Şəmmədli qəbiristanlığı :11 sahibsiz qəbir kimindi? - REPORTAJ
10 noyabr 2021 20:15 (UTC +04:00)

Şəmmədli qəbiristanlığı:11 sahibsiz qəbir kimindi? - REPORTAJ

2019-cu il, aprelin 25-i. Neftçalanın Xolqarabucaq kənd sakini, Həsənalı Nəcəfov 25 ildən sonra oğlunun məzarını aşkarlayır. Düz oxudunuz, 25 ildən sonra. Düz 25 ildən sonra, oğlunun itkin düşməsindən 25 il sonra Həsənalı kişi eşidir ki, İmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarları var.
Ora yollanır digər oğluyla. Özüylə şəhid oğlu, 19 yaşında canından keçmiş İlqarın şəklini də aparır. Ürəyində azca da olsa ümid və həm də dəhşətli nigarançılıq. Görəsən bu qəbirlərin hansındadır oğlu? Bəlkə ümumiyyətlə burada yoxdur? Şəkli axund Hacı Adıgözələ göstərir. Axund şəklin dəfn olunan şəhidlərdən birinin şəkli ilə uyğun gəldiyi deyir. Amma…
Amma sonra başqa bir möcüzə baş verir. Elə bir möcüzə ki, bunu dünyanın gəlib-getmiş ən böyük rejissoru belə fikirləşə bilməzdi. 
Bu, ağla gələn bir şey deyildi. 
Bu, nəsə başqa bir şey idi
Bu, hətta möcüzədən belə ötəydi…
Və biz o möcüzədən mütləq bəhs edəcəyik, mütləq...

İndilikdə isə İmişlidəyik. “Cümə” məscidində. Axund Hacı Adıgözəlin hüzurunda. Vaxtı çox azdı hörmətli Hacının. Dostumuz Şəhriyara deyir ki, 15-20 dəqiqə vaxtı var, harasa tələsirdi. Gəlişimizin məqsədini deyirik. Və cavab?

- Əvvəlcədən desəydiniz kaş ki. 

Əslində, bu ədatın bizə gətirəcəyi uğursuzluğun hayındaydıq. Amma Hacı biləndə ki, gəlişimizin məqsədi nədi, - bəlkə də istəməzdi 27 il əvvələ, o müdhiş günlərə qayıtsın - tələskənliyi unutdu. “İlk dəfə açacam boğçamı”, dedi. Və Hacının boğça dediyi isə qalın bir qovluq.

İçində baxmağa belə ürək elmədiyim fotolar, müxtəlif sənədlər, bir də zərgər dəqiqliyi ilə çəkilmiş xəritə. Qəbiristanlıqda sırayla, nömrələnmiş qəbirlərin xəritəsi. 

Keçmişə qayıdır Hacı. Çox da uzaq olmayan keçmişə...

- Bizim rayona ilk şəhidlər 1992-ci il döyüşlərindən sonra gəlməyə başladı. Onları rəhmətlik atam Hacı Molla Cəmil ilə rayon rəhbərliyi ilə birgə dəfn edirdilər. O vaxt  gələn şəhidlər birbaşa valideynlərinə verilirdi. Amma 1993-cü ilin sonlarından şəhid sayı artmağa başladı. Hədsiz dərəcədə çox. O vaxt İmişliyə təkcə bizim rayondan olan şəhidlər gəlmirdi. Başqa rayonların şəhidlərini də bizi məscid qəbul edirdi. Həmin vaxt İmişlidə rəhbərlik də yox idi ki, bu prosesləri nizamlasın. Onlar üçün yer ayrılmamışdı, bununla bağlı rəsmi tapşırıq da verilməmişdi. O zaman şəhid sayının çoxaldığını gördükdə, biz də öz köməkliyimizi etməyə başladıq. Burada hərbi komissarlıq,  polis prokurorluq iş görmürdü. Bu işlərə faktiki mən rəhbərlik edirdim.

21 yaşlı rayon axundu. Təsəvvür edirsiniz? Elə olurdu onlarla şəhid gəlirdi bir gündə. Əvvəlcə onları gətirən maşınların markasını, nömrəsini qeyd edirdim. Sonra gətirənləri sənədlərini qeydə alırdım. Həmin şəhidlərin üstünü axtarırdıq. Çünki kim olduqlarını bilmirdik. Kimliklərini təyin etmək üçün axtarış edirdik. Səhərə qədər yatmırdıq, heç birimiz. 

Hacı deyir ki, şəhidlərin bəziləri demək olar ki, tikə-tikə, bəziləri yanmış, bəziləri tanınmaz vəziyyətdə gətirilirdi. Hərdən bir palazın arasında 3-4 cəsəd olurdu. 

- Sonradan bir sıra problemlərlə üzləşdik. Bu adamların bəzilərinin kimliyi məlum olmadı. 

- Üstlərindən heç bir sənəd çıxmadı?

- Xeyr, heç nə. Axtarırdıq, ancaq heç bir şey tapmırdıq. Eləsi olurdu papağına, kəmərinə yazmışdı adını, eləsi də olurdu adını yazıb güllənin içinə qoyurdu. Heç nəyi yox idi. Belə problemlər yaranmağa başladı. Amma mən bunları dəfn etməli idim. Əvvəlcə xahiş elədim ki, fotoqraf göndərsinlər. Cəsədlərin şəklini çəkirdik və o şəkilləri çıxartdırıb gətirirdik. Daha sonra qeydiyyat aparırdım ki, həmin adamı hansı tabuta qoyuram. Tabutları nişanlayırdıq. Çünki qoyacağım tabutun yerini də nişanlayacaqdım ki, bilim hansı qəbirdə dəfn etmişəm. Sabah həmin adamın şəxsiyyəti məlum olduqda, mən gəlib qəbrin üstündə durub deməliyəm ki, buranı qaz. 


O vaxt başqa bir problemlə də rastlaşırdıq. Həmin dövrlərdə meyit alveri edənlər var idi. Pul alıb, şəhid satırdılar. Valideynə oğlunu tapdım deyib pul alırdılar. Mən bunları edən şəxsləri tanımırdım. Ona görə də ölənlərin çapığı, döyməsi, qızıl dişi varmı, saçının rəngi nədir, qulağı necədir deyə, ən xırda məlumatları belə qeyd edirdim. Məni aldatmasınlar deyə bunları etməyə məcbur idim. Mən bu müharibə dövründə Füzuliyə getmişdim. Orada gördüm ki, mənim o vaxt tək gördüyüm işi 30 nəfər mütəxəssis görür. Bununla yanaşı, bir ağrılı məqam da vardı. Bura üz tutan, balalarını axtaran valideynləri də sakitləşdirmək, təskinlik vermək lazım idi. Elə ən dəhşətli məqamlardan biri də bu idi.

Hacı danışır ki, problem, faciə bununla da bitmirmiş. Rayonda şəhidləri dəfn etməyə, təsəvvür edin tabut belə tapılmırmış.

- Bir də görürdün gecə saat 2-də qəbiristanlıqda tabut yığırdıq. Adi taxta tabut yox idi, tapa bilmirdik. Sağ olsun, o vaxt Şükür müəllim var idi, bizim “Avtobaza”nın müdiri, Teyyub Əhmədov var idi. Onlar vaqonla “DSP” gətrib tabut düzəldirdilər. Heç nəqliyyat da çatmırdı. Lənkərandan tutmuş Zaqatalaya qədər şəhid göndərirdik. Ancaq maşın ehtiyatımız çox az idi. 
Yadımdadı, bir dəfə biri gəldi. Üstü silahlı, qumbaralı. Gəlib dedi ki, mən canımı vermişəm, gəlmişəm bura. Siz tabut tapa bilmirsiniz? Gedirəm İcra Hakimiyyətini partladacam. Atam ağsaqqal adam idi.

Onun qabağını kəsdi. Xahiş etdi, az qalsın yalvarırdı ki, getməsin. Onun bütün silahlarını aldı, gizlətdi. Ondan sonra göndərdik onun adamının tabutunu. Mən özüm nə qədər güllə, qumbara yığmışdım? Təhvil verdim. Hamısı şəhidlərin üstündə gəlmişdi. 

Hacı deyir ki, şəhidlərin bəzilərini kəfənə qoyub basdırırlarmış, bəzilərini isə kəfənsiz. Həmsöhbətimiz bunu şəriətlə izah edir.

