Reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddənin adının) olmadığı hallarda (üç və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) reseptdə latın əlifbasında əmtəə nişanı adı yazılır.
Reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ingilis dilində, təsiredici maddənin dozası, dərman vasitəsinin farmasevtik forması və dərman vasitəsinin istifadə qaydaları isə Azərbaycan dilində yazılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.