Niyyət yeri, ilanların qarğışı, sirli zəncir:  O, Fələstindən Beyləqana niyə gəlmişdi? - VIDEO
18 noyabr 2021 20:15 (UTC +04:00)

Niyyət yeri, ilanların qarğışı, sirli zəncir: O, Fələstindən Beyləqana niyə gəlmişdi? - VIDEO

Hərdən turizm şirkətlərinin elanlarında rast gəlmək olur: “Beyləqan rayonuna peyğəmbərin qəbrinə ziyarət turu təşkil olunur”.  Qiyməti, tura nələrin daxil olduğu da aydın şəkildə yazılır. Yolçular - bəlkə zəvvarlar adlandıraq? -  270 km yol gedib onun qəbrinə ziyarət edir, nəzirlərini verirlər. Hə, bir də ziyarət yerindəki zəncirə yaylıq atıb niyyət edirlər. O yaylıq zəncirə ilişib qalarsa, yellənərsə, ziyarətləri qəbul olunur demək. Əks halda…

Əslində, əksini düşünmək də lazım deyil. Nə niyyət tutublarsa, nə niyyətə gəliblərsə, qoy Allah qəbul eləsin, Allahın elçisi. Azərbaycanda və müsəlman dünyasında  hamının Cərcis peyğəmbər, avropalıların isə Corcius kimi tanıdığı bu şəxsin qəbri Beyləqanda yerləşir. Rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Şəfəq qəsəbəsində. İndi belə adlanan qəsəbədə ilkin yaşayış XIX əsrə təsadüf edir. Amma qəbrin, orada dəfn olunduğu iddia edilən şəxsin buralara gəlişi isə, çox uzaqlara gedib çıxır: Düz, eramızın əvvəllərinə. Bəs, İslamın hələ yaranıb formalaşmadığı bir vaxtda bu nə peyğəmbərdi, kimdi gəlib çıxıb bu yerlərə? Niyə Azərbaycandan, Dağıstandan, Gürcüstandan axın-axın müsəlman bura ziyarət gəlir?

Tarixi mənbələrə görə, o, yunan əsilli olub. Dini rəvayətlərdə onun İsa Peyğəmbərin həvarilərindən birinin şagirdi olduğu və təktanrılığı təbliğ etdiyi bildirilir. Onun adı yunan mənbələrində “Corcios” kimi göstərilir. Başqa bir rəvayətə görə, “Cərcis” sözünün mənası farscadan ifadədə “Cahar cur”, yəni dörd dəfə ölüb dirilən mənasını verir. Bir rəvayətdə isə deyilir ki, həzrəti  Cərcis Fələstində yaşayıb. Bir müddət sonra isə Mosula köçüb. Həmin vaxt Mosulda bütlərə inanan zalım bir padşah hökmranlıq edirmiş. Amma Cərcis camaatı bütlərdən döndərib tək olan Allaha  doğru çağırmağa başlayıb. Bundan qəzəblənən padşah onu öldürmək üçün ən ağır işgəncələrə məruz qoyur. Peyğəmbər dörd dəfə ölümcül işgəncə altına düşür: Onu qaynar yağın içinə atırlar, odda yandırır, başına mismar vururlar. Amma hər dəfə Allah onu dirildir.
Hə, bu bir rəvayət təbii...
 
Bəs o, Azərbaycana, Mil düzünə necə gəlib çıxa bilərdi?

Öncə bir məqamı qeyd edək ki, adıgedən ziyarətgahın əsası təxminən 300 il əvvəl qoyulub. Amma Cərcis peyğəmbərin təxminən eramızın 3-4-cü əsrlərində yaşadığı bildirilir. Bir rəvayətə görə, Fələstindən yola çıxan Cərcis və ya Corcius xristianlığı təbliğ edərək indiki Suriya ərazisinə gəlir. Oradan isə emissar kimi indiki İran ərazisinə, daha sonra da müasir Beyləqanın yerləşdiyi Mil düzünə gəlib çıxır.

Peyğəmbərin Beyləqanda 15-20 ilə yaxın ömür sürdüyü deyilir. Ümumiyyətlə, Beyləqan onun məskunlaşdığı son yer olur. Burada qalmağı da səbəbsiz deyildi. Söhbət ondan gedir ki,  orta əsrlərdə Beyləqan şəhəri böyük və ticarətin inkişaf etdiyi şəhərlərdən idi. O, məhz burada təktanrılığı yaymaq üçün əlverişli imkan əldə etmişdi. Amma o zamanlarda bu yerlərdə atəşpərəstlik hökmran din olub. Cərcisin təktanrılığı yayması yerli kahinləri qəzəbinə tuş gəlmişdi. Onu təqib edirlər. Nəhayət, indiki ziyarət yerləşən yerdə qətlə yetirib basdırırlar. Və illər keçir, bura ziyarət yerinə çevrilir. Çünki o yerdə müqəddəs biri dəfn edilmişdi... 

***

Ateizmin hökm sürdüyü sovet dönəmində bütün müqəddəs ocaqlar kimi bu ziyarətgah da qapadılmışdı. Bu ziyarətgah-türbədən anbar kimi istifadə edirmişlər. Həmkarımız Şəfəq xanım deyir ki, məktəbli olarkən onları mövsüm vaxtı pambıq yığmağa səfərbər edirmişlər. “Bizim məktəbi bəzən 5 nömrəli sovxozun sahələrinə aparırdılar. Sahələrin biri də Cərcis peyğəmbərin türbəsinə yaxın yerdəydi. Tarix müəllimimiz cin-şeytan yuvası deyib, türbəylə bağlı bizə o qədər qorxulu, qara-qura sözlər, əhvalatlar danışırdı ki, o səmtə baxmaqdan da qorxurduq”. 

Amma getdikcə sonsuz maraq bu qorxulara üstün gəlirdi. Axı uşaqlar qadağan olunmuş şeylərə daha çox can atırlar. 

“Maraq içimizdə cücərib boy atmağa başlayanda həndəvərinə yaxın getməyə başladıq. Sonra arada qaçıb türbəyə yaxınlaşırdıq, dörd dövrəsini dolanırdıq. Amma içəri girməyə ürək eləmirdik. Elə bilirdik, içəri keçsək, nağıllarda olan təki, qeybdən bir əl uzanıb bizi qaranlığa çəkəcək. Pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqlara keçirilmiş, illər uzunu üst-üstə bağlandığından düyün düşmüş, rəngi solub-soluxmuş parça qırıqları bizə o tikilinin içində qorxuların, vahimənin yaşadığı nağıllar aləmini xatırladırdı. Əlimizi barmaqlıqlardan içəri salıb, illərin toz-torpağından çirk basmış xırdaca, dördkünc şüşələri silərək içərini görməyə cəhd edirdik. Nə qədər silib-təmizləsək də cəhdimiz boşa çıxırdı. O tərəf qaranlığa qərq olmuşdu, heç nə görünmürdü. Amma bir yeniyetmə sövqi-təbii ilə duyurduq ki, pəncərədən o tayda sirli-sovlu bir həyat var. Biz o həyatı qorxa-qorxa, həm də acgöz bir maraqla seyr etmək intizarındaydıq”. 
 
Bu ziyarətgahla bağlı bir əhvalat danışırlar bizə. Deyilənə görə, bu məkanı bir neçə dəfə söküb-dağıtmaq istəyiblər. Hər dəfəsində qəfil nələrsə baş verib.  Bir dəfə də sökmək istəyəndə, orada xeyli sayda ilan peyda olub. Hətta bir dəfə bir ekskavatorçunu belə ilan sancıb öldürüb. Bundan sonra buranın sökülməsi barədə ümumiyyətlə heç fikirləşməyib. Müstəqillikdən sonra isə ziyarətgah zəvvarların üzünə açılıb. Niyyət tutub gələnlər, nəzir-niyaz verənlər torpaqda uyuyan müqəddəsin ilahi şəxs olduğuna sidq-ürəklə inanırlar. Hə, bir də bilirsinizmi nəyə inanırlar? Yaylığı o zəncirə keçirə biləcəklərmi?

Elə inanc yeri olan o zəncirdən danışaq.

Ziyarətgahda ilk diqqət çəkən taxta və şüşə çərçivəyə alınmış Peyğəmbərin qəbri və yuxarıdan-günbəzin tən ortasından asılmış uzun zəncirdir. Zəvvarlar əvvəlcə dua edə-edə qəbrin ətrafına dolanır və sonra yuxarıdan asılan həmin zəncirə yaylıq atırlar. İnanclara görə, zəncir yaylığı tutub saxlayarsa, arzun həyata keçər. Burada diqqət çəkən sirli bir məqam var. Heç çəkisi olmayan bu yaylıq zəncirə doğru atılar -atılmaz, o, qəribə şəkildə tərpənməyə başlayır.  Bu da inanclı olan insanlar tərəfindən sevinclə qarşılanır. Sonra isə ziyarətçilər nəzərdə tutulmuş yerə nəzirlərini də atıb bayıra çıxırlar.

*** 
 
Deyilənə görə, ötən əsrin əvvəllərində ziyarətgahın üzərində günbəz tikmək üçün Təbrizdən bura usta gətiriblər. Ustalar günbəzi ərsəyə gətirirlər, ziyarətgahı tam təmir edirlər. Və sonucda məscidin içərisində,  günbəzin ortasından zəncir asırlar. Ustalar bundan sonra Təbrizə çıxıb gedirlər. Amma bu zəncirin ora niyə asıldığı sirri-xuda olaraq qalır. Kimi deyir, zəncir lampa asmaq, kimisi də deyir ki, papaq atmaq üçündür. Bu haqda zamanla müxtəlif fərziyyələr deyilib. Sonradan belə bir nəticəyə gəlirlər ki, bu zəncir niyyət üçündür. Zəncir hazırda xalq arasında inanc mənbəyi kimi fəaliyyət göstərir.
Göründüyü kimi bu zəncirin İslama heç bir dəxli yoxdu. Sadəcə müqəddəs yer olduğundan, zəncir də inanca çevrilib.

***

Bir dəfə bu ziyarətgah barədə Beyləqanda yaşayan qohumlarla söhbət edirdim. Tarixə, daha doğrusu, bir qədər elmi əsaslara baş vuranda hamısı birdən dilləndi: “Şəkk eləmə!”. Və ardınca da çeşid-çeşid misallar:

Qonşunun uşağı olmurdu, üç dəfə ziyarətdən sonra əkizləri dünyaya gəldi”;

“Aparmadıqları yer qalmamışdı, qurban olduğumuzun üstünə getdi, dirildi;
  
“İmtahandan qabaq zəncirə yaylıq atdı əmim qızı, o dəqiqə bildik ki, artıq tələbədir”. 

Mənim sakitcə qulaq asmaqdan başqa əlacım yox idi. Və həm də inanclarına hörmət etməyə borclu idim. Çünki başqa əlac da yox idi!

# 9129
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar