Şəkidə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu ilə vida mərasimi keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-i axşamdan başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsən istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət keçmiş hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Şəki şəhər sakini əsgər Fərid Qiyas oğlu Lətifovun cənazəsi bu gün doğulduğu Şəki şəhərinə gətirilib.
Fərid Lətifovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şəki Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.
Şəhid Fərid Lətifov Şəki şəhəri ərazisindəki “Şəhidlərin Xatirə Kompleksi”-nin yerləşdiyi qəbiristanlıqda torpağa tapşırılıb. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.
Kəlbəcər istiqamətində şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq xidmət edən 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu Goranboyda dəfn edilib.
Şəhidin nəşi əvvəlcə yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gətirilib. Onunla evində vida mərasimi keçirilib. Daha sonra 20 yaşlı şəhid rayonun Balakürd qəbiristanlığında (Şəhidlər Xiyabanında) torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak edib. Şəhid tabutuna bükülən üçrəngli bayraq Goranboy rayon icra hakimiyyətinin başçısı tərəfindən ailə üzvlərinə təqdim olunub. Daha sonra havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, şəhid Səfiyar Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyənin “Yurdda sülh, cahanda sülh” medalı ilə də təltif olunub.
Kəlbəcər istiqamətində şəhid olan 2003-cü il təvəllüdlü İmamquliyev Ümid Vüqar oğlu da Goranboyda dəfin edilib.
Şəhidin cənazəsi bu gün doğulduğu rayonunun Qaradağlı kəndinə gətirilib. Yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Vida mərasimindən sonra şəhidin nəşi kənd qəbiristanlığına gətirilərək dəfn olunub.
1997-ci il təvəllüdlü şəhid Hüseynov Səddam Rafiq oğlunun nəşi Tovuz rayonunun Çeşməli kəndinə gətirilib.
Şəhidlə vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib. Daha sonra şəhid Səddam Hüseynov kənd qəbiristanlığında dəfn edilib. O, iki ilə yaxın idi ki, ordu sıralarında xidmət edib, müddətdən artıq xidmət edən hərbi qulluqçu xidməti dövründə ona verilən tapşırıqları layiqincə yerinə yetirib. Dəfələrlə onun uğurlu xidmətləri sayəsində düşmənin bir çox təxribatının qarşısı uğurla alınıb. Sonuncu dəfə Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub.
26 yaşlı şəhid Məmmədli Namiq Ağəmməd oğlu ilə Bərdə rayon Təhlə kəndində vida mərasimi keçirilib.
Mərasimdə rayon icra başçısı, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçi dostları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib.
Şəhid Namiq Məmmədli yaxınlarının dəfn olunduğu, Bərdə rayonu, Bərcivan kəndində torpağa tapşırılıb.
Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Salyan rayonunun Qaraçala qəsəbə sakini, 2003-cü il təvəllüdlü Hüseynov Elmir Abdul oğlu Salyanda dəfn edilib.
Şəhidin nəşi doğulduğu Qaraçala qəsəbəsinə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra 19 yaşlı şəhid Qaraçala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü şəhid Zaqatala rayon Qımır kənd sakini əsgər Turan Tərlan oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu kəndinə gətirilib.
Turan Məhhərəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.
Şəhid Turan Məhhərəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Onun cənazəsi üzərindəki üç rəngli Azərbaycan bayrağı atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, Turan Məhhərəmov nişanlı idi, oktyabrın 9-u onun toy mərasimi olmalıydı.