Poliklinikaların önündəki sıxlığın səbəbi nədir?
28 avqust 2021 22:14 (UTC +04:00)

Poliklinikaların önündəki sıxlığın səbəbi nədir?

Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

APA TV xəbər verir ki, vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

İşin rəsmi və icbari tərəfi aydındır. Vətəndaş növbə götürüb peyvənd olunmalıdır. Praktiki olaraq isə, vəziyyət göründüyündən dəfələrlə müşküldür. Hər gün sübh çağından etibarən poliklinikaların önündə yaranan tıxac həm yoluxma sayının artması, həm də içəri növbəsiz keçən şəxslərin yaratdığı narazılıqlar cəhətdən problemlidir. 1, 16 və 20 saylı poliklinikalar sözügedən problemlərin əyani nümunəsi kimi qarşımızdadır.

Qapının üzərinə yazılıb ki, “randevu götürün”. Randevu götürənlər də, bax, burada dayanıb növbə gözləyir. Onlayn növbə götürənlərə əlavə növbələr verilir və 300, 400, hətta bəzən 500-ə qədər növbələr yaranır. Yəni, bu qədər insan niyə burada gözləməlidir? Hətta içəri bəzi insanlar ümumiyyətlə, növbəsiz buraxılır. Bu problemin fəsadları nələrdir və necə aradan qaldırılmalıdır? Məsələ ilə bağlı araşdırma apardıq”.

- 400 adama nə vaxtdan bir dənə həkim düşür? 2-3 həkim qoysunlar, otursun da. Millət saat 7, 8, 9-dan buradadır. 400 adamı sən necə çatdıracaqsan? Mən birincidə onlayn növbə götürdüm, onda biraz yaxşı idi. İkincidə deyirlər, lazım deyil, burda növbə verirlər”.

- Günün altında dayanmışıq. Ac-susuz. Bizdən bunu tələb eləyirlərsə, şərait yaratsınlar da. Deyirlər, yoluxan var. Yoluxarlar da. Hamı bir-birinin dibindədir də.

- Gözləmişəm, bəli. Girmişdim içəri. Səhər saat doqquzdan burdayam.

Məsələ ilə bağlı Səhiyyə nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov deyir ki, sıxlıqların başlıca səbəbi vətəndaşların onlayn növbə götürmədən tibb məntəqələrinə yaxınlaşmasıdır. Onun sözlərinə görə, tibbi personalın əsasən qadınlardan ibarət olması növbələrin tənzimlənməsini daha da çətinləşdirən məqamlardandır: “Vətəndaşlarımızın əksəriyyəti koronavirus əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən gəlirlər poliklinikaya. Bu da təbii ki, tibb müəssisələrində böyük sıxlığa səbəb olur. Buna baxmayaraq orada çalışan orta tibb işçiləri, hətta həkimlər belə onlayn növbə götürməyən vətəndaşlara öz şəxsi mobil telefonlarından növbə götürür. Bu da böyük vaxt itkisinə gətirib çıxarır və poliklinikaların həyətində böyük növbələr yaranır”.

Bəzi poliklinikaların baş həkimləri tərəfindən yerli icra orqanlarına müraciət olunduğu deyən şöbə müdiri Xətai və Nərimanov rayonlarındakı sıxlığın aradan qaldırılması üçün iki əlavə məntəqənin yaradıldığını da vurğulayıb.

Lakin professor Adil Qeybullanın sözlərinə görə sıxlığın aradan qaldırılması üçün kiçik guşələrin yaradılması da kifayət edir: “Qapalı məkanda vaksinasiya olunmaq daha risklidir. Ona görə də açıq guşələrin yaradılması lazımdır. Təbii, yerli əhalinin tələbinə uyğun olaraq tibb məntəqələrinin də sayı azdır və sıxlıq da buna görə yaranır. Ancaq açıq hava şəraitində, müxtəlif ticarət mərkəzlərinin ətrafında vaksinasiya guşələri yaradılarsa, sıxlıqlar aradan qaldırıla bilər”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi peyvəndlənmə zamanı yaranmış növbələrlə bağlı artıq bir sıra yerli icra orqanlarına müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Oxşar yazılar