Nəsir İmanquliyevin 110 illiyi keçirildi
22 dekabr 2021 18:57 (UTC +04:00)

Nəsir İmanquliyevin 110 illiyi keçirildi

Jurnalist, pedaqoq, alim Nəsir İmanquliyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Mətbuat Şurasında (MŞ) ustad sənətkarla bağlı anım tədbiri keçirilib.

Mətbuat Şurasından Lent.az-a bildirilib ki, toplantı iştirakçılarının bir qrupu əvvəlcə II Fəxri Xiyabanda N.İmanquliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan milli mətbuatında və publisistikasında Həsən bəy Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli ənənələrinin davamçısı olmaqla yanaşı, özünəməxsus parlaq ziyalı obrazı yaratmış şəxsiyyətdir. Onun həyat və yaradıcılığı jurnalist peşəkarlığı ilə ziyalı cəsarəti və mərdliyinin bənzərsiz və təkrarsız nümunəsidir. “Nəsir müəllimin ömür yoluna diqqət yetirən zaman, onun haqqında söylənilən fikirləri oxuduqca düşünürsən ki, bir adam necə bu qədər geniş fəaliyyət diapazonuna malik ola bilərdi? Hesab edirəm ki, bunu yalnız və yalnız Vətənini, xalqını sidq ürəklə sevən insan bacarardı. Nəsir müəllim əməli ilə xalqını sevməyin son dərəcə böyük örnəyi idi və örnək kimi də qalacaq. Onun ana dilimizə qarşı basqılara mətanətlə sinə gərməsi, inadkarlığı, mərdliyi heyrət doğurur. Bildiyiniz kimi, o zaman “Yeni yol” qəzeti nəşr olunurdu. O qəzetdə Azərbaycan dili, milli kimlik məsələlələri qabardılırdı. Sovet sistemi buna qarşı çıxaraq nəşrin fəaliyyətini dayandırdı. Həmin vaxt Nəsir müəllim Azərbaycan rəhbərliyinə, şəxsən Mircəfər Bağırova etiraz məktubu ünvanladı”, - deyən Ə.Amaşov həmçinin bildirib ki, N.İmanquliyevin jurnalistlik fəaliyyətində “Bakı” və “Baku” axşam qəzetləri müstəsna önəm daşıyıb.

Ustad qələm sahibinin qurucusu olduğu və 30 il redaktorluq etdiyi bu nəşrlər Azərbaycan jurnalistikasına yeni ahəng və ruh gətirib. MŞ sədri çıxışında eyni zamanda N.İmanquliyevi tələbələrin sevimlisi olan tələbkar pedaqoq, qayğıkeş müəllim kimi xarakterizə edən cəhətlərdən də söz açıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılov özünün jurnalist kimi formalaşmasında Nəsir İmanquliyevin böyük rolunun olduğunu vurğulayıb. O bildirib ki, Nəsir müəllim tələbkarlığı ilə redaksiyanı nizamda saxlamaq qabiliyyətinə malik idi. Redaksiyada yaradıcı mühit, böyük məsuliyyət formalaşdırırdı. Tənqidlə ictimai əhəmiyyət daşıyan məsələlərə sanki nəfəs verirdi: “Biz gənc jurnalistlər Nəsir müəllimin məsləhətləri sayəsində yazdığımız yazıların doğurduğu reaksiyadan onun necə düzgün istiqamət müəyyənləşdirdiyini hiss edirdik və bu bizi ruhlandırırdı”.

“Milli jurnalistikamızda “Molla Nəsrəddin”, “Füyuzat” məktəbi olduğu kimi “Bakı” məktəbi də var. Bu məktəb Nəsir İmanquliyevin məktəbidir ”, - deyən filologiya elmləri namizədi, jurnalist və publisist, Nəsir İmanquliyev irsinin tədqiqatçısı Şərəf Cəlilli vurğulayıb ki, ustad jurnalist tarixi özünün həyatı ilə yaradan və yaşadan simadır.

“Türkoloji qurultayın Bakıda keçirilməsindən sonra respublikaya təzyiqlər başlamışdı. Bu basqılara qarşı Nəsir İmanquliyev mübarizə aparırdı. “Yeni yol” qəzeti bağlandıqdan sonra Bakıda Mircəfər Bağırova, Moskvada isə Stalinə etiraz məktubu göndərmişdi. Bu cəsur və qorxmaz hərəkətləri ilə həyatını təhlükəyə atmışdı. Böyük Vətən Müharibəsi illərində cəbhəyə yollanmış və “Döyüşən Krım” qəzetində mühüm fəaliyyət yolu keçmişdi. Həmin qəzetdə sonradan Azərbaycan ədəbi mühitində öz sözünü demiş böyük simalar çalışırdılar. Nəşr cəbhədə döyüşən azərbaycanlılar arasında böyük populyarlıq əldə etmişdi. Müharibədən sonra Nəsir müəllim “Kommunist” qəzetinə gəldi. Burada fəaliyyətini davam etdirdi”, - deyən Ş.Cəlilli vurğulayıb ki, “Bakı” və “Baku” axşam qəzetləri ilə Nəsir İmanquliyev yaradıcılıq yolunda zirvəyə yüksəldi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar