I HİSSƏ
2014-cü ilin avqustu, Goranboyun Ağcakənd qəsəbəsindəyəm, “Əsir düşərgəsi” üçün qəhrəman axtarıram.
Dağların arasındayam – sağımda yamyaşıl, uca dağ, solumda isə bomboz, bir ot belə bitməyən dolanıb gedən dağ var...
Yerli camaat ot bitməyən dağı göstərib “Ermənilər bu dağın arxasındadır” deyir...
“Əsarət belə şeydir... ot da cücərmir...” düşünürdüm ki, telefonum zəng çalır. Bacımın yeddi yaşlı oğlu təlaşla, birnəfəsə danışırdı:
- Televizorda eşitdim, cəbhənin sən olan istiqamətində atəşkəs pozulub. Ehtiyatlı ol! Bilirsən də, güllə səsi gələndə müsahibədə də olsan, yerə uzanmaq lazımdır...
Davamını dinləyə bilmirəm...
İllər öncə tez böyümək, yaddaşımda, həyatımda olan müharibə ilə bağlı bütün izləri silmək, unutmaq arzusu var idi. Elə bilirdim keçmiş nə qədər keçmişdə qalsa, o qədər uzaqda olacaq. Onun bizi qarşıda gözləyəcəyi ağlıma da gəlməzdi...
Məşhur mahnıdakı kimi:
Görmədik biz gül dəstəsi,
Görmədik biz oyuncaq...
Ata səsi, ana səsi
Eşitmədik doyunca...
Sən demə daha dəhşətlisi varmış. Biz körpələrimizə çözülməmiş dərdlər saxlamışıq. Halbuki bu yaşda onların başqa problemləri olmalı idi...
Bunları düşünə-düşünə addımlayanda, sağ tərəfdəki darvazanın qarşısındakı torpağa sancılmış dəmir parçası diqqətimi çəkir. Bunu müharibədən öncə Ağdamda görmüşdüm. Bəzi insanlar darvazalarının qarşısına ayaqqabılarının palçığını təmizləmək üçün belə dəmirlər sancırlar. Dolanıb gəldikləri yolların palçığını həyətlərinə – həyatlarına qarışdırmamaq üçün... Təmiz, yüngül və hüzurlu yaşamaq üçün...
Bizim – müharibə görən bütün insanların belə bir dəmir parçasına ehtiyacı var. İllərlə üst-üstə yığılan dərdləri ora çəkib, həyata rahat, yüngül, hüzurlu davam etmək üçün...
Dəmirin şəklini çəkəndə qonşular ev sahibinin Xocalı faciəsi zamanı ailəlikcə girov düşdüyünü dedilər. Salman Abbasov 1940-cı ildə dünyaya gəlib. Faciədən sonra ər-arvadın heç birinin ayağında barmaq yoxdur...
Söhbət edirik. İlk sözlərini olduğu kimi təqdim edirəm:
- Müharibə başlasın, mütləq gedəcəyəm. Əsgərlərimiz uşaqdır, ola bilsin yaxşı hazırlıqlı hərbçilərdilər. Yaxşı döyüşə bilirlər. Amma onlar o yolu-izi tanımırlar. Mən oraları ağac-ağac, kol-kol tanıyıram. Ayağım yer tutmasa da, ağacla dabanlarımın üstündə gedəcəyəm. Ordumuzun əsgərlərinə yolu göstərəcəyəm...
Keçmişdən söz salanda isə fikrə gedir. Çayından dalbadal bir neçə qurtum alıb, boş stəkanı ovcunda sıxır. Qırıq-qırıq cümlələrlə sözə başlayır:
- Kolxozçu idim... Hadisə vaxtı ailəmiz doqquz nəfərdən ibarət idi – iki oğlum, üç qızım, gəlinim, yoldaşım Bəsti, mən və məndən böyük bir bacım var idi, Məryəm... Mənimlə yaşayırdı...
- Uşaqlar hamısı böyük idi?
- Ən kiçik qızım Nərgizin doqquz yaşı var idi. Böyük qızım Məruzənin isə iyirmi bir...
- Hadisə vaxtı harada idiniz?
- Artıq aylardır yuxu nədir, bilmirdik. Hər gecə güllə-boran idi... Ekskavatorla həyətdə yer qazdırmışdım, elə ilk güllə səsindən hamımız düşüb otururduq orada...
- Necə yer idi?
- Torpağın altını qazıb yer düzəltmişdim. Üstünə isə haradasa on “KamAZ” torpaq tökmüşdüm. Dərinliyi iki metr idi, amma uzun yer idi. Təxminən otuz nəfərə qədər adam yerləşərdi. Bütün ailə ora düşürdük. Qonum-qonşu da gəlirdi. Həmin gecə də hamımız ora yığılmışdıq... Dəhşətli səslər gəlirdi... Nə qədər dərinlikdə idik, orada da torpaq tir-tir əsirdi... Arada çıxıb səmaya baxdım, elə bil göydən od tökülürdü... Necə yağış yağar, bax elə idi... Amma od-alov yağırdı...
