Lent.az-ın diqqətli oxucuları qəhrəmanımızı yaxşı tanıyır. Daxili İşlər orqanlarında yüksək rütbədə olan xanım rəisimiz evinin qapısını bizlərə açacaq deyəndə tərəddüdü olanlar oldu. Amma inanın ki, ən çətini onu görənə kimidir. O gülər üzü insandakı bütün tərəddüdləri aparır.
Polis mundirini ən yüksək brend hesab edən xanım polkovnik-leytenant. Həqiqətən də mundir bir xanıma yalnız bu qədər yaraşa bilər. Mundirdə zabit zəhmini və xanım zərifliyini itirməyən rəisimizlə söhbətə başlayırıq.
Həmsöhbətimiz Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərovadır.
- Məryəm xanım, düz iki il öncə görüşmüşdük sizinlə. Yenidən sizi görmək çox xoş oldu. Bu iki il ərzində o qədər hadisələr oldu ki... Pandemiya, Azərbaycanın böyük Zəfəri. Necəsiniz sizi görməyəli?
- Xoş gəlmişsiniz. Bu iki ildə o qədər hadisələr baş verdi ki... Qürur duyduq, Fəxr etdik. Tariximizin zəfər qələbəsi – dünyada Azərbaycan adı, Azərbaycan gücü, Azərbaycan diplomatiyasının qələbə ili oldu. Ağır oldu, Vətən uğrunda ölməzlik qazandı yüzlərlə oğullar. Təki torpaqlar azad olsun deyə, onlar həyan oldu, sipər oldu xalqımızın əbədiliyinə...
Bu çətin və şərəfli tarixin içində pandemiya var idi. Hamı deyir ki, bu pandemiya nədir, nə pis oldu. Amma fikir versək görərik ki, əslində bu pandemiya bizə birliyi, görünməyən düşmənə qarşı mübarizəni öyrətdi. Bu mübarizə indi də davam edir. Dövlətimiz insan həyatını, sağlamlığını ali məqsədə çevirərək pandemiyanın ilk günlərindən müqavimət göstərdi. Məqsəd var idi. Yalnız o zaman məqsədə çatmaq olar ki, iradə var. Və bu iradənin olması, qəti tədbirlərin görülməsi nəticəsində ölkəmiz bu fəlakətin ağır nəticələrindən xilas oldu. Ancaq bu çətinliklər, sərt qapanmalar zamanı cəmiyyətdə ailələr birlik, həmrəylik nümayiş etdirdi. Görünən odur ki, bu birlik Vətənimizi xilas etdi.
Müşahidələr aparırdım. Bu müddət ərzində gündəlik xidməti tapşırıqlar, vəzifə öhdəliyi çərçivəsində işimin əsas hissəsi cəmiyyət və ailələrlə bağlı olduğuna görə, risk qrupuna daxil olan şəxslər üzərində nəzarət tədbirləri daha artırıldı. Nəticələr yaxşı oldu.
- Məryəm xanım, ailənizə necə təsir etdi pandemiya?
- Ailəmizdə yoluxma baş vermədi. Çünki müəyyən olunan normalara ciddi əməl edirik. Təmkinli davranırdıq. Çalışmaq, cəhd etmək insanı həmişə xilas edir. Pandemiya bizi birləşdirdi. Öz ailəmdən götürəcəm elə. Biz hamımız işdə olurduq, vaxt olmurdu deyə, bir süfrə arxasında oturub yemək yeyib, söhbət etməyə illərlə həsrət idik. Amma pandemiya müddətində hamımız bir süfrə arxasına toplaşa bildik.
Hələ onu deyim ki, ailə üzvlərim – həyat yoldaşım, övladlarım həmişə məndən soruşur: polis əməkdaşı kimi həmdə bu qədər məişət qayğılarının öhdəsindən necə gəlirsən? Bu sual ordan yaranırdı ki, pandemiya evin xanımının gün ərzində etdiyi işləri ortaya çıxardı.
Hər narahatlığın içərisində mütləq yaxşı nəsə var. O yaxşının tapılması insanda pozitiv əhval yaradır. Bu müddətdə infeksiyadan qorunmaq üçün insanlar təmizliklərinə riayət etməli olduqlarını öyrəndilər.
Keçmişdə belə bir vəziyyət olsaydı, karantin qaydaları tətbiq edilsəydi, çox çətin olardı. Amma indi biz doğmalarımızla görüşə bilməsək də onları görə bilirik. Texnologiyanın inkişafı buna imkan yaradır.
- Siz zabit olmaqla yanaşı həm də bir anasınız. Müharibəni necə yaşadınız? Zabit yoxsa, ana kimi?
- Bəzən kənardan belə düşünürlər ki, zabitlər soyuqqanlı olurlar. Amma bu kənardan belə görünür. Polis əməkdaşının soyuqqanlı olması hüquq tətbiq etmə fəaliyyətindən irəli gəlir. Döyüş əməliyyatların gedişində Bakı şəhər Baş Polis İdarəsi və ərazi polis orqanlarında yüzlərlə polis əməkdaşının övladları, qohumlarım müharibədə iştirak edirdi. Hər gün o insanların necə qürur duyduğunun şahidi olurdum. Kimsə kiməsə təskinlik vermirdi. Vətən adı olan yerdə bu ehtiyacı kimsə hiss etmirdi. 44 günlük Zəfər döyüşü, “Dəmir yumruq” əməliyyatında iştirak edən qəhrəman oğullar tarix yazdılar. İçimizdəki ideallar gerçək oldu. Müzəffər Ali Baş Komandanın qəti mövqeyi xalqımıza şərəf qazandırdı. Həmin vaxt DİN-in hərbi qulluqçuları da döyüş meydanında Silahlı Qüvvələrimizin tərkibində müharibədə qəhrəmanlıqlar göstərirdi. Onların sırasından şəhidlik zirvəsinə yüksələnlər, qazilər oldu.
- Necə xatırlayırsız?
- Həyəcanlı günlər idi. Fövqəladə vəziyyət rejiminə uyğun olaraq, polis ölkəmizdə elə bir xidmət apardırdı ki, onların hər biri 24 saat fədakarcasına əlində silah qətiyyət göstərirdi. Kimsə yorulmadı, kimsə bezmədi bu xidmətin ağırlığından...
Eyni zamanda itkilər, Gəncə, Bərdə, Tərtərdə digər rayonlarda dinc sakinlərin atəşə tutulması bizi sarsıtdı. Bəlkə də müharibə iştirakçılarından çox, (dərin bir köks ötürərək davam edir) kənarda olanlar daha həyəcanlı olur. Qələbə həyəcanı o qədər qürurlu idi ki, yüzlərlə polis döyüşdə iştirak etmək üçün müraciətlər ünvanlayırdı: “Döyüşmək istəyirəm, yerimi dəyişin, xahiş edirəm...”. Müraciətlərin ardı-arası kəsilmirdi. Hətta o müraciətlərin içərisində sıravı heyətlə yanaşı, yüksək rütbəli polis zabitləri, idarə və şöbə rəisləri var idi. Vətənpərvərlik təkcə vətəni sevmək deyil, bu, daha dərin bir hadisədir. Vətən Müharibəsində bu sevgini təkcə görmədik, yaşadıq.
- Polislər həmin günlər həm insanların sağlamlığı üçün karantin rejimini qoruyurdular, həm də müharibə zamanı döyüşməklə bərabər cəbhədən kənarda təxribatların qarşısını alırdılar...
- İnandırım sizi ki, polislər elə həvəslə işləyirdilər ki, o yorğunluğu artıq hiss etmirdilər. Hamı əlindən gəldiyi qədər çalışırdı. O qədər çox könüllü var idi ki... Bu xalqın birləşdiyi an idi. İnanın həmin günlər də mən də döyüşə getməyi qərara aldım. Amma işdə də, evdə də dedilər ki, biz kişilər hamımız gedəcəyik, qadınların getməsinə ehtiyac yoxdur.
Polislər o çətin günlərin yükünü çiyinlərində şərəflə daşıdılar. Polis sıralarına daxil olanda da biz o məsuliyyətin yükünü bilirdik, hər an müəyyən çətinliklərlə qarşılaşa bilərik. Polisin səngəri yoxdur, polis səngərsiz əsgərdir.
Necə ki, hərbiçilər işə girəndə əvvəlcədən bilirlər ki, nə vaxtsa müharibə olsa hər an hazır olmalıdırlar, şəhid də ola bilərlər, canlarından da keçməyə hazır olmalıdırlar, bax polislər də eynilə elə. Yəni bu bizim həm də vəzifə borcumuzdur, xalqa xidmət polisin həyat tərzidir.
- Bu peşənin məsuliyyətini hər dəfə müsahibələrinizdə sevgisi anlatmısız...
- Xidməti fəaliyyətim boyu ibrət yox, nümunə olmağa çalışmışam. Qorumuşam polis adını, polis andına etinasız yanaşmamışam. Polis təşkilatı elədir ki, həmişə ziddiyyət və maraqlar burda kəsişir. Niyə? Səbəblər çoxdur. Hüquq pozuntusuna məruz qalan şəxsin hüquqlarının bərpası olduqca məsuliyyətli peşə vərdişidir.
Yəni sual verilsə ki, başqa hansı sənəti seçərdiz? Allaha and olsun ki, yenə də polislik deyərəm. Artıq peşəmlə sağollaşan vaxtımdı, xudahafizləşməyə hazırlaşıram. Bu illər ərzində nələr yaşadım, nələr gördüm, yüzlərlə insan taleləri...
İnsanın formalaşmasında sosial mühitin rolu həmişə var. İnsanlar - mühit və tərbiyənin əsasında mövqe qazanır. Çünki müxtəlif xarakterli ictimai münasibətlərin tənzimləyicisi rolunda olan polis əməkdaşı dövürün çağırışları və tələbləri ilə ayaqlaşmağı bacarmalıdır. Fəxr edirəm ki, bu illər ərzində qarışma qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirməklə yanaşı, hansısa ailədə yaranan münaqişənin qarşısının alınmasında həm də bir insan kimi fədakarlıq göstərmişəm.
- Neçə ildir xidmətdəsiz?
- Mən 1985-ci ildə BDU-nun hüquq fakültəsini bitirən gündən, bu günə kimi polis orqanlarında fasiləsiz xidmət etmişəm.
- Polisliyinizin keçdiyi yol və hazır ki professionalizm sizi qane edirmi?
- Çox qane edir. Mən Sovet dövründə də işləmişəm milis kimi. Amma müstəqil Azərbaycanda xidmət tamamilə fərqlidi. Adicə bu gün bizim xidməti təşkil edib, icraya yönəldən peşəkarların işə yanaşmasında əsas tələb vətəndaş məmnunluğunun təmin edilməsi və şəffaflıqdır. Sovet milisində olan yanaşma kəskin fərqli idi. Ondan fərqli olaraq polisin fəaliyyəti milli maraqlarla uyğun olmaqla idarəetmə modelinin əsas tələbidir. Etiraf etməliyəm ki, sovet dönəmində bu qədər peşəkarlıq yox idi, vətəndaş yönümlü tədbirlər yox idi. Daha çox görünənlə mübarizə aparılırdı
İndi hər şey tamam fərqlidir. İndi hər bir polis əməkdaşı istəyir ki, vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təminatı diqqətdə saxlanılır. Artıq vətəndaş da bilir ki, polisin fəaliyyət sahəsinə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər istisnasız olaraq araşdırılır. Soruşurlar ki, vətəndaşın müraciətinə necə baxdız? Nə kömək göstərdiz? Hansı yardımı etdiz? İstəmirlər ki, hansısa neqativ hal olsun...
- Onda bəs...
- Təbii ki, cəmiyyət var olduqca cinayətlər, qanun pozuntuları da olacaq. Amma indi işimizi elə qururuq ki, mümkün qədər cinayətlər baş vermədən onların qarşısını alaq. Qabaqlayıcı tədbirlər, istənilən çağırışa dərhal və çevik reaksiya verilir. Və ən üstün tərəfi isə müraciətlə bağlı nəticə tələb olunur. Bizdə hər bir işdə deyirlər ki, qabaqlayıcı tədbirlər aparın. Qabaqlayıcı tədbirlərlə bir çox xoşagəlməz hadisənin qarşısını almışıq. Neçə-neçə ailələri faciələrdən, həbsxanaya düşməkdən xilas etmişik. Polis bunları söyləmirsə, bu o demək deyil ki, bunlar yoxdur. Fəaliyyətim boyu illərlə müqayisəsini aydın gördüyüm həqiqət odur ki, ildən-ilə polisə inam və etimad artır. Bu, ailələrlə aparılan profilaktik işlərdə hiss olunacaq dərəcədə yaxşılaşıb. Çünki elə mental dəyərlər var ki, heç bir ailə evində olan narahatlığı istəmir kənardan bilinsin. Elə bir dövrdə yaşayırıq ki, DİN-in sosial şəbəkə hesablarından vətəndaşlar açıq müraciətlər etməsi üçün imkanlar var. Sistem o qədər təkmil idarə olunur ki, polis əməkdaşına araşdırılması üçün daxil olan bütün müraciətlər diqqətdə saxlanılır.
- Məryəm xanım, polis vəzifəsi, mundir sanki vətəndaşla araya bir sədd qoyur. Siz necə, bunu hiss etmisiniz? Yəni, sizdən peşənizə görə çəkinən olubmu?
- Reallığı deyim ki, vaxtilə bizi polis mundirində görəndə insanlarda bu çəkinmə halı olub. Amma indi elə deyil. İnsanların çoxu polisi görəndə bir güvən hissi keçirir. Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla fasiləsiz olaraq, vətəndaş maraqlarının keşiyindədirsə burada səd qalmır. Sədin olması hüquq pozuntusuna meylli olan şəxsin daha çox davranışından asılıdır.
Polis haqqında təsəvvürlər həmişə sabit olmur. Əgər evdə övladının tərbiyəsi ilə məşğul olan şəxs uşağı polislə qorxutmağa çalışırsa... – Uşağın təsəvvüründə polis necə canlanacaq? Bununla o uşaqda polisə münasibət formalaşdırır. Təsadüf deyil ki, insanların həmişə haqlı görünmək vərdişi var. Polis tərəfindən hansısa formada barəsində inzibati tənbeh tədbiri görülürsə o mütləq gedib bunu hardasa danışır. Necə danışır? Bu nəql həmişə fərqli olur.
“Chanel kimi bir brendi də əyninə geyinsən, bunun qədər səni gözəl göstərməyəcək”
- Mundirinizi bir geyim olaraq sevdiyinizi bilirik. Bəs dizayn sizi qane edirmi, ya fərqli görmək istəyərdiz?
- Mundiri mən həqiqətən də çox sevmişəm. Sadəcə dildə söz olaraq demirəm. Mənə deyirlər ki, siz işgüzar xanımsız, təqaüdə çıxdıqdan sonra hardasa başqa işlə məşğul olarsız. Dedim ki, o qədər bu mundiri, paqonu sevmişəm ki, bunlarsız özümü başqa işdə təsəvvür etmirəm.
Mənim sevgimdir də bu. Bu formanı geyinməyi ömür boyu sevmişəm. Mən hər gün bu formadayam. Yəni dövlətin bizə verdiyi bir töhfədir bu. Bir var ki, səhər duranda adam fikirləşir ki, bu gün mən nə geyinim? Amma bizdə dövlət tərəfindən verilir. Həmçinin, geyindiyin forma da elə formadır ki, Chanel kimi bir brendi də əyninə geyinsən, bunun qədər səni gözəl göstərməyəcək.
Mənə şəxsən insanlar deyirlər ki, Məryəm xanım, sizə bu forma necə də gözəl yaraşır. Mən də deyirəm, vallah ona görə deyirəm, neçə ildir ki, bu formanın məsuliyyətini daşıyıram. Formamı sevdiyim üçün öz işimi sevirəm. Xidmət etməyi sevirəm. Yəni hər şey əlaqəlidir, bağlıdır. Sən hansınsa sevməsən, xidməti sevməyəcəksən, istəməyəcəksən. Bu forma heç bir zaman məni sıxmayıb, əksinə rahatlandırıb. Bu formaya kənardan da daima hörmət görmüşəm.
Qısa bir epizodu sizə deyim. 44 günlük müharibədə qələbə çalmışdıq. Dedim gedək idarəyə, tortlar alıb göndərim, bu qələbəni qeyd etmək lazımdır. Mağazaya girdik iş yoldaşımla. Hardasa 8-10 nəfər də var idi. Hamı kənara çəkildi. Dedilər ki, halal olsun zabitlərimizə. Növbəni bizə verdilər ki, birinci bizi yola salsınlar. Mən də yanımda olan həmkarıma deyirəm ki, gör nə qədər hörmətlə yanaşırlar, bizə qarşı necə rəğbət hissi var insanlarda. Yəni bizim də borcumuz odur ki, onların etimadını doğruldaq, onların rəğbətini qazanaq.
Mundiri artıq əyninə geyinəndə insanın cizgiləri də dəyişir. Biri var adi geyimdə danışırsan, gülürsən. Amma mundirdə artıq özünü ona uyğun aparmalısan, davranışların dəyişir. O mundir bizi o qədər tərbiyələndirib ki, Səbinə xanım. İnanırsınız, adi geyimdə də olsam artıq mundirdə olan kimi oluram. Təsəvvür edin, 1985-ci ildən geyinirəm...
İstəyərdim ki, bizim insanlar polis işləyən hər bir insanın əməyinə dəyər verə bilsin. Əlbəttə bütün sahələrdə olduğu kimi, çoxsaylı polis işçilərindən də təsadüfən kiminsə səhvi ola bilər. Bir nəfərin hərəkətinə görə bütün orqana ləkə vurmaq, ictimai qınaq yaradılması məni ən çox təəssüfləndirən haldır. Zatən nöqsan bağışlanmır. Nöqsana yol verən əməkdaşlar haqqında intizam tənbeh tədbirləri görülür.
Polis onun üçündür ki, siz bayram, istirahət edəndə onlar sizin rahatlığınızı təmin etsin. Bizim üçün bayram, istirahət anlayışı yoxdur. Hər zaman vəzifə borcunu yerinə yetirməliyik. Pandemiya dövründə 1 dəfə anamı görmüşəm. (Gözləri dolur) Artıq 1 ildən çoxdur ki, 85 yaşlı anamın ziyarətinə gedə bilmirəm. Hər dəfə zəng edəndə deyir ki, səsini eşitmək kifayətdir. O bizim işimizi çox gözəl başa düşür. İstəməz ki, bizi narahat etsin, biz gələk. Amma yəni görürsüz ki, mən öz doğma anama da öz qayğımı göstərə bilmirəm. Yəni işimə görə, insanlara xidmət etmək üçün. Polislik bu cür fədakarlıq tələb edir. İstəyirəm ki, kənardan bunları yaxşı başa düşsünlər.
Təhlükəsizliklə əlaqəli adamlar haqqında bütün təsəvvürlər bir sözdə – Vətən sözündə birləşir...
- Məryəm xanım, qadınlarımıza polis olmağı arzulayardız? Keçmişdə polis qadınla evlənməyə hamı cəsarət etmirdi...
- Mən möhkəm iradəli, polis olmaq niyyətində olan xanımlara arzulayırdım ki, seçsinlər bu peşəni. Hansı ki, hazırda belə xanımlar çoxdur. Əvvəlki milis deyil. Sovet milisi dövründə polis qadınlara kənardan baxmaq da, polislərin özlərinin də qadınlara baxmaq tərzi fərqli idi. Amma indi müstəqil Azərbaycanın polis orqanlarında sağlam komanda formalaşıb. Bu komanda kollektiv deyil, sanki möhkəm təməllər üzərində olan bir ailədir. Ən böyük tərbiyə elə bu duyğunu anlamaqdır, dərk etməkdir. Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir. Lakin təhlükəsizliklə əlaqəli adamlar haqqında bütün təsəvvürlər bir sözdə – Vətən sözündə birləşir.
O qədər istərdim ki, polis orqanlarında xidmət etmək arzunda olan gənclərimiz möhkəm təməllər üzərində olan polis ailəsinin üzvü olsunlar. Sıralarımızda mənəviyyatlı, güclü, ailədə qadın kimi, işdə işçi kimi, işgüzar xanımlarımız var ki, mən onlarla fəxr edirəm. Elə qadın yoxdur ki, deyim bu niyə tənbəldir, zəifdir. Çünki polis orqanında çalışmaq şüurlu seçimdir. Heç kimi məcburi polis olmur. Ulu öndər Heydər Əliyevin deyimi var: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”.
- Kitablarınız çoxdur. Bu kitabları övladlarınız da oxuyubmu?
- Kitablarımın çoxu elə tələbəlikdən qalıb. Nigar Rəfibəylinin, Bəxtiyar Vahabzadənin kitablarını daha çox alırdım. Tolstoyun, Gi De Mopassanın, Dostoyevskinin, Nizami Gəncəvinin və digərlərinin əsərləri var. Tələbəlikdə oxuyub təsirləndiyim kitablar sırasında V.Hüqonun “Səfillər” əsəri olub.
Uşaqlar balaca olanda onlarla birlikdə kitab oxuyurdum. Xüsusilə uşaqların tərbiyə olunması ilə bağlı kitablar alırdım. Kitabı oxuduqca uşaqlarla orada yazılanları müzakirə edirdik. Ailə başçısı kimi onlarla daim ünsiyyətdə olmuşuq, istəklərinə etinasız yanaşmamışıq. Qəbul edilən, öyünülən, nümunə kimi təlqin edilən tərbiyə üsullarından istifadə edilib. Övladlarımıza qarşı daha ciddi olmuşuq və normalar çərçivəsində elementar sadə qaydalara riayət etmələrini tələb etmişik.
Polis rəisinin xüsusi reseptləri. Xanımlar, diqqətlə oxuyun.
Polislə söhbətimizi yekunlaşdırıb, 59 yaşında bu qədər gözəl qala bilən və ev işlərində xüsusi qabiliyyəti olan bir xanımla danışmağa başlayırıq. Diqqətli olun, sizə bir-iki sirr də verəcəyik. Mətbəxdən gələn möhtəşəm yemək qoxusu bizi valeh edir. O yeməyin reseptini bizə verərmi görən? Söhbəti saxlayıb deyirik ki, zəhmət olmasa mundiri dəyişin, evin xanımı kimi çıxın qarşımıza, istəsəz makiyaj da edin. Gülüb bizdən ayrılır. Tez zamanda da qayıdır. Guya makiyaj edib, amma heç nə hiss olunmur. Amma bu sadə halı ilə də o qədər baxımlı görsənir ki, düzü qibtə etməyə bilmirsən. Amma sən demə sirri elə bəsit imiş ki... Bu barədə bir qədər sonra.
- İndi bu evin xanımı ilə söhbətə keçək. Neçə ildir burda yaşayırsız?
- 20 il əvvəl köçmüşük bu evə. Həyat yoldaşımla hər şeyi əziyyətlə, min zəhmətlə etdik. Yavaş-yavaş bu evi qurub yaratdıq. Keçmişi unuda bilmərəm. Çox əziyyət çəkdik. Amma o günlər də gözəl idi. Yaşamaq eşqi, qurub-yaratmaq həvəsi, insanın gələcəyi ilə əlaqəlidir.
Evimin təmizliyini də, pəncərələrimin silinməsini də, mətbəx işlərini də özüm edirəm... Bütün bunları edirəm və bu mənə xoşdur, zövq alıram.
- Bir az da mətbəx sirlərinizi bölüşərdiniz...
- Artıq uzun müddətdir ki, yeməklərimdə sarımsaqdan istifadə edirəm. Olduqca faydalıdır. Bütün infeksiyaları öldürür. İyinə görə adi formada yemək olmur. Ona görə də hər bişirdiyim yeməyə bir diş sarımsaq qatıram. Koronavirus pandemiyasından sonra evimizdə adi çay demək olar ki, içilmir. Biz ancaq bu qarışıqlardan hazırlanan çayı içirik. Onu da deyim ki, bizi koronadan qoruyan da elə bunlar oldu. Kəkotu, nanə, çökə, adi çay, mixək, bunların qarışığından olan çayı içmək də ləzzət edir.
- Nəsə bişirirsiz dəyəsən. Ətri çox xoş gəlir...
- Yeməklə bağlı elə bir sirrim yoxdur. Tipik olan, daha çox sevilən təamları hazırlayıram. Salat olaraq bu gün yeməyə “Sezar” hazırladım. Onun içində də toyuq əti var. Gərək bir yemək boyu ərzaqları qarışdırmayasan. Yeməyin birini qırmızı ətdən, digərini quş ətindən etmək sağlıq üçün doğru deyil. Yemək boyu bir cür ətdən istifadə etməyi tövsiyə edirəm. İndi mənim bugünkü menyumda quş əti var yalnız. “Sezar”ın “suxari”sinə kimi də özüm hazırlayıram. Bu daha keyfiyyətlidir.
- Maşallah heç yaşınızı göstərmirsiniz. Bunun xüsusi bir sirri varmı?
- Düzü mən heç cavan olanda da makiyajdan istifadə etməmişəm. Allah necə yaradıbsa eləcə də olmuşam. Qidalanmağıma diqqət edirəm. Sağlam qidalanma vacibdir. Az və təmiz, orqanik məhsullara üstünlük verirəm. Ən əsası isə idmandır. Hər gün səhər oyanan kimi ilk növbədə idman edirəm. Əgər bunu bir gün etməsəm, onda özümü çox yorğun hiss edirəm. Əvvəl elə bilirdim ki, bütün gün hərəkətdə olmaq, ev işləri etmək elə idmandır. Amma elə deyil. İdman mütləqdir. Xüsusi hərəkətlər var ki, onları etdikdə insan enerjili olur.
Söhbətimiz bitir. Getmək istəyəndə isə bir azərbaycanlı qonaqpərvərliyi ilə bizi süfrəyə dəvət edir. “Ay Məryəm xanım, biz iş başındayıq, artıq getməliyik desək də” “elə bilin bir qohum evindəsiz, buyurun süfrəyə sizə əllərimlə çay verməyim?”, - deyir. Düzü biz də polis zabitinin hazırladığı təamları maraq etdik. Bir dadlarına baxdıq. Bir sözlə möhtəşəm idi.
Bu zaman içəri əli bayraqlı iki yaşlı nəvə İsa daxil olur.
“Azərbaycandır” deyə ora –bura qaçır.
- Bu, nə demək istəyir?
- “Qarabağ Azərbaycandır” demək istəyir, əvvəlini deyə bilmir deyə sonuncunu deyir.
Lent.az-ın ekipi: Səbinə Əvəzqızı, Lamiyə Məmmədova, fotoqraf – İlkin Nəbiyev