"Mən çox istərdim Azərbaycan Ermənistana və Gürcüstana təklif etsin ki, Avropa İttifaqı modelində bir birlik quraq. Bu Cənubi Qafqazda yeni münaqişə və qarşıdurmaları aradan qaldırar".
Lent.az-ın xəbərinə görə, bunu moderator.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.
"Biz övladlarımıza, gələcək nəsillərə daha təhlükəsiz və firavan həyat təmin edə bilərik.1870-1945-ci illərdə Almaniya və Fransa arasında 3 dağıdıcı müharibə olmuşdu. 1951-ci ildə Fransa və Almaniyanın liderliyi ilə Avropa İttifaqının əsası sayılan "Avropa Kömür və Polad Birliyi" iqtisadi maraqlardan daha çox gələcək müharibələri önləmək, təhlükəsizlik məqsədilə yaradılmışdı. Biz də Ermənistanla belə bir birliyə nail olsaq, onda nə dəhlizlərə, nə sərhəd-keçid məntəqələrinə ehtiyac qalacaq. İqtisadi, humanitar, mədəni əlaqələr yaranacaq, malların sərbəst dövriyyəsi, azad gediş-gəliş olacaq. Buna nail olsaq, bölgə çiçəklənər, təhlükəsizlik təmin olunar".
Deputat bildirib ki, bu birlik qardaş Türkiyə ilə də gediş-gəlişi, əlaqələri də xeyli asanlaşdırar: "Hesab edirəm ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edərsə, sivil dünya da bizi alqışlayar".