Onlar həmin gün evlənmir, ölü basdırmır və ... – Bu dini qəbul etmək çox çətindir
15 avqust 2022 15:15 (UTC +04:00)

Onlar həmin gün evlənmir, ölü basdırmır və ... – Bu dini qəbul etmək çox çətindir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə 

Azərbaycanda yaşayan millətlərdən biri də öz qədim adət- ənənələrinə dərin ehtiramla yanaşan yəhudilərdir. Bu nəzəriyyəyə görə “yəhud” kəlməsinin mənası “Allaha tərəf qayıdanlar”dır. Digər bir nəzəriyyəyə əsasən “yəhud” kəlməsi “Yəhuza” kəlməsindən götürülüb və o, Həzrət Yəqubun  övladlarından birinin adıdır. Bakıda üç yəhudi icması -  dağ yəhudiləri, aşkinazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Azərbaycanda bütövlükdə 7 yəhudi icması var. Bütövlükdə ölkəmizdə yəhudilərin sayı 16 min nəfərdir. Bu gün sizə çox maraqlı yəhudi adət-ənənələri barədə məlumat vermək istəyirik.

Lent.az-ın müsahibi Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru, Yəhudi Dini İcmasının həmtəsisçisi Nəsimi Əbilovdur.

- Nəsimi bəy, İslamda kəlmeyi-şəhadəti dilə gətirən hər kəs müsəlman sayılır, amma yəhudilikdə istəyən kəs dini qəbul etmiş sayıla bilməz. Yəhudi olmaq nə deməkdir, dini qəbul etmək necə bir prosedurdur? Bu barədə danışmanızı istərdim.

- Yəhudilər   İbrahim peyğəmbəri  bütün peyğəmbərlərin atası olaraq qəbul edirlər. Yəhudi peyğəmbərləri içərisində ən yüksək məqam  Musa peyğəmbərə aiddir. Bu da onun Tanrı ilə münasibətlərinin ən yüksək mərtəbədə olmasından və Onunla əlaqə qurmasında heç bir vasitəyə ehtiyac duymamasından irəli gəlir.  İmranın oğlu olan Musanın soyu  Yaqub və  İshaq peyğəmbərlərin xətti  ilə  İbrahimə qədər çatır. Harun Musanın qardaşıdır.
Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan  qalaxadır. O qanun yaradan  Talmudun qərarları əsasında yaranıb. Qalaxaya görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb. “Giyur” sözü yəhudiliyin qəbulu deməkdir. Bu, bir ildən bir neçə ilə qədər davam edən dini prosedurdur. Buraya yəhudiliyin əsaslarının öyrənilməsi, Tövratın əmr və ayinlərinə riayət edilməsi, kişilər üçün - sünnət ayininin (brit mila) keçməsi daxildir. Dövrün son mərhələsi, şəxsin yəhudi kimi tanınıb-tanınmayacağına qərar verməli olan ravvin məhkəməsində müzakirə olunur. Cavab “bəli” olarsa, "mikveh"də ritual dəstəmaz alınır, bundan sonra "ger" (bu, "dönüş"dən keçmiş qeyri-yəhudinin adıdır) yəhudi olur və müvafiq sənədi alır. Bu prosses olduqca çətin sayılır. Burda əsas olan insanın tək yəhudilikdən geniş anlayışı olması deyil, həm də insanın qəlbinin yəhudiliyə bağlı olmasıdır. Buna görə yəhudiliyi qəbul prossesi çətin bir prosses sayilir və bu məhkəmədən az sayda insanlar keçə bilirlər.

- Məşhur Davud ulduzu barədə də danışaq. Ona bəzən Süleyman möhürü də deyilir və bayrağınızda rəsmi əks olunub. Hətta eşitdiyimə görə, bu simvol insanı şər qüvvələrdən qoruyur.

- Simvol "Davud Ulduzu" (Magen David) adı ilə tanınır. Həmin möhürün ilk dəfə Hz.Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir birinə keçmiş iki üçbucaqdan ibarət altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Yəhudi inancının ayrılmaz bir simvolu olan bu simvol İsrail xalqının dini və tarixi keçmişində oynadığı rollara görə, Sion ulduzu ya da Davudun ulduzu olaraq adlandırılmışdır. Əfsanəyə görə, "Goliat" adlı nəhəngə qarşı döyüşərkən, kiçik Davidi (Davudu) qoruyan qalxanın üzərində  altıbucaqlı bir simvol vardı. 

Çox köhnə İvrit əlifbasında isə Dalet hərfi Yunan əlifbasındakı "Delta" ya bənzəyən kiçik bir üçbucaq şəklində yazılırdı. İki "Dalet" in birləşməsi, yəni iki üçbucağın altıbucaqlı bir ulduz şəklində çəkilməsi Kral Davidin adını təmsil edirdi. 

- Yəhudilərdə yas mərasimləri necə keçirilir? Tanıdığım bir yəhudi ailə bizi şənbə günü yas mərasiminə dəvət edərkən, sizdə cümə axşamı olur, bizdə şənbə günü demişdi.

- Mərhumun qohumları, ilk növbədə, mərhumun dəfni və dəfn mərasimi ilə bağlı hər şeyə diqqət yetirir, həmçinin cəsədi anatomik yarılmadan qorumağa borcludurlar. Xüsusilə vacib bir səbəb olmadıqca, dəfn mərasimini səhərə qədər təxirə salmaq olmaz. Yasda olan, lakin hələ qohumunu dəfn etməyən insan saçını kəsdirə, yuya, kosmetikadan istifadə edə, rəsmi və ya mərasim süfrələrində iştirak edə, əylənə bilməz. Salamlaşanda “şalom” demir, ət yemir və şərab içmir, sənətkarlıq və ticarətlə məşğul olmur, ağır iş görmür. O, həmçinin bütün dua və bərəkətlərdən (hətta yemək üçün) və bəzi əmrlərə riayət etməkdən azaddır.Qəbir örtüldükdən sonra mərhumun qohumları yenidən xeyir-dua verməlidirlər. 

Dəfndən sonra yeddi gün yas saxlanılır və bu müddət ərzində müəyyən qaydalar tətbiq olunur.  Yas saxlanılan evdə güzgülər örtüklə örtülür, mərhumun canını tapşırdığı otaqda onun ruhuna yeddi gün şam yandırılır.

Yəhudilikdə yeddisindən sonra iyirmi üç gün də əlavə yas saxlanılır ki, bununla da bir ay tamamlanmış olur. Əgər mərhum ata, yaxud anadırsa, övladları on iki ay, yəni bir il yas saxlayırlar. Ənənəyə görə, yeddisindən sonra qəbirə başdaşı qoyulur. Bu, ailənin bütün üzvlərinin üzərinə düşən vəzifədir. Başdaşı sadə olmalı, insan, yaxud heyvan rəsmləri çəkilməməlidir. Qəbrin üzərinə əklil qoymaq da olmaz

Bununla belə, onlar öz kədərlərini ifadə edərkən həddi aşmamalıdırlar: üzlərini və bədənlərini xəsarət yetirməməli, saçlarını yolmamalı və s. 

Dəfn mərasiminin qaydası adətən Xevra Kadişin işçiləri tərəfindən izah edilir. Dəfn mərasimində iştirak edənlər Tehilimin 91-ci fəslini oxuyurlar: Dəfn zamanı sədəqə vermək adətdir. Qonşular və dostlar mərhumun  qohumlarının qayğısına qalmalı, dəfn mərasimindən sonra ilk nahar üçün onlara evlərindən yemək gətirməlidirlər. Çörək və ya yumru bulkalar və bərk qaynadılmış qabığı soyulmuş yumurta bişirmək adətdir: necə ki, onlar öz-özlüyündə qapalıdırlar, kədər içində olan insan da özündə qapanar; onların yuvarlaq forması, kədərin dünyada fırlandığını və bir insandan digərinə keçdiyini xatırladır. 

- Yəhudilikdə ailə bağları nə üçün müqəddəsləşdirilir?

- Yəhudilikdə ailənin yaradılması təkcə əməli ehtiyacların ödənilməsi yolu kimi deyil, həm də İlahi qədərin gerçəkləşməsi, insanın bütövlüyünü bərpa etməyə yönəlmiş İlahi əmrin yerinə yetirilməsi kimi başa düşülür. Üstəlik, Tövratda deyilir. “Onları kişi və qadın yaratdı və onlara İNSAN adını verdi”. Yəhudi müdrikləri burdan belə nəticəyə çıxarırlar ki, hələ ailə qurmayan sözün tam mənasında “insan” deyil. 

- Ənənəvi toy mərasimi necə keçirilir?

- Yəhudilərin nişanı Tnoim adlanır və hərfi mənada şərtlər deməkdir. Nişan kürəkən, gəlin və onların valideynləri arasında toy üçün son razılaşmanı qeyd edir. Bu müqavilə yazılı şəkildə təsdiqlənmək üçün qəbul edilir. Bundan əlavə, nişan zamanı toyun keçirilməsində və yeni evlənənlərin lazım olan hər şeylə təmin edilməsində valideynlərin maddi iştirak payı nəzərdə tutulur. Bir qayda olaraq, toyun təxmini tarixi də müəyyən edilir. Əgər sənəd yazılmayıbsa, o zaman bütün bu müqavilələr şifahi elan edilir. 

Toy mərasimi başlamazdan əvvəl gəlin və bəy Xupa - toy örtüyü altında dayanırlar. Xupa bəyin evinin simvoludur. Xupa altında ravvin rəhbərlik etdiyi bir nişan mərasimi "Kiduşin" həyata keçirilir. Bəy üzüyü gəlinin barmağına taxır və beləliklə, onun həyat yoldaşı sayılır. Eyni zamanda o deyir: “Budur, Musanın və İsrailin qanununa görə sən bu üzüklə mənə arvad kimi təqdim olundun”. Həmin andan gəlin ərinə məxsusdur. Sonra uca səslə Ktuba oxunur. Bu bəyin gəlinlə bağlı öhdəlikləri haqqında müqavilədir. Ktuba bəyin evlilik həyatı boyu üzərinə götürdüyü öhdəlikləri sadalayır, həmçinin ərin ölümü və ya boşanması halında maddi sığorta məbləğini təyin edir. Sonra Şeva Braxot, yeddi toy xeyir-duası oxunur və mərasimin sonunda bəy stəkan sındırır, çünki həyatın ən sevincli anlarında belə Məbədin dağıdılmasını və əsrlər boyu sürgün edildiyimizi xatırlamalıyıq. Xupadan sonra gəlin və bəy bir müddət xüsusi otaqda Xeder İhudda qalırlar. Bunun ardınca bayram ziyafəti verilir. Toydan sonra yeddi gün ərzində toyda iştirak etməyən yeni qonaqların dəvəti ilə bəy və gəlin üçün bayram süfrələri təşkil edilir.

- Yəhudilər başqa millətlərdən olan namizədlərlə evlənirlər?

- Yəhudi ailələrimizdə gizli bir qayda var, yəhudilər ancaq yəhudilərlə evlənirlər. Bunun bir çox səbəbi var, yəni, başqa xalqlara qarışmamaq, milləti qorumaq, valideynləri incitməmək, ailəni uzatmaq və Amma bu gün bu bir həqiqətdir ki, yəhudi nikahlarının 55%-dən çoxu qarışıq nikahlardır.

- Yəhudi ailələrində böyüklərə hörmət də ritual halını alıb.

- Bəli. Yəhudilərdə fərqli bir xüsusiyyəti var. Bu, böyüklərə, xüsusən də valideynlərə şübhəsiz hörmətdir. Valideynlər yer üzündə ən qiymətli və müqəddəs insanlardır. Gəncliyini, ömrünü bizə, uşaqlara həsr edib, onların qayğısı sayəsində hər birimiz şəxsiyyət oluruq. Məhz erkən uşaqlıqdan aşılanan bu keyfiyyət yəhudi uşaqlarına hər şeyə təkbaşına nail olmağa imkan verir və valideynlərinin çiynindən asılmır. 

- Bildiyimə görə, yəhudilərdə uşaqları cəzalandırmaq adəti yoxdur. 

- Yəhudi ailələrində qadağalar və cəzalar sistemi öz rəftarını öz xeyrinə düzəltmək bacarığı ilə əvəz olunur.

