Beyin əməliyyatından sonra komada qalan bir kişi yaşadıqlarını bölüşərək böyük maraq doğurub. O, bir neçə gün süni yuxuda saxlanıldığını, bəzən qismən ayılırmış kimi olduğunu, həkimlərin səsini eşitsə də, hərəkət edə və danışa bilmədiyini bildirib. Ayıldıqdan sonra isə uzun müddət real xatirələrlə xəyalları ayırd etməkdə çətinlik çəkib. Onu bir neçə həftə davam edən qəribə yuxular, həmçinin zəif qısa müddətli yaddaş müşayiət edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamadan sonra sosial şəbəkələrdə digər insanlar da oxşar təcrübələrini bölüşüblər.
Bir nəfər yük maşını tərəfindən vurulduqdan sonra iki aya yaxın komada qaldığını, oyananda əzələ atrofiyası səbəbindən hərəkət etməkdə çətinlik çəkdiyini deyib. O, həmin müddətdə gördüyü qorxunc yuxular üzündən yatmaqdan çəkinib.
Başqa bir şəxs ağır astma tutmasından sonra iki həftə komada olub. Ketanin və fentanil təsiri altında gerçəkliklə xəyallar qarışıb. O, qəza keçirdiyinə, anasının öldüyünə və yaxınlarına mesaj yazdığına inanıb, lakin sonradan bunların hamısının təsəvvür olduğunu öyrənib.
Digər hadisədə isə güclü zəhərlənmə səbəbindən xəstə altı gün süni komada saxlanılıb. Oyananda həyatda baş verən bir çox hadisəni qaçırdığını öyrənib. Yaxınları onun yanında olub, gözlədiyi futbol oyunu isə artıq başa çatıb. Onun ilk hissləri güclü baş ağrısı, təəccüb və qəribə iştahsız aclıq olub.
Mütəxəssislər bildirirlər ki, koma zamanı yaşanan təcrübələr tam fərqli olur: bəziləri heç nə xatırlamır, bəziləri isə real hadisələrlə qarışan son dərəcə parlaq və qorxulu yuxular görür