- Şəriətin qanunu var ki, kim döyüş meydanında vurulub və orda da canı tapşırıbsa, tibbi yardım olunmayıbsa, o zaman üstündəki paltarı soyundurmaq haramdır. 
Sizə bir hadisə danışım. Bir neçə il bundan əvvəl Beyləqandan bir adam gəlmişdi, burda kəbin kəsdirirdi. Mənə dedi ki, ver əlindən öpmək istəyirəm sənin. Dedim ki, niyə? Xoşlamıram mən belə şeyləri. Dedi, diqqətlə bax mənə. Baxdım amma tanımadım.  Dedi ki, mən həmin o beyləqanlı kişiyəm ki, oğlumu itirmişdim gəldim burada tapdım. Deməli, o vaxt bunu gətiriblər ki, sənin oğlun şəhid olub. O da gəlir burda şəkillərə baxır, gedir. Bir dəfə, iki dəfə, üçüncü dəfə gəlib otaqda oturub ağladı. Qayıtdı ki, mənə deyirlər ki, sənin oğlun burdadır. Mən də dedim ki, sənə kömək edə bilərəm. Soruşdum ki, oğlunun xüsusi bir əlaməti varsa mənə de. Dedi hə, filan yerində, filan işarəsi var. Naməlum meyitlərin əlamətlərini yazdığım dəftəri axtarmağa başladım. 
Axtaranda onun birini tapdım. Gördüm dediyi əlamət burda var. Sonra dəftərdə nömrələdiyim şəkli götürdüm. Şəkli görəndə dəhşətə gəldim. Demək olar ki, şəhidin başı tamamilə parçalanmışdı. 

Hacı deyir ki, o vaxt 50 nəfər naməlum şəhid gətirilmişdi İmişliyə. Onlardan 13-nün sahibləri gəlib çıxdığından dəfn etmədən verib onlara. Ümumilikdə, 37 şəhidi dəfn edib.

- Bundan sonra 25 nəfəri də tapıb verdik, 12 nəfər qaldı. Qeyd etmək istəyirəm ki, o 12 şəhidimizin məzarı burdadır. Ancaq digərləri İslam qaydasına uyğun daşınıb. 

 


Bundan sonra bu məsələ dövlət səviyyəsinə qalxdı. Qırmızı Xaç Cəmiyyəti də işə qoşuldu. Komissiya təşkil olundu. 3 gün demək olar ki, biz o qəbiristanlıqda işlədik. Ancaq yenə bir problem yarandı. Çünki hadisənin üstündən 26-27 il keçmişdi. Qəbirlər qarışmışdı. Hansı qəbirin dolu və ya boş olduğunu təyin etmək çətin idi. Hətta baş daşlarını da götürmüşdülər. Qəbir yerlərinin hamısı düzləşmişdi. 

Və Hacı bir möcüzədən danışır. Deyir, bir oğlan gəlibmiş. Qardaşını tapmaq istəyirmiş. Atası da onunla olub. Onlar Hacıyla bərabər qəbiristanlığa gəliblər. Amma qəbir yerləri sanki yuxarıda da deyildiyi kimi düzlənibmiş. Hər yeri ot basıbmış. 

- Otu biçmək lazım idi, dəryaz yox idi. Mən zəng elədim bir tanışıma, dedim qəbiristanlığa bir dəryaz gətir. Qayıtdı ki, 2-3 saata ancaq gələ bilər, çünki rayondan kənardadı. Elə onunla söhbəti bitirmişdim ki, sanki Allah bura iki nəfər göndərdi, çiyinlərində də dəryaz. Heç birini də tanımırdım. Sakicə otu biçib getdilər. Şəhidin atası yox, qardaşı torpağın üstündə o yan, bu yana getməyə başladı. Birdən dayandı. İki addım da atıb hönkürməyə başladı. Dedi, mənim qardaşım bu torpağın altındadır. Dedim, dəqiq deyə bilmərəm. Gərək dəftərimə baxım. Sənədləri gətirdik. Baxdıq. Həqiqətən də oğlanın qardaşının cəsədi. Bunu izah etmək mümkün deyil. 
Hər tərəfi qazdıq. Bütün şəhidlərimizin cənazələrini yenidən çıxartdıq. Eləsi var idi ki, heç paltarı çürüməmişdi. Daha sonra yenidən DNT testi götürdülər. Dövlət səviyyəsində çıxarılmış 2 nəfəri yenidən, orada bir qəbiristanlıqda dəfn etdilər. Onlardan birini əvvəldən mən təsdiq etmişdim ki, yevlaxlı birinin uşağıdır. DNT testi də onu təsdiq etdi. Qalan 11 nəfər isə həmin yerdə basdırıldı.
Hə, bu gün İmişlinin Şəmmədli qəbiristanlığında 11 naməlum şəhid uyuyur. Kimlərinsə oğlu, qardaşı, atası. Bəs kimdir bu adamlar?..

Bakı-İmişli-Bakı

 

# 12744
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar