində hər şey tamamilə dəyişdi və toy mafiyası yarandı. Buna görə də, insanlar əvvəllər toy olanda sevinirdilər, indi isə buna sevinmirlər. ”.
Sosioloq qeyd edib ki, pandemiya şəraitindəki tətbiq edilən qaydalardan sonra vəziyyəti dəyişmək olardı:
“Bunun üçün əlimizə fürsət düşmüşdü ki, yenidən normal toy qaydaları yaradaq. Toylar bu şərtlərlə keçirilməli deyil, çünki ölkə üçün həmin toylar sosial bəla idi. Ondan mütləq qurtulmalıydıq, amma təəssüf ki, gözləntilərim özünü doğrultmadı və biz yenidən məyusedici toy formasına qayıtdıq.
Bildirim ki, Azərbaycana gələrək mövcud toy mərasimlərini görən əcnəbilərin hamısı təəccüblənir, şoka düşür, çünki ölkədə olan kimi heç bir yerdə toylarda 60-a yaxın yemək-içmək çeşidləri olmur”.
Ə.Qəşəmoğlu son olaraq vurğulayıb ki, toyların keçirilmə qaydalarına mütləq yenidən ciddi şəkildə baxılmalı və dəyişikliklər olmalıdır.