Texasdan olan yeni araşdırma sosial şəbəkələrin primitiv məzmununa dair tənqidləri təkzib edir. Sosial şəbəkələrin səthi məzmun bolluğuna görə tənqid edilməsinə baxmayaraq, Texas ştatında yerləşən Ostin Dell Tibb Məktəbi, Beylor Universiteti və Texas Universitetinin mütəxəssisləri tərəfindən aparılan yeni tədqiqat fərqli baxış bucağı təqdim edir.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 136-dan çox elmi nəşri və 400 min nəfərdən çox insanı əhatə edən araşdırmanın nəticələri göstərib ki, müasir texnologiyalarla fəal ünsiyyət quran yaşlı istifadəçilərdə koqnitiv pozuntular riski texnologiyalardan uzaq duranlarla müqayisədə 58 faiz aşağıdır.
Beylor Universitetinin psixologiya və neyroelmlər üzrə dosenti doktor Maykl K. Skallin qeyd edib ki, yaşlı insanlar texnologiyanı öyrənməkdə çətinlik çəkir və bəzən bu çətinliklər onları qıcıqlandırır. Lakin onun sözlərinə görə, məhz bu koqnitiv çətinlik zehni fəaliyyəti aktivləşdirir və intellektual formanın qorunmasına kömək edir.
Alimlərin fikrincə, tətbiqlərin yenilənməsi, israrlı reklamların bloklanması və ya Wi-Fi qurulması kimi gündəlik fəaliyyətlər zehni güc tələb edir və beyni məşq etdirir. Bu fəaliyyətlər zehni tükəndirmir, əksinə, koqnitiv aktivliyi stimullaşdırır. Bundan əlavə, rəqəmsal ünsiyyət yaşlı insanlara yaxınları, o cümlədən gənc nəsillə əlaqə saxlamağa imkan verir.
Araşdırmaçılar vurğulayıblar ki, real vaxtda yaxınları ilə görüşmək, eşitmək və anlarla bölüşmək imkanı tənhalığı azaldır və gündəlik həyatı daha dolğun və müstəqil edir. Tədqiqatın müəllifləri ailədə yaşlı nəsli rəqəmsal mühitə cəlb etməyi tövsiyə edirlər – bu, onların imkanlarını genişləndirməklə yanaşı, beyin sağlamlığını qorumağa kömək edir.