Qanunsuz silah saxlamağın cəzası nədir?
11 aprel 2023 18:00 (UTC +04:00)

Qanunsuz silah saxlamağın cəzası nədir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu qanunsuz silah saxlama ilə bağlıdır.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatlarda tez-tez qanunsuz silah saxlama faktlarına rast gəlirik. Xüsusən də, ov tüfəngləri tapançalar da, bəzən də “Kalaşnikov” markalı avtomat vətəndaşlardan götürülür.

Bəs görək, bu barədə qanunvericilikdə hansı müddəalar mövcuddur və qanunsuz silah saxlamanın cəzası nədir?

Qanunsuz silah saxlama, üzərində gəzdirmə, satma, başqasına vermə və s. kimi hallar Cinayət Məcəlləsinin 228-ci maddəsində əks olunub. Maddənin birinci bəndində göstərilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin 2 və 3-cü bəndlərinə əsasən, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə 228.1 və ya 228.2-ci maddələrdə nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə tətbiq edilir.

Həmçinin maddənin sonuncu, dördüncü bəndində göstərilir ki, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, 320 400 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Ancaq bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11730
avatar

Oxşar yazılar