Koko Şanel
05 may 2021 17:10 (UTC +04:00)

Koko Şanel

“Öpdürmək istədiyiniz yerə vurun” – 100 il əvvəl bu gün dünya onu tanıdı

“Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza”. Koko Şanelin sözləridir. O Koko Şanelin ki dünyaca məşhur “Time” jurnalı onu 20-ci əsrin ən önəmli 100 insanı siyahısına salmışdı. 
O Koko Şanel ki dünaynın dəb ikonası adlandırılırdı. 

O Koko Şanel ki düz 100 il bundan əvvəl, mayın 5-də  “Chanel №5” ətirlərini ilk də insanların ixtiyarına verdi, satışa çıxarıldı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. 

Kim idi axı bu Koko? Əsl adı Qabriyela idi. Koko adını sonradan çox sevdiyi “kokoriko” mahnısından götürüb. Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. 

1910-ci ildə Parisdə özünün geyim dükanını açır, burda əsasən şlyapalar satılırdı. İki il sonra isə “Şanel Moda evi”ni açır. Amma birinci dünya müharibəsi onun bu işini dayandırır. Müharibədən bir il sonra Evin fəaliyyətini bərpa edir. Bayaq dedik, 1921-ci ildə əfsanəvi, “Chanel № 5” ətri satışa çıxarılır. “№5” dünya ətir sənayesində bir inqilab idi. Sonrdan Koko deyəcəkdi: “Bu, bir gülün yox, bütün bağçanın ətridir”. 
Maraqlıdır ki, yaranmasından 1 əsr keçməsinə baxmayaraq “Şanel № 5” ətri hələ də dünyada ən çox satılan ətirdir. Bu gün dünyada hər 5 saniyədən bir bu ətrin bir flakonu satılır. 

Koko yazırdı: “Ətir vurmayan qadının gələcəyi yoxdur. Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. Onu öpdürmək istədiyiniz yerə vurun”. 

Onun həyatında bir neçə kişi olur. Amma Koko heç vaxt ailəli olmur. “Hər kişinin həyatında ancaq bir qadın olur - qalanları onun kölgəsidir”. Həm də belə deyirdi əfsanə. Mari-Dominik Löliev onun haqqındakı kitabında yazırdı: “Sevgilisi Etyen Balzan Kokoya eyni evdə yaşamağı təklif edir. Bir dəfə gecə yolda yeriyən sevgililər dilənçi ilə qarşılaşırlar. Koko dilənçini dərhal tanıyır. O, Kokonun atası idi, onu yetimxanaya atıb getdikdən sonra bir daha axtarıb maraqlanmayan atası… Koko bir anda Etyenə tərəf dönür ona pul verməsini deyir və onunla birlikdə yaşamağa razı olduğunu söyləyir”. Kokonun eşq macərası yaşadığı məşhur simalardan biri rejissor Lukino Viskonti olub. Viskonti homoseksual idi. Kokonun kişilərə meyl edən Viskontini özünə necə aşiq etdiyini indiyədək heç kim bilmir. Ona niyə “Ailə qurmamısan?” sualını verəndə belə cavab vermişdi: “Bu günə qədər dünyada bir çox Vestminister hersoqinyası olmuşdur, amma bu dünyada yalnız bir Şanel var”. 
“Bəzi insanların pulu var, bəzi insanlar isə varlıdır. Bu da onun sözləridir”. Onun həm pulu vardı, həm də varlıydı.
O, ikona idi. 
O, büt idi.
O, dəb Allahı idi. 
Ətir filosofu idi. 
O, Koko Şanel idi.

# 9504
avatar

Səbuhi Sədəf

Oxşar yazılar