Sabiq nazirə sərt məktub yazan prorektor: Qızıl külçələr, valyuta... -   UNUDULAN MƏTBUAT KATİBLƏRİ
03 dekabr 2021 20:15 (UTC +04:00)

Sabiq nazirə sərt məktub yazan prorektor: Qızıl külçələr, valyuta... - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir.

Layihəmizdə bu gün Təhsil Nazirliyinin sabiq mətbuat katibi Bayram Hüseynzadədən bəhs edəcəyik:

Bayram Hüseynzadə 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların yenidən hazırlanması fakültələrini bitirib.

1997-1998-ci illərdə “Bakı Universiteti” qəzetinin baş redaktoru olub. Daha sonra isə Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrində çalışıb. Dörd kitabın redaktorudur. “Qızıl qələm” mükafatçısı, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

2007-ci ildən 2017-ci ilədək  “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru olan sabiq mətbuat katibi “Əməkdar jurnalist” fəxri adına da layiq görülüb. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bayram Hüseynzadə Təhsil Nazirliyindəki fəaliyyətində danışarkən bildirir ki, həmin dövr mətbuat xidmətlərinin yeni-yeni formalaşdığı zaman idi:

“Mən  mətbuat xidmətinin rəhbəri olanda bizim üçün ən çətin olan televiziyalarda insanların müxalifyönlü suallarını cavablandırmaq idi. O zaman hansı kanalı açsaq təhsildən söhbət gedirdi. Yaxşı müzakirələr aparılırdı. Düzünü qeyd edim ki, bunun səbəblərindən biri də Təhsil Nazirliyindəki rəhbərlik idi. Həmçinin o vaxt elə böyük qurumlar var idi ki, heç onların mətbuat xidmətləri yox idi. Təhsil Nazirliyinin mətbuat xidməti də ilk formalaşanlardan olmuşdu”.
 
Bayram Hüseynzadə Əlin İnsanova yazdığı açıq məktubla da gündəmdə olub. O, keçmiş səhiyyə naziri haqqında deyirdi:

“Bu günlərdə sizin sosial şəbəkələrdə verilmiş bir neçə müsahibənizə baxdım. Dediyiniz yalanlarla hər kəsi, hətta özünüzü belə inandırmağa çalışırdınız ki, siz səhiyyə naziri vəzifəsində çalışdığınız 12 il ərzində  kimsədən rüşvət almamısınız. Televiziya ekranlarında dəfələrlə nümayiş etdirilən dəbdəbəli saraylar, qızıl külçələr, saymaqla bitməyən pullar, valyutalar sizə məxsus deyil. Hamının bildiyi bu acı gerçəkləri danmaq özünü ziyalı, alim, akademik hesab edən bir kəsə yaraşarmı, Əli müəllim?”

2013-cü ildə vəzifədən gedən sabiq mətbuat katibi hazırda Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Bakı Mühəndislik Universiteti İlk Ərazi Təşkilatının sədridir. Ailəlidir, 3 övladı var.

# 14607
avatar

Aytəkin Cəlali

Oxşar yazılar