***
Aylardır işıqsız qalan Xocalını bu gecə güllələr, mərmilər işıqlandırırdı... Salman gördüyü mənzərədən donaraq gözlərini səmaya zilləmişdi ki, Ahıska türkü olan bir qadın qucağında körpəsi ilə həyətə girdi. Qadın az qala havalanmışdı. İndicə dəhşətli bir hadisənin şahidi olubmuş kimi, təlaşlı idi. Dili topuq vurur, gah qışqırır, gah da pıçıldayırdı:
- Ay Salman qardaş, siz hələ buradasınız? Niyə dayanmısınız? Nəyi gözləyirsiniz? Bizimkilərin hamısını tutdular, hamısını... Durmayın, qaçın! Gizlənməklə olmaz, artıq şəhərə giriblər, mühasirədəyik... Qaçaq görək başımıza nə gəlir...
Qadın bunu deyib, körpəsini bağrına basıb, yola düzəldi...
Salman təlaşla aşağı endi:
- Tez olun, çıxmalıyıq! Mühasirədəyik!
Onlar ailəlikcə yola çıxıb qaçanda, artıq gecə saat dördün yarısı idi...
Hamı kimi Kətik meşəsinə tərəf qaçırdılar. Özlərini Qarqar çayına atıb, meşəyə çıxdılar. Çayda islanmış ayaqla qara girəndə, Nərgiz titrətməyə başladı. Məruzə bacısını kürəyinə aldı...
Onlar Kətiyin başına qalxana qədər səhər açıldı...
***
- Meşənin başından Xocalını rahat görmək olurdu. Səhər açılanda baxıb gördük ki, şəhər od tutub yanır... Ətrafa meyitlər səpələnib... Adamlar yaxınlarını axtarır, nalə çəkirlər... Atəş səsləri qulaq batırır...
- Bütün ailə dağın başına qalxa bilmişdi?
- Hə, ora sağ-salamat qalxa bilmişdik. Pis vəziyyətdə idik, amma heç kimi itirməmişdik. Evdən rezin başmaqda çıxmışdıq. Elə qara ilk ayağımızı basanda çıxıb qaldı qarda. Qarın içində ayaqyalın idik... Bircə qızım Məruzə balaca qızımı kürəyinə almışdı deyə, onun ayağı yaxşı idi... Bir neçə gün orada qaldıq, qarın içində gəzib, yol axtarırdıq... Sonra artıq günlərin sayını itirdik, neçə gündü burdayıq, bilmirdik... Ağacların ucundan nə tapsaq, Nərgizin ağzına sürtürdük ki, ac qalmasın...
- Ailənin bütün üzvləri sizinlə idi?
- Yox. İkinci oğlum Şakir polis idi, aeroportda Əlif Hacıyevin yanında işləyirdi, qalmışdı arxada... Biz onu qoyub getmışdık... Sonra biz meşədə olanda başqa bir dəstə ilə gəlib bizi tapdı. Neçə gün sonra da bizimlə olan oğlanlarım - Mərkəzlə Çərkəzi meşədə itirdik...
- Necə oldu ki, itirdiniz?
- Atışmada qarışıqlıq düşdü, hərə bir tərəfə dağıldı. Sonra bir-birimizi tapa bilmədik. Əsir düşəndə uşaqlarımdan yanımda bircə qızlarım var idi...
***
Günlər keçir, hava get gedə soyuyur, islaq paltarları donur, acından taqətlərini itirirdilər. Danışmaq istəyərkən dişləri bir-birinə dəyir, titrəyirdilər. Yol axtararkən o qədər güllədən, dondan ölən meyitlərin yanından keçmişdilər ki, artıq nə qədər ömürləri qaldıqlarını bilmirdilər. Bir saatmı, bir günmü... Günlər keçir, onlar isə qarın içində, meyitlərin arası ilə sağa-sola dolaşır, çıxmağa yol axtarırdılar... Bəzən qara batır, bir-birlərinin köməyi ilə oradan çıxırdılar...
Kətik dağının arxası ermənilərin yaşadığı kəndlər idi. Bu kəndlər tərəfə gedəndə onlara açılan atəşdən geri qayıtdılar. Araya sakitlik çökəndən sonra geri dönüb baxanda adamlarının xeyli hissəsi qarın üstündə ölüb qalmışdı... Başqa istiqamətə üz tutdular, yenə eyni vəziyyətlə rastlaşdılar. Hər dəfə düşmənlə rastlaşanda dəstələrindən bir az da adam azalırdı... Salman əmin oldu: “Hər tərəfdən mühasirədəyik. Ağdam tərəfə keçmək heç cür mümkün deyil!”
