Onların taleyindən hələ də xəbər yoxdur -  Ürək dağlayan rəqəmlər...
27 avqust 2021 15:01 (UTC +04:00)

Onların taleyindən hələ də xəbər yoxdur - Ürək dağlayan rəqəmlər...

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə onlar girov götürülüb və bir çox hallarda öldürülüblər. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.

Lent.az xəbər verir ki, beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da  Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq yerlə yeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb.

Amma təəssüf ki, bununla da bitmir. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən  36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülən minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Onu da əlavə edək ki, Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıq etmir. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır.

1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən Ermənistanın Azərbaycan xalqına qarşı belə hərbi cinayətlərindən biri ifşa edilmişdir. Əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya bölgədəki bütün səyyar radiostansiyalara təcili əmr verilmişdir ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın.  Məqsəd isə törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlətmək olmuşdur.

Bir sıra hallarda, Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülmüş ya da yoxa çıxarılmışdır. Məsələn, 1998 və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin, sonradan Ermənistan həmin 54 nəfərdən 17 nəfərini öldürərək, onların cəsədlərini qaytarmış, digərlərinin isə taleyi naməlum qalmışdır. 

Əsir-girovların hədə-qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur.

Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur.

Bu kontekstdə, Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.

Qeyd edək ki, Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülən insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” ilə bağlı iki ildən bir qətnamə qəbul edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9195
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar