Naxçıvan Muxtar Resublikasının Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib.
Dövlət Vergi Xidmətindən Lent.az-a verilən xəbərə görə, Naxçıvan MR-nın Ali Məclisi sədrinin birinci müavini, sədr səlahiyyətlərini icra edən Azər Zeynalovun sərəncamı ilə Abbas İsmayılov yeni rəis təyin olunub.
Təqdimad mərasimində iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar. Qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatlar biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsinə hədəflənib. Bu baxımdan, vergi inzibatçılığı və idarəçiliyi sahəsində ciddi dəyişikliklər aparılır, vergi nəzarəti mexanizmləri təkmilləşdirilir və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın tətbiqi genişləndirilir, iqtisadi artımın bərpası üçün vergi təşviq alətlərindən geniş istifadə edilir. Həyata keçirilən vergi siyasəti “kölgə iqtisadiyyatı”nın miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına, iqtisadiyyatda şəffaflığın artmasına imkan yaradır.
Diqqətə çatdırılıb ki, dövlətin fiskal siyasətini həyata keçirən orqanlar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin koordinasiyalı fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu baxımdan metodiki köməkliyin göstərilməsi təmin edilməli, hüquqi münasibətlərinin tənzimlənməsində, fiskal siyasətin həyata keçirilməsində vahid yanaşmanın tətbiqi, həmçinin müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlər qarşılıqlı olaraq həyata keçirilməlidir. Fəaliyyətin bu cür qurulmasının vergi orqanlarının qarşısında duran vəzifələrin daha çevik, şəffaf və sistemli şəkildə icrasına müsbət təsir göstərəcəyi, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrasına uyğun hədəflərə nail olunacağı vurğulanıb.
Abbas İsmayılov yüksək etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.