Bir müddət öncə deputat Qənirə Paşayeva, dünən Əməkdaqr artist Aygün Bəylərlə bağlı qara xəbər yayılanda eyni ssenari yaşandı.
Bununla neçənci dəfədir, bir məşhur adam vəfat edir və ölkədə "ölüb, ölməyib" müzakirəsi başlayır.
Məşhurun ölüm xəbəri yayılır, rəsmi qurub təkzib edir, 6-7 saat keçəndən sonra öz təkzibini təkzib edib ölüm faktını təsdiqlənir. Məsələ təkcə ölüm xəbəri ilə də bağlı deyil. Hər hansı hadisə baş verir, bunu cəmiyyətdə balaca uşaqlar da biləndən sonra rəsmi qurum gecdən gecə təsdiqləyir. Hindistan polisi kimi hadisə başa çatandan sonra mətbuat xidmətləri məlumat yayırlar.
Xəbəri təkzib etmək, 6-7 saat, bir gün gec açıqlamaq nəyə lazımdır, nə məqsəd daşıyır? Niyə hər dəfə belə olmalıdır? O qədər cani dildən təkzib verirlər ki, xəbəri ilk yayan mənbə sonradan təkzib edir, daha sonra isə təsdiqləyir. Ara yerdə media gözdən düşür, jurnalistlər söyülür. Bu xəbər kirliliyi, daha doğrusu xəbərsizlik nə məqsəd daşıyır? İnternet əsrində yaşayırıq, hamının əlində telefon, dünyanın hər yerindən xəbər tuta bilirik. Baş vermiş hadisənin sosial şəbəkələrdə çox zaman görüntüsünü belə çəkib yayırlar, qurumlar isə inadla susur, inadla həqiqəti gizlədir. Bu onlara olan inamı itirmirmi? İtirir.
Keçmişdə sultanlar, krallar öləndə bu xəbər bir neçə gün gizlədilərdi ki, uzaqda olan vəliəhd gəlib taxta otursun, düşmən ölkəyə ayaqlanmasın, xalq başsız, başçısız qaldığını düşünüb vəlvələyə düşməsin. Bunu haradasa indiki dövrdə də anlamaq olar. Amma indi söhbət dövlət maraqlarından getmir.
Süni nəfəs aparatına qoşulan Aygün Bəylər ilə danışan həkim özünü Şeyx Nəsrullah hesab edir? Həkimlərə hərdən bir xəstələri ruhlandırmaq üçün “pənbə” yalan danışmağa icazə verilir, amma ağ yalan danışmaq olmaz axı.
Çox ağır şəkildə Ankaraya aparılan ağır xəstə üçün “gəzməyə gedib” deməyin adı nədir? 2-3 saat sonra ortaya çıxacaq gerçəyi belə qəribə yalanın arxasında gizlətmək nə məqsəd daşıyır, nəyə xidmət edir? Biz anlamırıq, deyin bilək.
Media xəbəri tez və dəqiq şəkildə yaymaq vəzifəsi daşıyır, onu qınamaq olmaz. Rəsmi qurum olmuşu olmamış, ölmüşü ölməmiş kimi göstərməyə məsuldur?