Elə donmuşdular ki, qarın üstündə hərəkət etmək daha da çətinləşmişdi. Bu gün də yol tapıb meşədən çıxmasalar, xilas ola bilməyəcəkdilər...
Əsgəranın Pircamal kəndinə yaxınlaşdılar. Ya indi, ya da heç vaxt deyib, diqqət cəlb etmədən buradan Ağdama keçmək istəyirdilər ki, balaca Nərgiz acdığı üçün ağlamağa başladı. Uşaq səsi ilə atəş səsləri sanki eyni vaxtda eşidildi...
Üstlərinə hər tərəfdən güllə yağırdı. Bu qarışıqlıqda yenə pərən-pərən düşdülər...
***
- Neçə nəfər idiniz?
- Dağın başında yetmiş nəfərəcən idik. Yarısı qadın, yarısı kişi, haradasa on uşaq da var idi... Biri də bizim idi. Balacamız Nərgizin səsinə bizi mühasirəyə salıb güllələdilər. Hərəmiz yıxıldıq qaldıq bir tərəfdə. Kolun altından tökülüb gəldilər, nə qədər adamı tutdular. Elə iyirmi beş nəfəri oradaca güllələdilər...
- Sizin ailədən ölən oldu?
- Bacım Məryəm, gəlinim Gülzar... Həm də səkkiz aylıq hamilə...
- Hamınız eyni yerdə idiniz?
- Atışma başlayanda pərən-pərən düşdük. Qaçanda yarımız yuvarlandıq çalaya. Çala çox idi, qızım. Adamlar sürünərək qaçmışdılar, bədənləri ilə qarın içində çala düzəltmişdilər. Elə qaçmağımıza da bu çalalar mane olurdu... Yəni yer elə bil ki, şumluq idi... Üzüstə düşmüşdüm, tərpənməyə heyim yox idi. Elə azacıq başımı qaldırdım ki, adamları necə döyürlər... Qadınlar ayaqlarına düşüb yalvarırdı ki, “burax”, vururdular... Hamısını yığıb yığışdırıb, qabaqlarına qatıb apardlar... Əl-ayağı donmuş, aclıqdan, yorğunluqdan bir təhər olan adamları necə amansızcasına döyərək aparırdılar...
- Həmin dəstədən kimlər qaldı?
- Mən, yoldaşım, üç qızım və iki başqa yaşlı qadın... Olardı hardasa əlli yaşları... Bir də on bir cavan oğlan. Biz çalanın elə yerində idik ki, bizi görmədilər.
- Oğlanlarınız?
- Tapmadıq... Yoldaşımla qarın içi ilə sürünərək, bütün meyitlərə baxdıq. Oğlanlarım yox idi... Dedik yəqin onları da apardılar... Qaldıq belə... Çarəsiz...
***
Meyitlərin arasında övladlarını tapmayan Salman ilə Bəsti qarın içinə çöküb bir-birinə baxırdılar. Gəlin öldü, oğlanları isə yoxdur... Bir neçə günün içində üç oğul əllərindən getdi. Necə oldu bilmirlər, nə meyitləri var, nə də izləri. Ər-arvad elə donmuşdular ki, nə ağlaya bilirdilər, nə də danışa... Fikir eləməyə, dərd çəkməyə, oğul ağlamağa vaxt da yox idi. Çünki bir az aralıda qızları – üç bacı bir-birinə qısılıb oturmuşdu. Salman ilə Bəsti həmişə bir-birlərini baxışlarından anlayırdılar. İndi də elə oldu. Çətinliklə ayağa qalxdılar:
- Bu qızları buradan çıxartmalıyıq...
***
- Elə bir sıldırım yerdə idik ki... Dedim kəndin qırağı ilə getsək, postlar var, bizi tutacaqlar. Gəlin gecə vaxtı kəndin içinə girib, sakitcə gedək... Allah kərimdir, şübhələnməzlər. Rast gəlsələr də, siz susun, mən danışaram. Erməni dilini yaxşı bilirəm, onlarla çox işləmişəm axı... Daşla, qaya ilə sürüşə-sürüşə endik aşağı... Aşağı çatanda da baxdım ki, qızlarımın ikisi yoxdur... Təzədən dəli oldum. Niyə mənim balalarım bir-bir yoxa çıxır dedim. Niyə mən yoxa çıxmıram, niyə hər dəfə balalarım itir...
***
Qızlarını xilas etmək üçün oğlanlarının dərdinə dözməyə çalışan Salman, artıq dözə bilmirdi. Hönkürərək, nə çətinliklə endiyi qayalara dırmaşıb, geri qayıdırdı. Barmaqları elə donmuşdu ki, yuxarı çıxa bilmir, hər dəfəsində sürüşüb aşağı düşürdü... Günlərdir qarın içində ayağının əti tökülüb, sümüyü qalan Salman qaya parçasına çırpılan daban sümüklərinin xırçıltısını eşidirdi...
(Davamı olacaq...)