- Bir də şənbə gününə olan münasibətiniz barədə danışmanızı da istərdim.

- Şabat sözü hərfi mənada Şənbə kimi tərcümə olunur və istirahət, dincəlmək, dayanmaq mənasını verən ibrani kökünə qayıdır. Şabat gününə riayət etmək əmri Musanın Sinay dağında Tanrıdan aldığı on əmrdən biridir və buna görə də yəhudiliyin ən sərt dini qanunlarından biridir. Çünki altı gündə Rəbb göyləri və yeri, dənizi və onlarda olan hər şeyi yaratdı və yeddinci gün istirahət etdi. Buna görə də Rəbb Şənbə gününə xeyir-dua verdi və onu müqəddəs etdi.  Həftənin 5-ci günü axşam göydə 3 ulduz görsəndikdə insanlar bir-birilərinə “Şabat Şalom” deyərək, Şabat gününü salamlayırlar. 6-cı gün axşam göydə 3 ulduz görünəndə bu vaxtı yəhudilər bir-birilərinə “Şavua Tov” yəni yeni həftən xeyir deyirlər. Şabatdan sonra artıq yeni həftə başlayır. Şənbə günü öləni basdırmaq, evlənmək, intim münasibətlər qadağandır.

-Yəhudi bayramları haqqında da bir neçə kəlmə deyin.

- Yəhudilərin demək olar ki, bütün bayramları Tövratda qeyd olunub. Dünyəvi bayramlardan yalnız Müstəqillik Günü xüsusi qeyd olunur. Bütün yəhudi bayramları əyləncə ilə müşayiət olunmur. Yəhudilərin ən məşhur 11 dini bayramı var. 
Pesax - yazın əvvəlində qeyd olunur və 7 gün davam edir. Bu, yəhudilərin Misirdən çıxmasının bayramıdır, köləlikdən azad olmağı simvollaşdırır. Pesaxdan əvvəl evlərdə mayalı hər şey məhv edilir: turş çörək, peçenye, makaron, araq, pivə və s. 


Şavuot bayramı - Sinay dağında yəhudilərə Tövratın verilməsinin bayramıdır. Bayramın əsas adəti On Əmrə qulaq asmaqdır. 

Sukkot bayramında yəhudilər 7 gün dalbadal dam örtüyü Şalaş (budaq və ya saman) olan müvəqqəti yaşayış evlərində yaşamalı, orada yatmalı və yemək yeməli, Yaradanı sevinclə izzətləndirməlidirlər. Belə bir yaşayış yeri sukkah adlanır. 
Roş Haşana - Yeni il bayramıdır. 

Yeni ildən dərhal sonra Yom Kippur (Kəffarə Günü) ilə bitən 10 günlük tövbə gəlir. Tövrata görə, Yom Kippurda insanların gələcək il üçün müəyyən edilmiş taleyi qüvvəyə minir. 

Roş Xodeş - hər ayın yeni aya təsadüf edən ilk günü qeyd olunur. 

Purim fars padşahı Artakserksin dövründə yəhudilərin məhv olmaqdan qurtuluşunu və yəhudi xalqını qovmaq arzusunda olan pis Haman üzərində qələbəni simvolizə edən əyləncə bayramıdır. Purimdə çox əylənmək və hətta spirtli içki qəbul etmək adətdir. 

Hanukka adətən dekabrın əvvəlində qeyd olunur. Bu, işığın qaranlığa, mənəviyyatın isə materializm üzərində qələbəsini simvolizə edən şamların yandırılması bayramıdır. 

Tu Be Av  bayramı  "Sevgi günü" adlanır. Rəvayətə görə, bu tarixdə subay qızlar üzüm bağlarına rəqs etməyə, azad gənclər isə özlərinə gəlin seçmək üçün ora gedirdilər. 

Laq Ba Omer  bayramını yəhudilər piknik, ox atma və tonqal yandırmaqla qeyd edirlər. 

- Yəhudilərdə Yaradanın adları necədir?

- Tanrı, Rəbb, Adonay, Elahim, Haşem, Savaof, Şxina və s.

Yazı MEDİA-nın maliyyə yardımı ilə dərc olunur
 

# 10827
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar